.46.
əl-Əhqaf (Qumsal təpələr) surəsi
(Məkkədə nazil olmuşdur, 35 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Ha, Mim!
-
Kitabın (Qur’anın) nazil edilməsi yenilməz qüvvət sahibi, hikmət sahibi
Allah tərəfindəndir!
-
Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və (qiyamət
günü sona çatacaq) müəyyən bir müddət üçün yaratdıq. Kafirlərin
qorxudulduqları şeylərdən (qiyamətdən, imana də’vət edən öyüd-nəsihətdən) üz
döndərdilər.
-
(Ya Peyğəmbər! Bu müşriklərə) de: “Mənə bir xəbər verin görüm, sizin
Allahdan başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və ona bənzər
şeylərdən) nə yaratmışlar?! Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi
var?! Əgər doğru deyirsinizsə, (dediyinizi sübut etmək üçün) mənə bundan (bu
Qur’andan) əvvəl (Allahdan sizə nazil olmuş) bir kitab, yaxud (əvvəlki
peyğəmbərlərdən, ümmətlərdən sizə gəlib çatmış) elmdən qalan bir şey (əsər)
gətirin!
-
Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən
kimsədən daha çox (haqq yoldan) azmış kim ola bilər?! Halbuki bunlar (bu
bütlər) onların (bütpərəstlərin) ibadətindən xəbərsizdirlər!
-
İnsanlar məhşərə toplanacaqları zaman bunlar (bu bütlər) onlara (müşriklərə)
düşmən olacaq və onların ibadətini inkar edəcəklər.
-
Ayələrimiz onlara açıq-aydın olaraq oxunduqda (və ya: açıq-aydın ayələrimiz
onlara söylənildikdə) kafirlər özlərinə gələn (Qur’an) barəsində: “Bu, aşkar
bir sehrdir!” – deyirlər.
-
Yoxsa onlar: “(Muhəmməd) onu (özündən) uydurmuşdur!” – deyirlər. (Ya
Peyğəmbər!) De: “Əgər mən onu (özümdən) uydurmuşamsa, siz məni Allahdan
(Allahın əzabından) qurtara bilməzsiniz. O sizin (Qur’an) barəsindəki
dedi-qodularınızı daha yaxşı bilir. Mənimlə sizin aranızda Onun şahid olması
kifayətdir. O, bağışlayandır, rəhm edəndir!”
-
De: “Mən peyğəmbərlərin birincisi deyiləm. (Rəbbimin) mənimlə və sizinlə nə
edəcəyini bilmirəm (başqa peyğəmbərlər kimi şəhid olacağımı, ölkəmdən
qovulacağımı, yaxud küfrə davam etdiyiniz təqdirdə sizə nə cəza
veriləcəyini, hansı fəlakətlərə uğrayacağınızı deyə bilmərəm, çünki qeybi
ancaq Allah bilir). Mən yalnız mənə vəhy olunana tabe oluram. Mən ancaq
(sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!”
-
De: “Bir deyin görək, əgər (bu Qur’an) Allah dərgahından olsa, siz onu inkar
etsəniz, İsrail oğullarından da bir şahid (Qur’anın həqiqiliyinə) onun özü
kimisi (Tövrat) ilə şəhadət verib iman gətirsə və siz (yenə ona qarşı)
təkəbbür göstərsəniz (zalım olmazsınızmı)? Allah zalımları doğru yola
müvəffəq etməz!”
-
Kafir olanlar iman gətirənlər barəsində deyirlər: “Əgər (Qur’an, islam dini)
yaxşı bir şey olsaydı, (mö’minlər) bu işdə bizdən qabağa düşə bilməzdilər
(biz onlardan daha əvvəl) iman gətirərdik. Onlar (Qur’anla) doğru yola
gəlmədikləri üçün: “Bu, köhnə yalandır!” – deyəcəklər.
-
Ondan (Qur’andan) əvvəl Musanın (İsrail oğullarına, mö’minlərə) rəhbər və
mərhəmət olan kitabı (Tövrat) var idi. Bu (Qur’an özündən əvvəlki ilahi
kitabları) ərəb dilində təsdiq edən, zalımları (Allahın əzabı ilə) qorxutmaq
və yaxşı əməl sahiblərinə (Cənnətlə) müjdə vermək üçün olan bir Kitabdır!
