.29.
əl-Ənkəbut (Hörümçək) surəsi
(Məkkədə nazil olmuşdur, 69 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Əlif, Lam, Mim!
-
İnsanlar (mö’minlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl
çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət
kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları,
övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı
mö’min olduğunu ayırd edib bilək!)
-
Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz
ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da
çox gözəl tanıyar!
-
Yoxsa pis əməllər edənlər əzabımızdan sovuşa biləcəklərini güman edirlər?
Onlar necə də pis mühakimə yürüdürlər!
-
Hər kəs Allahla qarşılaşacağına (qiyamət günü dirilib Allahın hüzurunda
duracağına) ümid edirsə, (ona hazırlaşsın və bilsin ki) Allahın (haqq-hesab
üçün) müəyyən etdiyi vaxt mütləq gələcəkdir. Allah (hər şeyi) eşidəndir,
biləndir!
-
(Allah yolunda, haqq uğrunda) cihad edən ancaq özü üçün cihad edər (cihadın
savabı onun özünə yetişər). Allah aləmlərə (mələklərə, insanlara və cinlərə)
əsla möhtac deyildir. (Onların ibadətlərinin Allaha nə bir xeyri, nə də bir
zərəri var. Etdiklərin əməllərin savabı da, günahı da yalnız özlərinə
aiddir).
-
İman gətirib yaxşı işlər görənlərin (əvvəlki) günahlarının üstünü örtər və
onlara (dünyada) etdikləri əməllərdən daha gözəl (on qat artıq) mükafat
verərik. (Və ya: gördükləri ən yaxşı əməllərə görə onları
mükafatlandırarıq).
-
Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə
etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik
qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim
hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi sizə bir-bir
xəbər verəcəyəm!
-
İman gətirib yaxşı işlər görənləri salehlər zümrəsinə daxil edəcəyik! (Onlar
Cənnətin yüksək təbəqələrində sakin olacaqlar!)
-
Adamlar arasında elələri də vardır ki, “Biz Allaha iman gətirdik!” – deyər,
Allah yolunda bir əziyyət gördükdə isə insanların (kafirlərin) fitnəsini
Allahın əzabı kimi qəbul edərlər. Əgər Rəbbindən (mö’minlərə) bir zəfər
gəlsə, mütləq: “Biz də sizinləyik!” – deyərlər. Məgər Allah məxluqatın
(mələklərin, insanların və cinlərin) ürəklərində olanları (imanı, küfrü və
nifaqı) bilmirmi?!
-
Şübhəsiz ki, Allah iman gətirənləri də, münafiqləri də çox gözəl tanıyandır!
-
Kafir olanlar iman gətirənlərə dedilər: “Bizim yolumuza (dinimizə) tabe
olun. Günahlarınızı öz boynumuza götürərik”. Halbuki onların (iman
gətirənlərin) heç bir günahını öz boyunlarına götürməzlər. Onlar, həqiqətən,
yalançıdırlar!
-
Şübhəsiz ki, onlar həm öz günahlarına, həm də öz günahları ilə yanaşı, daha
neçə-neçə günahlarla (yoldan çıxartdıqları kimsələrin günahlarına)
yüklənəcəklər. Qiyamət günü onlar uydurduqları yalanlara görə mütləq
sorğu-sual olunacaqlar!
-
Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən
əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları
yaxaladı.
-
Biz onu (Nuhu) və onunla birlikdə gəmidə olanları (tufan bəlasından)
qurtardıq və bunu (bu hadisəni) aləmlərə (insanlara, sonrakı nəsillərə) bir
ibrət etdik.
-
(Ya Rəsulum!) İbrahimi də (yad et)! Bir zaman o öz tayfasına belə demişdi:
“Allaha ibadət edin və Ondan qorxun. Heç bilirsiniz bu sizin üçün nə qədər
xeyirlidir?!
-
Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, (onlara tanrı deməklə) yalan
uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə
qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükür edin. Siz
(qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!”
