.21.
əl-Ənbiya (Peyğəmbərlər) surəsi
(Məkkədə nazil olmuşdur, 112 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də
qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət
insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır.
Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə
qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər).
-
Rəbbindən onlara (bir-birinin ardınca) elə bir yeni xəbərdarlıq
(öyüd-nəsihət) gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər;
-
Qəlbləri qəflət içində olaraq (ona qulaq asmasınlar). Zalımlar öz aralarında
gizli pıçıldaşıb (bir-birinə): “Bu (Muhəmməd) sizin kimi ancaq adi bir
insandır. (Onun gətirdiyi Qur’an sehrdən, cadudan başqa bir şey deyildir).
Gözünüz görə-görə sehrəmi uyursunuz?” – dedilər.
-
(Peyğəmbər Məkkə müşriklərinə) belə dedi: “Rəbbim göydə və yerdə (söylənən)
hər sözü bilir. O, (hər şeyi) eşidəndir, biləndir!”
-
Onlar (müxtəlif fikirlərə düşərək) belə dedilər: “Xeyr, (bu Qur’an)
qarmaqarışıq yuxulardır; xeyr, onu özü uydurmuşdur; xeyr, o, bir şairdir.
(Əgər o, həqiqi peyğəmbərdirsə, bunu sübut etmək üçün) qoy əvvəlki
peyğəmbərlərə göndərilən mö’cüzələr kimi bizə bir mö’cüzə gətirsin!”
-
Onlardan əvvəl məhv etdiyimiz heç bir məmləkət (əhli mö’cüzələrlə gəlmiş
peyğəmbərlərinə) iman gətirmədi. Bunlarmı iman gətirəcəklər?
-
(Ya Rəsulum! Biz səndən əvvəl də hər bir ümmətə mələk deyil) ancaq kişilər
(kişi peyğəmbərlər) göndərdik ki, onlara vəhy edirdik. Əgər bilmirsinizsə,
zikr (kitab) əhlindən soruşun!
-
Biz onları (peyğəmbərləri) yeməz-içməz (yemək yeməz) bir bədən yaratmadıq.
Onlar (dünyada) əbədi də deyillər.
-
Sonra onlara verdiyimiz və’di yerinə yetirdik. (Peyğəmbərlərə) və
istədiyimiz kəslərə (onlara iman gətirənlərə) nicat verdik, (Allaha şərik
qoşmaqla, küfr etməklə) həddi aşanları isə məhv etdik.
-
Həqiqətən, sizə (Qüreyş əhlinə) elə bir Kitab nazil etdik ki, o sizdən ötrü
bir şərəfdir. (O sizin qədir-qiymətinizi yüksəldər, dini və dünyəvi
ehtiyaclarınızı aradan qaldırar, ürəkdən inananlara behişt yolunu göstərər.
Halal-haramı daim mö’minlərin yadına salar). Məgər dərk etmirsinizmi?
-
Biz zalım olan (küfr edən) neçə-neçə məmləkəti (məmləkət əhlini) məhv etdik
və onlardan sonra başqa bir qövm (camaat) yaratdıq.
-
Onlar əzabımızı (onları məhv edəcəyimizi) hiss edən kimi dərhal oradan (öz
yurdlarından) qaçmağa üz qoydular.
-
(Mələklər istehza ilə onlara belə dedilər: ) “Qaçmayın, kef çəkdiyiniz yerə,
məskənlərinizə qayıdın”. Yəqin ki, (hara getmişdiniz; mal-dövlətiniz,
cəh-cəlalınız necə oldu, deyə) sorğu-sual ediləcəksiniz!
-
Onlar (nicat tapmaqdan ümidlərini üzüncə): “Vay halımıza! Biz, həqiqətən,
zalım olmuşuq (Rəbbimizə küfr etməklə özümüz özümüzə zülm etmişik)”, -
dedilər.
-
Biz onları ot kimi biçənəcən (külə döndərənəcən) elə bu sözləri deyib
dururdular (nalə çəkirdilər).
-
Biz göyü, yeri və onlar arasında olanları oyun-oyuncaq yaratmadıq. (Kainat
əbəs yerə deyil, Allahın qüdrətinin təcəssümü kimi yaradılmışdır. Buna görə
də insanlar yalnız onun xaliqi Allaha ibadət etməlidirlər).