-
Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyənlərin, sonra da (sözünün üstündə)
möhkəm duranların (qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə
də görməyəcəklər!
-
Belələri cənnətlikdirlər, onlar (dünyada) etdikləri (yaxşı) əməllərin əvəzi
olaraq orada əbədi qalacaqlar!
-
Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı,
onlara yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində)
zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və
(süddən) kəsilmə müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə
yetişib qırx yaşa çatdıqda belə deyər: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm
də ata-anama əta etdiyin ne’mətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl
etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən (günahlardan) Sənə tövbə
etdim və şübhəsiz ki, mən müsəlmanlardanam! (Özümü cani-dildən Allaha təslim
edənlərdənəm!)”
-
Belələri (dünyadakı) yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından
keçəcəyimiz və onlara verilmiş doğru və’də görə cənnət əhli içərisində
olacaq kimsələrdir!
-
(Özünü Allaha, axirət gününə iman gətirməyə də’vət edən) ata-anasına: “Tfu
sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi (öləndən sonra
dirilmədiyi) halda, siz mənə (qiyamət günü dirildilib qəbirdən)
çıxarılacağımımı və’d edirsiniz?! – deyən kimsəyə, (valideynləri) Allahdan
mədəd diləyərək: “Vay halına! (Ay yazıq) inan, Allahın və’di haqdır!” –
deyərlər. O isə: “Bu (dedikləriniz) qədimlərin əfsanələrindən (yalan
sözlərdən) başqa bir şey deyildir!” – deyə cavab verər.
-
Belələri özlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət (kafir)
ümmətlərlə birlikdə haqlarında əzab sözünün (hökmünün) gerçəkləşdiyi
kimsələrdir. Onlar, doğrudan da, ziyana uğrayanlardır!
-
Hamının (mö’minlərin və kafirlərin) etdiyi əməllərə görə (Cənnətdə və
Cəhənnəmdə) dərəcələri vardır ki, (qiyamət günü) Allah onlara (dünyadakı)
əməllərinin əvəzini (layiqincə) versin. Onlara əsla haqsızlıq edilməz.
-
Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm odunun üzündən
pərdə götürülüb kafirlərin gözünə görünəcəyi, yaxud cəhənnəm əzabını
dadacaqları) gün (onlara məzəmmətlə belə deyiləcəkdir): “Siz dünyada
həyatınızda (bütün ne’mətləri görüb daddınız və onlardan ləzzət aldınız
(dünyada sizin üçün gözəl olan hər şeyi xərclədiniz, axirətə bir şey
qalmadı). Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və
(Allahın itaətindən çıxmış) fasiqlər olduğunuza görə həqarətli əzabla
cəzalandırılacaqsınız!”
-
(Ya Rəsulum!) Ad qövmünün qardaşını (Hudu) da xatırla! Bir zaman o özündən
əvvəl də, sonra da peyğəmbərlər gəlib-getmiş Əhqafda (yüksək qumsal
təpələrdə) olan qövmünə belə demişdi: “Allahdan başqasına ibadət etməyin.
Mən böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!”
-
Onlar: “Sən bizi tanrılarımızdan döndərməyəmi gəldin? Əgər doğru
danışanlardansansa, bizə və’d etdiyini (əzabı) gətir görək!” – deyə cavab
vermişdilər.
-
(Hud) demişdi: “(Əzabın nə vaxt gələcəyini) ancaq Allah bilir. Mən sizə
yalnız mənimlə göndərilənləri (risaləti, Allahın əmrlərini) təbliğ edirəm.
Ancaq mən sizin cahil bir qövm olduğunuzu görürəm!”
-
Onu (özlərinə və’d olunmuş əzabı) vadilərinə tərəf üz tutub gələn bir bulud
(şəklində) gördükləri zaman: “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər.
(Hud isə onlara belə dedi: ) “Xeyr, bu sizin tez gəlməsini istədiyiniz
şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır!