-
(Ey Məkkə əhli!) Əgər (məni) təkzib etsəniz, (bilin ki) sizdən əvvəlki
ümmətlər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. Peyğəmbərin vəzifəsi
ancaq (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir!
-
Məgər onlar (kafirlər) Allahın məxluqatı əvvəlcə (yoxdan) necə yaratdığını,
sonra da onu (qiyamət günü) yenidən dirildəcəyini bilmirlərmi? Həqiqətən,
bu, Allah üçün asandır! (Allah insanı əvvəlcə nütfədən, sonra laxtalanmış
qandan, daha sonra bir bir parça ətdən yaradır. İnsan anadan olandan sonra
ömrünün uşaqlıq, yeniyetməlik, yetkinlik, ahıllıq, qocalıq çağlarını yaşayır
və nəhayət, ölür. Allah bütün məxluqatı yoxdan yaratdığı kimi, qiyamət günü
onları yenidən dirildəcəkdir!)
-
(Ya Rəsulum!) De: “Yer üzünü gəzib (Allahın) məxluqatı (ilk əvvəldən) nə cür
yaratdığına baxın. Sonra da Allah axirət həyatını yaradacaqdır. (Birinci
yaradılışdan sonra ikinci yaradılış gələcəkdir). Allah hər şeyə qadirdir!
-
(Allah) istədiyinə əzab verər, istədiyini də bağışlayar. Siz (qiyamət günü)
məhz Onun hüzuruna qaytarılacaqsınız!
-
Siz nə yerdə, nə də göydə (Allahı) aciz buraxa bilməzsiniz! (Yerdə də
olsanız, göyə də çıxsanız Allahın əzabından qaçıb canınızı qurtara
bilməzsiniz!) Allahdan başqa sizin nə bir haminiz, nə də bir mədədkarınız
var!”
-
Allahın ayələrini və Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib
haqq-hesab üçün hüzurunda duracaqlarını) inkar edənlər Mənim mərhəmətimdən
ümidlərini üzənlərdir. Onları ağrılı-acılı bir əzab gözləyir.
-
Tayfasının (İbrahimin sözlərinə) cavabı: “Onu öldürün, yaxud da yandırın!” –
deməkdən başqa bir şey olmadı. Amma Allah onu oddan xilas etdi. Həqiqətən,
bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır!
-
(İbrahim onlara) dedi: “Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz
yalnız dünyada (dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa
(məhəbbətə) görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək,
bir-birinizə lə’nət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə
də (Allahın əzabından qurtarmağa) kömək edən kimsələr tapılmayacaqdır!”
-
Bunda sonra Lut (hamıdan əvvəl İbrahimə) iman gətirdi (onun peyğəmbərliyini
təsdiq etdi). (İbrahim) dedi: “Mən (qövmümü tərk edib) Rəbbimin əmr etdiyi
yerə (Kufənin Kusa kəndindən Hərrana, oradan da Fələstinə) hicrət edəcəyəm.
Həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibi Odur!”
-
Biz ona (İbrahimə) İshaqı və Yə’qubu bəxş etdik, peyğəmbərliyi və kitabı
onun nəslinə əta etdik, dünyada onun mükafatını verdik. O, axirətdə də
mütləq (yüksək dərəcələrə layiq) salehlərdən olacaqdır!
-
(Ya Rəsulum!) Lutu da (yad et)! Bir zaman o öz qövmünə demişdi: “Doğrudanmı
siz özünüzdən əvvəl aləmlərdən (bəşər əhlindən, ins və cindən) heç kəsin
etmədiyi iyrənc bir işi görürsünüz?
-
Həqiqətən siz (şəhvətlə) kişilərə yaxınlaşır, (müsafirlərin namusuna
toxunmaq, mallarını əllərindən almaq üçün) yol kəsir və məclislərinizdə
(bir-birinizlə) çirkin iş görürsünüz?” Tayfasının (Lutun sözlərinə) cavabı
ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!” –
deməkdən ibarət oldu.