-
Əgər Biz (Özümüzə) əyləncə etmək (arvad-uşaq düzəltmək) istəsəydik, onu
mütləq Öz dərgahımızdan (mələklərdən, hurilərdən) edərdik. Lakin Biz (bunu)
etmədik. (Çünki Allaha, insanlardan fərqli olaraq, əylənmək, Özünə övlad
götürmək, yaxud kimisə Özünə yoldaş etmək yaraşmaz).
-
Xeyr, Biz batili haqla (küfürü imanla) rədd edərik (haqqı batilin təpəsinə
atarıq) və o da onu (batili) yox edər. (Bir də baxıb görərsiniz ki) o yox
olub getmişdir. (Batil sözlərlə Allaha) isnad etdiyiniz sifətlərə görə vay
halınıza!
-
Göylərdə və yerdə olan (bütün) məxluqat Onundur (Allahın qüdrət əsəridir).
Onun dərgahında olanlar (rütbə və şərəf e’tibarilə mə’nən Allaha yaxın
mələklər) Ona ibadət etməyə təkəbbür göstərməz və (bu ibadətdən) yorulmaq
bilməzlər.
-
Onlar gecə-gündüz, yorulub-usanmadan (Rəbbini) təqdis edib şə’ninə təriflər
deyərlər.
-
Yoxsa (Məkkə müşrikləri) yerdən (yerdə mövcud olan daş, qızıl-gümüş və s.
-dən özləri üçün) tanrılar qəbul etdilər ki, onlar ölüləri dirildəcəklər?
(Xeyr, Allahdan başqa heç kəs (ölüləri) dirildib məhşərə gətirməyə qadir
deyildir!)
-
Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də
(müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin
Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır!
-
(Allah) gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün bəndələr)
isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər.
-
Yoxsa (müşriklər özləri üçün) Ondan (O Allahdan) başqa tanrılar qəbul
etdilər? (Ya Rəsulum!) De: “(Etdiyiniz əməlin düzgünlüyünü sübut edən)
dəlilinizi gətirin. Bu mənimlə onların (ümmətimin) Kitabı (Qur’an), bu da
məndən əvvəlkilərin kitabı (Tövrat və İncil)! Xeyr, onların əksəriyyəti
haqqı bilməz və buna görə də (ondan) üz döndərər!”
-
(Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən
başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” – deyə
vəhy etməyək.
-
(Kafirlər: ) “Rəhman (mələklərdən Özünə) övlad götürdü!” – dedilər. O,
pakdır, müqəddəsdir! (Belə şeylərdən tamamilə uzaqdır!) Xeyr, (mələklər Onun
övladı deyil, xəlq etdiyi) möhtərəm qullardır.
-
(Mələklər) Ondan qabaq söz danışmaz, Yalnız Onun əmri ilə iş görərlər.
-
(Allah) onların öndəkilərini də, arxalarındakını da (nə etdiklərini və nə
edəcəklərini) bilir. Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi)
kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar.
-
(Mələklərdən) heç kəs: “Mən Ondan başqa bir tanrıyam!” – desə, onu
Cəhənnəmlə cəzalandırarıq. Biz zalımlara belə cəza veririk.
-
Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər
bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər?
(Göylər ilk yaradılışda bir-birinə bitişik bir təbəqə olduğu halda, onların
arası hava ilə açılıb yeddi təbəqəyə ayrılmış, yer də bir təbəqə ikən sonra
yeddi təbəqəyə bölünmüşdür. Bu, Allahın qüdrətini, əzəmətini sübut edən ən
tutarlı dəlillərdəndir).
-
Yer onları silkələməsin (atıb-tutmasın) deyə, orada möhkəm (durmuş) dağlar
yaratdıq; onlar (istədikləri yerə) rahat gedib çata bilsinlər deyə, orada
geniş yollar əmələ gətirdik.
-
Göyü (yerdən ötrü və onun üstünə düşməsin deyə) qorunub saxlanılan bir tavan
etdik. Halbuki (kafirlər) ayələrimizdən (vəhdaniyyətimizi, qüdrətimizi sübut
edən bu dəlillərdən) üz döndərdilər.
