.45.
əl-Casiyə (Diz çökmüş camaat) surəsi
(Məkkədə nazil olmuşdur, 37 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Ha, Mim!
-
Kitabın (Qur’anın) nazil edilməsi yenilməz qüvvət, hikmət sahibi (olan
Allah) tərəfindəndir.
-
Həqiqətən, göylərdə və yerdə mö’minlər üçün ibrətlər vardır!
-
Sizin yaradılışınızda və (Allahın yer üzünə) yayıb səpələdiyi canlılarda tam
yəqinliklə inanlar üçün (Allahın birliyinə, qüdrət və əzəmətinə, qiyamət
gününün haqq olmasına dəlalət edən) əlamətlər vardır.
-
Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək
üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən (quruduqdan)
sonra diriltməsində və küləkləri (müxtəlif tərəflərə) yönəltməsində ağılla
düşünənlər üçün (Allahın hər şeyə qadir olmasını sübut edən) dəlillər
vardır.
-
(Ya Peyğəmbər!) Bunlar Allahın ayələridir (qüdrət nişanələridir). Biz onları
(Cəbrail vasitəsilə) sənə doğru oxuyub bildiririk. Bəs onlar Allaha və Onun
ayələrinə (Qur’ana) inanmadıqdan sonra hansı kəlama inanırlar?
-
Yalana dadanmış, günaha düşkün hər kəsin vay halına!
-
O, Allahın ayələrini özünə oxunduğunu eşidir, sonra guya onları eşitmirmiş
kimi (Allahın əmrinə qarşı) təkəbbür göstərərək (küfründə) israr edib durur.
(Ya Peyğəmbər!) Beləsinə şiddətli bir əzabla müjdə ver!
-
O, ayələrimizdən bir şey öyrənib bildiyi zaman onu lağa qoyur. Məhz belələri
(qiyamət günü) alçaldıcı bir əzaba düçar olacaqlar!
-
Qarşıda (öləndən sonra) onları Cəhənnəm gözləyir. Nə qazandıqları dünya
malı, nə də Allahdan başqa dost tutduqları (ibadət etdikləri bütlər) onlara
bir fayda verəcəkdir (Allahın əzabını onlardan dəf edəcəkdir). Onlar böyük
bir əzaba düçar olacaqlar!
-
Bu (Qur’an) bir hidayətdir. Rəbbinin ayələrini inkar edənləri çox şiddətli,
ağrılı-acılı bir əzab gözləyir.
-
Gəmilərin Onun əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən (orada)
ruzi axtarmanız üçün dənizi sizə ram edən Allahdır! Bəlkə, şükür edəsiniz!
-
Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan
da Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!
-
(Ya Peyğəmbər!) İman gətirənlərə de ki, Allah etdiyi əməllərə görə hər hansı
bir qövmün cəzasını (özü) versin deyə, Allahın (əzab) günlərindən
qorxmayanları (əzab günlərinə, qiyamətə inanmadıqları üçün gözləməyənləri)
bağışlasınlar! (Bu ayənin hökmü sonralar cihad haqqındakı ayə ilə ləğv
edilmişdir).
-
Kim yaxşı bir iş görsə, xeyiri özünə, kim də bir pislik etsə, zərəri özünə
olar! Sonra siz öz Rəbbinizə doğru qaytarılacaqsınız.
-
And olsun ki, Biz İsrail oğullarına Kitab, hikmət (Tövratda olmayan hökmlər,
yaxud mübahisəli məsələləri ədalətlə həll etmək bacarığı) və peyğəmbərlik
əta etmiş, onlara pak ne’mətlərdən ruzi vermiş və onları aləmlərə
(zəmanələrindəki bəşər övladına) üstün etmişdik.
-
Onlara din işində (dini məsələlərdə və ya Muhəmməd əleyhissəlamın peyğəmbər
göndəriləcəyi barədə) açıq-aşkar dəlillər vermişdik. Onlar yalnız (tövhid,
dini əmrlərin büsbütün həqiqət olduğu haqda) özlərinə elm (qəti dəlillər)
gəldikdən sonra aralarındakı həsəd (ədavət) üzündən (dində) ixtilafa
düşdülər. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları
məsələlər barəsində qiyamət günü onların arasında hökm edəcəkdir!
-
Sonra (ya Rəsulum!) səni də dində şəriət sahibi (bir şəriət üzrə qaim)
etdik. Sən ona (o şəriətə) tabe ol və (haqqı) bilməyənlərin nəfslərindən
gələn istəklərə uyma! (Yoxsa özünü məhvə düçar edərsən! Peyğəmbər mə’sum
olduğu üçün Muhəmməd əleyhissəlama göndərilən bu əmrlər əslində onun
ümmətinə aiddir).
-
Şübhəsiz ki, onlar Allahdan gələcək bir şeyi (bəlanı, əzabı) səndən dəf edə
bilməzlər. Zalımlar (kafirlər) bir-birinin dostudurlar, Allah isə
müttəqilərin dostudur!
-
Bu (Qur’an) insanlar üçün bəsirət gözü, (axirətə) tam yəqinliklə inanan bir
qövm üçün də hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!
-
Yoxsa dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər
görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni
olacağını güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər! (Dünyada
naz-ne’mət içində yaşayan kafirlər: “Əgər qiyamət günü, axirət doğrudursa,
Allah bizə orada da firavan həyat bəxş edəcəkdir!” – deyirlər. Xeyr, onların
axirət həyatı çox pis olacaq, əzab içində keçəcəkdir. Dünyada aldıqları
ləzzət, axirətdə burunlarından töküləcəkdir. Gözəl axirət həyatı yalnız
dünyada Allah, din yolunda məşəqqətlərə dözmüş mö’minlərə məxsusdur).