-
(Lut: ) “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et!” – dedi.
-
Elçilərimiz (mələklər) İbrahimə (İshaqın, sonra da Yə’qubun doğulacağı
barədə) müjdə gətirdikləri zaman: “Biz bu məmləkət əhlini məhv edəcəyik,
çünki onlar zalımdirlar (Allaha asi olmaqla, onun peyğəmbərini təkzib
etməklə, çirkin işlər görməklə özləri-özlərinə zülm edirlər)”, dedilər.
-
(İbrahim) dedi: “Orada (onların içində Allahın mö’min bəndəsi) Lut da var!”
Onlar: “Biz orada kimin olduğunu (hamıdan) yaxşı bilirik. Biz onu və
ailəsini mütləq xilas edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində)
qalanlardan olacaq!” – deyə cavab verdilər.
-
Elçilərimiz Lutun yanına gəldikdə (Lut) onlara görə kədərləndi və ürəyi
qısıldı. (Mələklər Lutun yanına cavan, qəşəng oğlanlar qiyafəsində
gəldikləri üçün o öz tayfasının onlara pislik yetirəcəyindən qorxub mə’yus
oldu). Onlar dedilər: “Qorxma və kədərlənmə. Biz səni və ailəni xilas
edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq!
-
Biz etdikləri pozğunluğa (günahlara) görə bu məmləkət əhlinin başı üstünə
göydən bir əzab endirəcəyik!”
-
Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün (baxıb ibrət aslsınlar deyə) o
məmləkətdən açıq-aydın bir nişanə (xarabalıq) qoyduq.
-
Mədyənə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm!
Allaha ibadət edin! Qiyamət gününə inanın! (Dünyada ibadət etməklə qiyamət
gününə ümid bəsləyib savab işlər görün. Onun əzabından qorxun!) Yer üzündə
fitnə-fəsad törətməyin!”
-
Amma (mədyənlilər) onu təkzib etdilər. Buna görə də onları (dəhşətli) bir
sarsıntı (zəlzələ) bürüdü. Onlar dizüstə çöküb evlərində qaldılar (hamısı
həlak oldu).
-
Biz Adı və Səmudu da məhv etdik. (Ey Məkkə əhli! Onların başlarına nələr
gətirdiyimiz xaraba qalmış) məskənlərindən sizə bəllidir. Şeytan (çirikn)
əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan
çıxartdı.
-
Biz Qarunu da, Fir’onu da, Hamanı da (məhv etdik). Musa onların yanına
açıq-aydın dəlillərlə gəldi. Lakin onlar yer üzündə (Misirdə) təkəbbürlük
etdilər və (buna görə də əzabımızdan) sovuşa bilmədilər!
-
Biz onların hər birini öz günahı ilə yaxaladıq (hərəyə öz günahına görə cəza
verdik). Kiminin başı üstünə (qasırğa ilə) qızmar daş yağdırdıq, kimini
dəhşətli (tükürpədici) səs yaxaladı, kimini yerə gömdük, kimini də suya qərq
etdik. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər.
-
Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş
hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək
yuvasıdır. Kaş biləydilər! (Hörümçək toru möhkəm olmayıb adicə bir yel
nəticəsində dağıldığı kimi, onların bu dostlarının da heç bir e’tibarı
yoxdur. Bərk ayaqda onları qoyub qaçarlar).
-
Şübhəsiz ki, Allah onların Allahı qoyub nəyə ibadət etdiklərini bilir. O,
yenilməz qüvvət sahibi, hikmət sahibidir!
-
Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız (haqqı) bilənlər
anlayarlar.
-
Allah göyləri və yeri haqq olara (lazımınca) yaratdmışdır. Həqiqətən, bunda
(bu yaradılışda) mö’minlər üçün bir ibrət vardır!
-
(Ya Rəsulum!) Qur’anda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl.
Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr
etmək (Allahın calalını və əzəmətini həmişə, hər yerdə yada salmaq),
şübhəsiz ki, (savab e’tibarilə bütün başqa ibadətlərdən) daha böyükdür.
Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!
-
Kitab əhlinin zülm edənləri (cizyə verməyənləri, sizinlə vuruşmaq
istəyənləri) istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin!
(Onlarla xoş rəftar edib ürəklərini ələ alın və özünüzdən incitməyin.
Onların kobudluğuna nəzakətlə, qəzəblərinə soyuqqanlıqla cavab verin.
Nalayiq işlər gördükdə nəsihət edib düz yola çağırın. Yox, əgər üstünüzə
silah qaldırsalar, siz də silahlanıb onlarla vuruşun və onları təslim
olmağa, cizyə verməyə məcbur edin!) Və (onlarla söhbət etdikdə) belə deyin:
“Biz həm özümüzə nazil olana (Qur’ana), həm də sizə nazil olana (Tövrata və
İncilə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız
ona təslim olanlarıq!”
-
(Səndən əvvəlki peyğəmbərlərə necə kitab nazil etmişdiksə) Qur’anı da sənə
belə nazil etdik. (Abdullah ibn Salam kimi) kitab (Tövrat) verdiyimiz
şəxslər ona (Qur’ana) inanırlar. Bunlardan (Məkkə camaatından) da inananlar
var. Bizim ayələrimizi yalnız kafirlər inkar edərlər!
-
(Ya Rəsulum!) Sən bundan (bu Qur’andan) əvvəl nə bir kitab oxumusan, nə də
onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar (onun barəsində)
şəkk-şübhəyə düşərdilər (Onu hardansa oxuyub öyrənmişdir, deyərdilər).
-
Xeyr, bu (Qur’an) elm verilmiş kəslərin sinələrində (əzbər) olan açıq-aydın
ayələrdir. (Və ya: sənin yazıb oxumaqla məşğul olmadığını kitab əhlindən
olan elm sahibləri öz ürəklərində açıq-aşkar bilirlər). Bizin ayələrimizi
yalnız zalımlar (kafirlər) inkar edərlər.
-
(Müşriklər: ) “Bəs nə üçün Rəbbindən ona (başqa peyğəmbərlər kimi) mö’cüzə
nazil olmadı?” – dedilər. (Ya Rəsulum!) De: “Mö’cüzələr ancaq Allahın
əlindədir. Mən isə sadəcə olaraq (insanları Allahın əzabı ilə) açıq-aşkar
qorxudan bir peyğəmbərəm!”
-
Məgər (müşriklər) oxunmaqda olan Kitabı sənə nazil etməyimiz onlara kifayət
etmədimi? Həqiqətən, bunda iman gətirən bir tayfa üçün həm mərhəmət, həm də
öyüd-nəsihət (ibrət) vardır!
-
De: “Mənimlə sizin aranızda Allahın şahid olması kifayət edər. O, göylərdə
və yerdə nə olduğunu bilir. Batilə inanıb Allahı inkar edənlər, şübhəsiz ki,
ziyana uğrayanlardır!”
-
(Müşriklər istehza ilə) səni tələsdirib əzabın tez gəlməsini istəyirlər.
Əgər (bunun üçün) əvvəlcədən müəyyən edilmiş bir vaxt olmasaydı, sözsüz ki,
əzab onlara gələrdi. Şübhəsiz ki, (əzab) onlara qəflətən, özləri də hiss
etmədən gələcəkdir.
-
Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Həqiqətən, Cəhənnəm kafirləri
qaplayacaqdır!
-
O gün əzab onları başlarının üstündən, ayaqlarının altından saracaqdır.
(Allah) onlara: “Etdiyiniz əməllərin cəzasını dadın!” – deyə buyuracaqdır.