-
Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların (həmçinin
ulduzların) hər biri (özünə məxsus) bir göydə üzür (öz hədəqəsində, öz
dairəsində hərəkət edir).
-
(Ya Rəsulum!) Səndən əvvəl də (dünyada) heç bir bəşərə əbədiyyat (ölməzlik)
vermədik. Belə olduğu təqdirdə, sən ölsən, onlar dirimi qalacaqlar?!
-
Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür
edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və
xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və
cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini
almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!
-
(Ya Rəsulum!) Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq
(bir-birinə): “Sizin tanrılarınıza tə’nə edən bumudur?” – deyərlər. Halbuki
onlar, məhz onlar Rəhmanın öyüd-nəsihətini (Qur’anı) inkar edirlər.
-
İnsan tələsən (hövsələsiz) yaradılmışdır. (İnsan təbiəti e’tibarilə
hövsələsizdir, tələskəndir. Allahın əzabının tez gəlməsini istəyən müşriklər
kimi). Ayələrimi (Peyğəmbərin dediyi sözlərin düzgün olmasını, əzabımı
tezliklə) sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!
-
Onlar (kafirlər): “Əgər siz doğru danışırsınızsa, bu və’din (əzabın, yaxud
qiyamətin) nə vaxt olacağını bildirin!” – deyirlər.
-
Kaş kafirlər atəşi üzlərindən və arxalarından dəf edə bilməyəcəkləri və
onlara heç bir kömək olunmayacağı vaxtı (qiyaməti) biləydilər! (Əgər
bilsəydilər, belə bir sual verməz, həm də Allahın əzabının tezliklə
gəlməsini istəməzdilər).
-
Xeyr, (qiyamət) onları gözlənilmədən yaxalayar və şaşırdar (mat-məbhut
edər). (Kafirlər) onu əsla geri qaytara bilməzlər və onlara (tövbə,
üzrxahlıq üçün) möhlət də verilməz!
-
(Ya Rəsulum!) Səndən əvvəl də peyğəmbərlərə istehza edilmişdi. İstehza
edənləri məsxərəyə qoyduqların şeyin özü (peyğəmbərlərin onları qorxutduğu
əzab) məhv etdi.
-
De: “Sizi gecə (yatdığınız vaxt) və gündüz (gəzib dolandığınız zaman)
Rəhmandan (Rəhmanın əzabından) kim qurtara bilər?” Amma onlar Rəbbinin
öyüd-nəsihətindən (Qur’andan) üz döndərdilər.
-
Yoxsa onların Bizdən başqa (əzabı) onlardan dəf edə biləcək tanrıları
vardır?! Onlar (o tanrılar) heç özlərinə belə yardım etməyə qadir olmaz,
Bizdən də (əzabımızdan da) qoruna bilməzlər. (Və ya: Bizdən də dəstək görə
bilməzlər).
-
Doğrusu, Biz bununla (bu kafirlərə) və atalarına ömürləri uzanıncaya qədər
(dünyada) gün-güzəran verdik. (Onlar fani dünya malına aldanıb məğrur
oldular). Məgər Bizim (onların) torpağına girib onu hər tərəfdən
əskiltdiyimizi (gündən-günə yurdlarının müsəlmanların əlinə keçdiyini)
görmürlərmi? Belə olduqda, qalib olanlar onlarmıdır?!
-
(Ya Rəsulum!) De: “Mən sizi ancaq vəhy ilə qorxuduram”. Karlar qorxudulduğu
zaman çağırışı eşitməzlər!
-
Həqiqətən, əgər Rəbbinin əzabından az bir şey onlara toxunsa, onlar mütləq:
“Vay halımıza! Biz, doğrudan da, zalım olmuşuq (Allaha şərik qoşmaqla, küfr
etməklə özümüz özümüzə zülm etmişik)” – deyəcəklər.
-
Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq
edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir əməli
tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik.
-
Biz Musa və Haruna Furqanı (haqqı batildən ayıran Tövratı doğru yolu
göstərən) bir nur və müttəqilərdən ötrü öyüd-nəsihət olaraq vermişdik.
