.76.
əl-İnsan
və ya əd-Dəhr surəsi
(Məkkədə
nazil olmuşdur, 31 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
İnsanın
elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır!
(Yaxud insanın elə bir dövrü olub keçmişdir ki, o həmin dövrdə xatırlanası
bir şey olmasın?! Əlbəttə, olmuşdur. İnsan əvvəlcə mövcud deyildi. Sonra o,
yə’ni ulu babamız Adəm torpaqdan və sudan yoğrulub insan şəklinə salınmış,
ona ruh verilmiş və o, həyat sürməyə başlamışdır. İnsanın nə üçün
yaradıldığını əvvəlcə nə göy əhli, nə də o özü bilirdi. Tədriclə mələklər və
o özü nə üçün yaradıldığını anladı).
-
Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının toxumundan ibarət)
qarışıq bir nütfədən yaratdıq. Biz onu (dünyada özünü necə aparacağı, hər
şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə) imtahana çəkəcəyik. Biz
onu eşidən, görən yaratdıq.
-
Biz ona
haqq yolu göstərdik. İstər (ne’mətlərimizə) minnətdar olsun, istər nankor
(bu onun öz işidir).
-
Biz
kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş hazırlamışıq.
-
Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri (Cənnətdə) kafur qatılmış
(şərabla dolu) qədəhdən içəcəklər.
-
O
(kafur) elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu
(istədikləri yerə) asanlıqla axıdacaqlar.
-
Onlar
(Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, verdikləri sözü
(etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər
tərəfə yayılacaq) gündən (qiyamət günündən) qoxarlar.
-
Onlar
öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah
rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.
-
(Və
sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah
rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir
mükafat, nə də bir təşəkkür istəyirik.
-
Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), cətin gündən (üzlərin
dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət
günündən) qorxuruq!”
-
Allah
da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş
edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir).
-
Və
onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə
mükafatlandıracaqdır.
-
Onlar
orada (o cənnətlərdə) taxtlara söykənəcək, orada nə günəş (qızmar isti), nə
də sərt soyuq görəcəklər.
-
(Cənnət
ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında
olacaqdır (istədikləri yerdə, istədikləri zaman onları dərib yeyə
biləcəklər).
-
(Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə
dolanacaqlar.
-
Gümüşdən olan (çox şəffaf olduğu üçün bayırından içərisi görünən) elə billur
(qədəhlərlə) ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə etmişlər.
-
Orada
onlara zəncəfil qatılmış (zəncəfil dadı verən cənnət şərabı ilə dolu) badə
də içirdiləcəkdir.
-
(Zəncəfil) orada (Cənnətdə) bir çeşmədir ki, (suyu boğazdan çox rahat
keçdiyi üçün) Səlsəbil adlanır.
-
Onların
dövrəsində həmişəcavan (xidmətçi) oğlanlar olacaqdır. Onları gördükdə, sanki
(ətrafa) səpilmiş inci olduqlarını zənn edərsən.
-
(Orada)
hara baxsan, ne’mət və böyük bir mülk görərsən.
-
(Cənnət
əhlinin) əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl
libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox
pak bir şərab içirdəcəkdir.
-
(Onlara
belə deyiləcəkdir: ) “Bu sizin (dünyada etdiyiniz yaxşı əməllərə görə)
mükafatınızdır. Zəhmətiniz (Allah yanında) məqbuldur (təqdirəlayiqdir)!”
-
(Ya
Peyğəmbər!) Həqiqətən, Biz Qur’anı sənə tədriclə (ayə-ayə, surə-surə) nazil
etdik.
-
Elə isə
Rəbbinin hökmünə səbr et və onlardan (Məkkə müşriklərindən) günahkar və
nankor olana boyun əymə!
-
Səhər-axşam Rəbbinin adını zikr et! (Səhər, günorta və ikindi namazlarını
qıl!)
-
Gecənin
bir qismində Ona səcdə et (axşam, gecə namazlarını qıl) və gecə uzunu da Onu
təqdis edib şə’ninə tə’riflər de! (Təhəccüd namazını qılıb gecəni ibadət
içində keçir!)
-
Həqiqətən, bunlar (Məkkə müşrikləri) tez keçib gedəni (fani dünyanı) sevər,
ağır günə (qiyamət gününə) dal çevirərlər.
-
Onları
yaradan da, güclü-qüvvətli edən də (oynaqlarını bir-birinə bağlayan da)
Bizik. Əgər istəsək, onları özləri kimilərlə əvəz edərik.
-
Həqiqətən, bu (surə) bir öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol
tutar (ibadət və itaətlə Allaha yaxınlaşar).
-
(Ey
insanlar! Onu da bilin ki) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz.
(Ancaq Allah istəsə, istəyə bilərsiniz). Həqiqətən, Allah (hər şeyi)
biləndir, hikmət sahibidir!
-
(Allah)
istədiyi kimsən Öz mərhəmətinə qovuşdurar. Zalımlara gəldikdə isə, (Allah)
onlar üçün (axirətdə) şiddətli bir əzab hazırlamışdır!
Geri qayıt