-
Ey iman gətirən bəndələrim! (Əgər hər hansı bir yerdə islamiyyətə görə sizi
incidib əziyyət verirlərsə, orada sizi ölüm təhlükəsi gözləyirsə, yaxud dini
vəzifələrinizi lazımınca yerinə yetirə bilmirsinizsə, başqa şəhərlərə və
ölkələrə hicrət edə bilərsiniz. Mən oralarda da sizə ruzi verərəm). Şübhəsiz
ki, Mənim yerim genişdir. Buna görə də yalnız Mənə ibadət edin!
-
Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü)
hüzurumuza qaytarılacaqsınız!
-
İman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan cənnət
guşələrində (Cənnətin yüksək məqamlarında) sakin edəcəyik. Onlar orada əbədi
qalacaqlar. (Yaxşı əməllər) edənlərin mükafatı necə də gözəldir!
-
O kəslər ki, səbr edər və yalnız Rəbbinə bel bağlayarlar!
-
(Yer üzündə zəiflikləri ucbatından) ruzisini daşıya (əldə edə) bilməyən
neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir. O,
(hər şeyi) eşidəndir, biləndir. (Sizə dininizə görə bir məşəqqət üz verdiyi
zaman məişət çətinliklərindən qorxub başqa ölkələrə hicrət etməkdən
çəkinməyin. Allah orada da ruzinizi verəcəkdir. O sizi heç vaxt darda
qoymaz!)
-
(Ya Rəsulum!) Həqiqətən, əgər (Məkkə müşriklərindən): “Göyləri və yeri kim
yaratmış, günəşi və ayı kim ram (öz əmrinə, insanların mənafeyinə kim tabe)
etmişdir?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər.
Elə isə onlar (tövhiddən, yalnız Allaha ibadət etməkdən) niyə döndərilirlər?
-
Allah Öz bəndələrindən istədiyinin ruzisini artırar da, azaldar da. Allah
hər şeyi (yerli-yerində) biləndir!
-
Həqiqətən, əgər sən (Məkkə müşriklərindən): “Göydən yağmur endirib
quruduqdan sonra onunla yerə təzədən can verən kimdir?” – deyə soruşsan,
onlar mütləq: “Allahdır!” – deyə cavab verəcəklər. De: “Həmd olsun Allaha!”
Lakin onların əksəriyyəti dərindən düşünməz! (Müşriklərin xeyirlərilə
zərərlərini bir-birindən ayırmağa ağlı çatmır. Onlar cəhalətləri üzündən
belə güman edirlər ki, bütlər onları haqq olan Allaha yaxınlaşdırır).
-
Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət
yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər,
axirəti dünyaya dəyişməzdilər).
-
(Müşriklər) gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) dini
(ibadəti) yalnız Ona məxsus edərək (ixlasla) Allaha dua edərlər. Allah
onları sağ-salamat quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşarlar.
-
Onlara verdiyimiz ne’məti inkar etsinlər və (dünyada istədikləri kimi) kef
çəkib zövz alsınlar deyə (rüsxət verərik). Onlar (öz əməllərinin ağır
nəticəsini) mütləq biləcəklər!
-
Məgər (müşriklər) ətraflarındakı (başqa şəhərlərdəki) adamlar qamarlanıb
götürüldüyü (əsir alındığı, öldürüldüyü, qarət edildiyi) halda, (içərisində
yaşadıqları Məkkəni) onlar üçün müqəddəs, qorxusuz-xətərsiz bir yer
etdiyimizi görmürlərmi? İndi batiləmi inanırlar? Allahın ne’mətinimi
danırlar?
-
Allaha qarşı yalan uydurub düzəldən (Allaha şərik qoşan), özünə haqq (Qur’an
və peyğəmbər) gəldikdə onu təkzib edən kəsdən daha zalım kim ola bilər?!
Məgər kafirlər üçün Cəhənnəmdə yer yoxdur? (Əlbəttə, vardır! Niyə bunu dərk
etmirlər?)
-
Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan
behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər
edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən mö’minlərin
tərəfində durar!)
Geri qayıt