-
O kəslərdən ötrü ki, onlar öz Rəbbindən Onu görmədən (yaxud Allahın axirətdə
verəcəyi əzabdan) qorxar və qiyamətdən lərzəyə gələrlər.
-
Bu (Qur’an) nazil etdiyimiz mübarək (insanlara daim xeyir-bərəkət gətirən)
bir Kitabdır. İndi siz onu inkarmı edirsiniz?
-
Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik (peyğəmbərlik ehsan
buyurmuşduq). Biz onu (onun buna layiq olduğunu) bilirdik.
-
(İbrahim) atasına və tayfasına: “Sizin tapınıb durduğunuz bu heykəllər
nədir?” – dediyi zaman
-
Onlar: “Biz atalarımızı onlara ibadət edən gördük!” – deyə cavab
vermişdilər.
-
(İbrahim onlara: ) “And olsun ki, siz də, atalarınız da (haqq yoldan)
açıq-aşkar azmısınız!” – demişdi.
-
Onlar: “Sən bizə ciddi deyirsən, yoxsa zarafat edirsən? (Sən bizə haqlamı
gəldin, yoxsa oyunbazlardansan?)” – deyə soruşduqda
-
(İbrahim) belə cavab vermişdi: “Xeyr, Rəbbiniz göylərin və yerin Rəbbidir
ki, onları yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm!
-
Allaha and olsun ki, siz çıxıb getdikdən sonra bütlərinizə bir hiyə
quracağam! (Başlarına bir oyun açacağam!)”
-
(Onlar gedən kimi İbrahim bütləri) parça-parça edib yalnız onların böyüyünü
saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər. (Qoy anlasınlar ki, bu
dilsiz-ağılsız bütlər nəinki başqalarını, hətta özlərini belə qorumağa qadir
deyillər. Buna görə də onlara ibadət etmək ən böyük günahdır).
-
(Onlar qayıdan kimi işin nə yerdə olduğunu görüb) dedilər: “Bunu
tanrılarımıza kim edibsə, o, şübhəsiz ki, zalımlardandır!”
-
(Müşriklərin bə’ziləri:) “İbrahim deyilən bir gəncin onları pislədiyini
eşitmişik!” – dedilər.
-
(Qalanları: ) “Bunların şahidlik edə bilmələri üçün onu (tapıb) camaatın
gözü qabağına gətirin!” – dedilər.
-
(Müşriklər İbrahimi tapıb gətirərək:) “Ya İbrahim! Tanrılarımızı sənmi bu
günə saldın?” - deyə soruşdular.
-
(İbrahim sındırmadığı iri bütü göstərib:) “Bəlkə, onların bu böyüyü bunu
etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!” – deyə cavab verdi.
-
Bunun nəticəsində onlar (ağıllarını başlarına yığıb) öz-özlərinə müraciətlə:
“Siz, doğrudan da, zalımlarsınız (dilsiz-ağılsız, heç özlərini belə qorumağa
qadir olmayan bütlərə tapınmaqla özünüz özünüzə zülm edirsiniz)”, - dedilər.
-
Sonra (mübahisədə aciz qaldıqlarını görüb) yenə də öz küfrlərinə (başlarında
olan əski e’tiqada) qayıdaraq (İbrahimə): “Axı sən bilirsən ki, bunlar
danışmırlar!” – dedilər.
-
(İbrahim) dedi: “Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə
bilməyən bütlərəmi ibadət edirsiniz?
-
Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, (etdiyiniz
əməllərin qəbahətini) anlamırsınız?”
-
(Nəmrud və ətrafındakılar öz camaatına) belə dedilər: “Əgər
(tapındıqlarınıza yardım göstərmək, onları xilas etmək üçün) bir iş
görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!”
-
Biz də: “Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! (Hətta soyuğun belə
ona zərər yetirməsin!)” – deyə buyurduq.
-
Onlar (İbrahimə) hiylə qurmaq istədilər, lakin Biz onları (cürbəcür
müsibətlərə düçar etməklə, xüsusilə üstlərinə ətlərini yeyib qanlarını içən
həşərat göndərməklə) daha çox ziyana uğratdıq.