-
Allah göyləri və yeri haqq-ədalətlə və hər kəsin qazandığı nə isə onun
müqabilində əvəz (qarşılıq) görməsi üçün yaratmışdır. Və onlara heç bir
haqsızlıq edilməyəcəkdir. (Yaxşı əməl sahibinə mükafat veriləcək, pislik
edən də öz pisliyi müqabilində cəzalandırılacaqdır).
-
(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ
yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı,
qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü?
Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət
almırsınız? (Haqqı bildiyi halda küfr edənin cəzası, haqqı bilmədən,
cahilliyi üzündən küfr edənin cəzasından daha ağırdır. Çünki alimlə cahilin
məs’uliyyəti eyni ola bilməz!)
-
(Qiyaməti inkar edənlər) belə deyirlər: “Dünya həyatımızdan başqa heç bir
həyat yoxdur; ölürük və dirilirik (biri ölür, digəri anadan olur; biz
ölürük, övladlarımız, nəslimiz isə yaşayır); bizi öldürən ancaq dəhrdir
(zamanın gərdişi, ömür müddətidir; yaşa dolub qocalmağımızdır). Bu barədə
onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar! (Hər şeyi
zamanın, vaxtın boynuna yıxmaq doğru deyildir, çünki bütün canlı və cansız
məxluqat kimi zamanın özünü də yaradan Allahdır).
-
(Qiyamətə dair) ayələrimiz onlara açıq-aşkar oxunduğu (söyləndiyi) zaman
onların dəlili: “Əgər doğru deyirsinizsə, (vəfat etmiş) atalarımızı
(dirildib) gətirin görək!” – deməkdən başqa bir şey deyildir.
-
(Ya Peğəmbər!) De: “Allah sizi dirildir, sonra öldürür. Sonra da sizi
qiyamət günü (dirildib) bir yerə yığacaqdır. Ona (qiyamətə) heç bir
şəkk-şübhə yoxdur, lakin insanların çoxu (qiyamətin haqq, təkrar dirilmənin
ilkin yaradılışından çox asan olduğunu) bilməz!”
-
Göylərin və yerin hökmü ancaq Allahın əlindədir. Qiyamət qopacağı gün – məhz
o gün batil danışanlar (Allaha iftira yaxanlar) ziyana uğrayacaqlar!
-
(Ya Peyğəmbər! O gün) hər ümməti diz çökmüş (yaxud bir yerə yığılmış)
görəcəksən. Hər ümmət öz (əməl) dəftərinə tərəf çağırılacaqdır. (Onlara belə
deyiləcəkdir: ) “Bu gün sizə (dünyada) etdiyiniz əməllərin əvəzi (mükafatı
və ya cəzası) veriləcəkdir!
-
Bu Bizim kitabımızdır (sizin əməl dəftərinizdir). O sizin əleyhinizə haqqı
deyər. Biz sizin etdiyiniz əməlləri (orada mələklərə bir-bir) yazdırmışıq!”
-
İman gətirib yaxşı əməl edənlərə gəldikdə, Rəbbi onları Öz mərhəmətinə
(Cənnətə) qovuşduracaqdır. Bu, açıq-aşkar qurtuluşdur (uğurdur)! (Bundan
yaxşısı ola bilməz!)
-
Kafir olanlara isə (belə deyiləcəkdir): “Məgər ayələrim (dünyada) sizə
oxunmurdumu?! Amma siz (onlara qulaq asmağa, iman gətirməyə) təkəbbür
göstərdiniz və günahkar bir tayfa oldunuz!
-
(Sizə: ) “Allahın (ölüləri dirildəcəyi barədəki) və’di haqdır və o saata
(qiyamətin qopacağına) heç bir şəkk-şübhə yoxdur!” – deyildiyi zaman: “O
saat nədir, bilmirik! Onun ancaq bir zənn (güman) olduğu qənaətindəyik. Biz
(qiyamətin qopacağına) əmin deyilik!” – deyə cavab verdiniz.
-
(O gün dünyada etdikləri) pis əməllərinin cəzası onların gözünə görünəcək və
istehza etdikləri (əzab) onları saracaqdır!
-
(Onlara belə) deyiləcəkdir: “Siz bu gününüzə qovuşacağınızı (dünyada)
unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq (əbədi əzab içində
buraxacağıq). Sizin məskəniniz Cəhənnəmdir. Sizə (Allahın əzabından
qurtarmağa) kömək edənlər də olmayacaqdır!
-
Bu (əzab) ona görədir ki, siz Allahın ayələrini lağa qoyurdunuz; dünya
həyatı sizi aldatmışdı!” Bu gün onlar (Cəhənnəmdən) çıxarılmayacaq və
onlardan (Allahı razı salan) heç bir üzrxahlıq (tövbə də) qəbul
olunmaycaqdır!
-
(Və’dinə sadiq qalaraq mö’min bəndələrinə verdiyi ne’mətlərə və kafirləri,
azğınları düçar etdiyi əzaba görə) göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin
Rəbbi olan Allaha həmd olsun!
-
Göylərdə və yerdə böyüklük (ululuq yalnız) Ona məxsusdur. O, yenilməz qüvvət
sahibi, hikmət sahibidir!
Geri qayıt