.72.
əl-Cinn
(Cinlər) surəsi
(Məkkədə
nazil olmuşdur, 28 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
(Ya
Peyğəmbər!) De: “Mənə vəhy olundu ki, bir dəstə cin (Məkkə və Taif arasında
sübh namazı vaxtı Qur’anı dinləyib öz həmcinslərinin yanına qayıtdıqları
zaman) dedilər: “Biz çox qəribə (təsəvvür edilməz dərəcədə gözəl olan) bir
Qur’an eşitdik.
-
O,
(xalqa) haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi
Rəbbimizə şərik qoşmayacağıq.
-
Həqiqətən, Rəbbimizin calalı çox ucadır. O Özünə nə bir zövcə götürmüşdür,
nə də bir uşaq!
-
Doğrusu, bizim səfehimiz (İblis) Allah barəsində tamamilə yalan (haqdan uzaq
sözlər) söyləyirmiş.
-
Biz elə
güman edirdik ki, nə insan, nə də cin tayfası Allah barəsində yalan
danışmaz.
-
Həqiqətən, (Cahiliyyət dövründə) bə’zi insanlar bir para cinlərə pənah
aparır, bununla da onların təkəbbürünü (azğınlığını) artırırdılar (cinlər
özləri haqqında çox böyük fikirlərə düşürdülər).
-
Onlar
(o insanlar) da siz (cinlər, yaxud o cinlər də siz insanlar) təkin elə güman
edirdilər ki, Allah heç kəsi (öləndən sonra) diriltməyəcəkdir.
-
Biz
(cinlər yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün) göyə
qalxmaq istədik (səmanı yoxladıq), amma onun (mələklərdən ibarət) güclü
gözətçilər və yandırıb-yaxan (axan) ulduzlarla dolu olduğunu gördük.
-
Biz
(Muhəmməd əleyhissəlamın peyğəmbər göndərilməsindən əvvəl mələklərin
söhbətinə) qulaq asmaq üçün (göyün) bə’zi yerlərində otururduq. Lakin indi
kim (onların söhbətinə) qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu
gözlədiyini görər.
-
Biz
bilmirik ki, (göyün gözətçi mələklərlə, axan ulduzlarla doldurulması və
mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə) yerdə olanlara
bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir xeyir diləmişdir.
-
Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif
firqələrə (məzhəblərə) ayrılmışıq.
-
Biz
anladıq ki, yerdə də olsaq, (göyə də) qaçsaq, Allahdan (Allahın əzabından)
canımızı qurtara bilmərik (heç yerdə, heç zaman Allahı aciz edə bilmərik).
-
Doğrusu, biz hidayət yolunu göstərəni (Qur’anı) dinlədiyimiz zaman ona iman
gətirdik. Kim Rəbbinə iman gətirsə, nə (yaxşı əməllərinin mükafatını)
əskilməsindən, nə də haqsızlığa mə’ruz qalmaqdan (başqasının günahlarının
ona yüklənməsindən) qorxar.
-
Şübhəsiz ki, aramızda (Allaha və Onun Peyğəmbəri Muhəmməd əleyhissəlama iman
gətirən) müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar
haqq yolu axtarıb tapanlardır.
-
(Haqq
yoldan) çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar (orada yandırılacaqlar)”
-
(Sonra
mənə belə vəhy olundu: ) Əgər onlar (Məkkə müşrikləri) o yolda (islam
dinində) doğru olsaydılar, Biz onlara (yeddi il davam edən quraqlıq və
qıtlıq əsnasında) bol yağış verərdik ki,
-
Onları
bununla (bu ne’mətlə) imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz
çevirsə, (Allah) onu məşəqqətli bir əzaba düçar edər.
-
Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə
ibadət etməyin!
-
Allahın
bəndəsi (Muhəmməd əleyhissəlam) Ona ibadət etmək (namaz qılmaq) üçün
qalxdıqda (cinlər) az qalmışdı ki, onun ətrafında keçə kimi bir-birinə
keçsinlər (izdihamın çoxluğundan bir-birinin üstünə minsinlər).
-
(Ya
Peyğəmbər!) De: “Mən ancaq öz Rəbbimə ibadət edirəm və heç kəsi Ona şərik
qoşmuram!”
-
De:
“Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm!
(Bunu ancaq aləmlərin Rəbbi olan Allah edə bilər!)”
-
De:
“Məni Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz və mən də Ondan
başqa heç bir sığınacaq tapa bilmərəm!
-
(Mənim
əlimdən) Allah dərgahından olanı və Onun göndərdiklərini (Qur’anı və dini
hökmləri) təbliğ etməkdən başqa (heç bir şey gəlməz). Allah və Onun
Peyğəmbərinə asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik
qalacaqlar!”
-
Onlar
təhdid olunduqlarını (qiyamətdəki, və ya Bədr vuruşundakı əzabı) gördükləri
zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.
-
De:
“Mən sizin qorxudulduğunuz əzabın yaxın olduğunu, yaxud Rəbbimin onun üçün
uzun bir müddət tə’yin edəcəyini bilmirəm!
-
Qeybi
bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz;
-
Bəyənib
seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər bilər.
Onun açarları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir
mö’cüzə olaraq vəhy yolu ilə qeybdən bə’zi xəbərlər bildirər). Allah onların
önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyar ki,
-
(Peyğəmbərlərinin) öz Rəbbinin göndərdiklərini (nə cür) təbliğ etdiyini
bilsin (bəlli etsin). (Allah) onlarda olanların hamısını (peyğəmbərlərin
əhvalatını və bütün əməllərini Öz elmi ilə) ehtiva etmişdir. O, hər şeyi
bir-bir sayıb yazmışdır (təsbit etmişdir)!”
Geri qayıt