-
Biz onu da (İbrahimi də), (qardaşı oğlu) Lutu da (Nəmrud tayfasının əlindən
qurtarıb) aləmlər üçün mübarək etdiyimiz (torpağında bəşər övladına
bərəkətlər verdiyimiz) yerə (Şama) qovuşdurduq.
-
Biz ona (İbrahimə) İshaqı, üstəlik Yə’qubu da bəxş edib onların hamısını
saleh kimsələr etdik.
-
Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar (rəhbərlər)
etdik. Biz onları xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy
etdik. Onlar yalnız Bizə ibadət edirdilər.
-
Biz Luta da bir hökm (hikmət, peyğəmbərlik; çətin məsələləri həll edib hökm
çıxartmaq) və elm verdik, onu (əhalisi) çirkin işlər görən bir məmləkətdən
(çıxardıb) xilas etdik. Həqiqətən, onlar pis, fasiq (Allaha asi olan,
pozğun) bir tayfa idilər.
-
Biz onu mərhəmətimizə qovuşdurduq, çünki o, doğrudan da, saleh kimsələrdən
idi.
-
(Ya Rəsulum!) Nuhu da (yad et)! O daha öncə (öz kafir ümmətinin əzaba düçar
olması haqqında) yalvarıb dua etmişdi. Biz onun duasını qəbul buyurmuş, onu
da, ailəsini də böyük fəlakətdən (tufandan) qurtarmışdıq!
-
Biz ayələrimizi yalan hesab edən bir qövmə qarşı ona yardım göstərmişdik.
Onlar, həqiqətən, pis bir camaat idilər. Buna görə də Biz onların hamısını
(suya) qərq etdik.
-
(Ya Rəsulum!) Davudu və Süleymanı da (yad et)! O zaman ki, onlar bir
tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm
verirdilər və Biz də onların hökmünə şahid idik.
-
Biz onu (məsələnin hökmünü) dərhal Süleymana anlatdıq. Və onların hər birinə
hökm (hikmət, peyğəmbərlik) və elm (şəriəti dərindən bilmək) verdik. Biz
dağları və quşları Davudla birlikdə (Allahı) təqdis edib tə’rifləsinlər deyə
ona ram etdik. Bunları (sizə təəccüblü görünsə də, lövhi-məhfuzdakı əzəli
hökmümüzlə) Biz etmişdik.
-
Biz (Davuda) sizi (düşmənlə) vuruşda qorumaq üçün zireh (toxumaq) sənətini
öyrətdik. (Ey Məkkə əhli! Rəbbinizin bu ne’mətinə) artıq şükür edərmisiniz?
-
Əmrilə bərəkət verdiyimiz yerə (Şama) doğru şiddətlə əsən küləyi də
Süleymana Biz ram etdik. Biz hər şeyi bilənik!
-
Biz şeytanlardan qəvvaslıq edənləri və başqa işlər görənləri (ev tikənləri,
mehrab düzəldənləri) də onun ixtiyarına verdik. Biz (Süleymanın əmrindən
çıxmasınlar, gördükləri işləri təzədən korlamasınlar, fitnə-fəsad
törətməsinlər deyə) onların üstündə göz olurduq.
-
(Ya Rəsulum!) Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək
belə demişdi: “Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin
rəhmlisisən!”
-
Biz (Əyyubun) duasını qəbul buyurduq, onu düçar olduğu bəladan (xəstəlikdən
və ailəsinə üz vermiş müsibətdən) qurtardıq. Dərgahımızdan (Əyyuba) bir
rəhmət və (Allaha) ibadət edənlərə ibrət dərsi (öyüd-nəsihət) olsun deyə,
(həlak olmuş) övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə
etdik.
-
(Ya Rəsulum!) İsmaili, İdrisi və Zülkifli də (yad et)! Onların hər biri səbr
edən kimsələrdən idi.
-
Biz onları mərhəmətimizə qovuşduqduq (peyğəmbər etdik). Onlar, doğrudan da,
saleh bəndələrdən idilər.
-
Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi
aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu
səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud
hokmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində
(balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): “(Pərvərdigara!)
Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə,
həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm
eləmişəm)”,-deyib dua etmişdi.