-
O öz Rəbbinin əmri ilə hər şeyi məhv edər!” Onlar (ertəsi gün) səhər çağı
elə bir vəziyyətə düşdülər ki, evlərindən başqa heç bir şey görünmədi
(hamısı məhv oldu). Biz günahkar qövmü belə cəzalandırırıq!
-
(Ey Məkkə əhli!) And olsun ki, Biz onlara verdiyimiz imkanı (var-dövləti,
qüdrəti) sizə verməmişdik. Biz onlara qulaq, göz və qəlb vermişdik, lakin nə
qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki
onlar Allahın ayələrini (bilə-bilə) inkar edirdilər. Onları istehza
etdikləri (əzab) sardı.
-
And olsun ki, Biz sizin ətrafınızda olan məmləkətləri (Səmud, Lut
tayfalarının yurdlarını) məhv etdik. Bəlkə, (haqqa, imana) qayıdalar deyə,
ayələri onlara cürbəcür şəkildə bəyan etdik (təkrar-təkrar göstərdik).
-
Bəs nə üçün Allahı qoyub (Ona) yaxınlaşmaq məqsədilə tanrı qəbul etdikləri
(bütlər) onlara kömək etmədi? Əksinə, (o tanrılar) onlardan uzaqlaşıb qeyb
oldular. Bu, (Allaha yaxınlaşmaq məqsədilə bütlərə sitayiş etmək) onların öz
yalanları və öz uydurmalarıdır.
-
(Ya Peyğəmbər!) Onu da xatırla ki, bir zaman bir dəstə (ona qədər) cini
Qur’anı dinləmək üçün sənin yanına göndərmişdik. Onlar onu dinləməyə (yaxud
sənin yanında) hazır olduqda (bir-birinə): “Qulaq asın!” – dedilər və
(Qur’an oxunub) qurtardıqdan sonra (həmcinslərini Allahın əzabı ilə)
qorxudanlar sifətilə öz qövmlərinin yanına qayıtdılar. (İşə bax ki, cinlər
Qur’anı eşidib ona iman gətirdikləri halda, bu müşriklər hələ də ondan üz
döndərirlər).
-
Onlar dedilər: “Ey qövmümüz! Biz Musadan sonra nazil edilmiş, özündən
əvvəlkiləri (Tövratı, İncili, Zəburu və səhifələri) təsdiq edən, (Allahın
bəndələrini) haqqa və düz yola (islam dininə) yönəldən bir Kitab dinlədik!
-
Ey qövmümüz! Allahın carçısını (Muhəmməd əleyhissəlamı) qəbul edin və ona
iman gətirin. Allah (qiyamət günü) günahlarınızdan keçər və sizi şiddətli
əzabdan xilas edər!
-
Allahın carçısını qəbul etməyən (bilsin ki) yer üzündə qaçıb canını Ondan
(Onun əzabından) qurtara bilməz və ona Allahdan başqa kömək edən dostlar da
tapılmaz. Belələri açıq-aşkar (haqq yoldan) azmışlar!”
-
Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış
Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı? Bəli, O,
hər şeyə qadirdir!
-
Kafirlər cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm əzabını dadacaqları) gün
(onlardan soruşulacaqdır): “Məgər bu (daddığınız əzab) doğru deyilmi?!”
Onlar: “Bəli, Rəbbimizə and olsun (ki, doğrudur)!” – deyə cavab verəcəklər.
(Allah) buyuracaqdır: “Elə isə (dünyada) küfr etdiyinizə görə dadın əzabı!”
-
(Ya Rəsulum!) Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların
səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et.
(Müşriklərə) tez (əzab) gəlməsini istəmə. Onlar və’d olunduqlarını (əzabı)
görəcəkləri gün gündüzün ancaq bir saatı qədər (dünyada) qaldıqlarını
sanacaqlar. (Bu Qur’an Allah dərgahından sizə olan) bir xəbərdarlıqdır.
Fasiq bir qövmdən başqası da heç məhv edilərmi?! (Əzab gəldikdə ancaq
Allahın itaətindən çıxmış fasiqlər məhv ediləcəklər!)
Geri qayıt