-
Biz onun (Yunisin) duasını qəbul buyurduq və (balığın qarnından çıxartmaqla)
onu qəmdən qurtardıq. Biz mö’minlərə belə nicat veririk!
-
(Ya Rəsulum!) Zəkəriyyanı da (yada sal)! Bir vaxt o: “Ey Rəbbim! Məni tək
(kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat
yox olar, ancaq Sən qalarsan!)” – deyə yalvarıb Rəbbinə dua etmişdi.
-
Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və
zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə
tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə
(rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər.
Onlar Bizə müt’i idilər.
-
(Ya Rəsulum!) İsmətini (bəkarətini) qoruyanı da (Məryəmi də yad et)! Biz Öz
ruhumuzdan (Özümüzün yaratdığımız ruhdan Cəbrail vasitəsilə) ona üfürdük,
onu və oğlunu (atasız doğulmuş İsanı) aləmlərə (mələklərə, bütün insanlara
və cinlərə) bir mö’cüzə etdik.
-
(Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan islam) tək bir din olaraq
sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət
edin!
-
Amma (insanlar din barəsində) öz aralarında firqələrə bölünüb parçalandılar.
Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar. (Biz də müvafiq surətdə
əməllərinin əvəzini verəcəyik).
-
Hər kim mö’min ikən yaxşı işlər görsə, onun zəhməti danılmayacaqdır
(mükafatı tamamilə ödəniləcəkdir). Şübhəsiz ki, Biz onun üçün (gördüyü
işləri mələklər vasitəsilə əməl dəftərinə) yazırıq.
-
Məhv etdiyimiz hər hansı bir məmləkət əhlinin (qiyamət qopana qədər tövbə
etmək üçün bir də dünyaya, yaxud haqq dinə) qayıtması mümkün deyildir
(haramdır).
-
Nəhayət, Yə’cuc-Mə’cüc (səddinin) açılıb (dağılıb) onlar hər tərəfdən (alçaq
və yüksək təpələrdən) sür’ətlə (məhşərə) axışdıqları zaman;
-
Doğru və’d (qiyamət günü) yaxınlaşdıqda kafir olanların gözləri (dəhşətdən)
dərhal bərəlib: “Vay halımıza! Biz (dünyada) bundan qafil idik. Xeyr, biz
zalım olmuşuq (peyğəmbərlərin dediklərinə inanmamaqla zülm etmişik)!” –
deyərlər.
-
(Ey Məkkə əhli!) Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm
yanacağısınız (odunusunuz). Siz ora varid olacaqsınız!
-
Əgər bunlar tanrı olsaydılar, ora girməzdilər. Hamısı orada həmişəlik
qalacaqlar.
-
Onları orada inilti (ah-nalə) gözləyir. Onlar orada (heç bir xoş söz)
eşitməzlər.
-
(Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl ne’mət (Cənnət,
əbədi səadət) yazılmış kəslər – məhz onlar ondan (Cəhənnəmdən)
uzaqlaşdırılmış olacaqlar.
-
Onlar (Cəhənnəmin) uğultusunu eşitməyəcəklər. Onlar (Cənnətdə) ürəklərinin
istədiyi (ne’mətlər) içində əbədi qalacaqlar.
-
Onları ən böyük qorxu (İsrafilin suru axırıncı dəfə çalınıb cəhənnəmliklərin
Cəhənnəmə atılması) məhzun etməyəcəkdir. Mələklər onları qarşılayıb: “Bu
sizə və’d olunmuş gününüzdür!” – deyəcəklər.
-
Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza
salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb
(dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz və’di
mütləq yerinə yetirəcəyik. (Biz qiyamət günü sizi dirildib lüt-üryan,
anadangəlmə vəziyyətdə məhşərə gətirməyi və’d etmişdik. Biz onu mütləq
edəcəyik).
-
Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət
torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin
daxil olacağını yazmışdıq.
-
Həqiqətən, bunda da (Qur’anda da Allaha) ibadət edən bir ümmətdən ötrü
(kifayət qədər) moizə (öyüd-nəsihət) vardır.
-
Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət
olaraq göndərdik. (Sən təkcə insanlara deyil, eyni zamanda cinlərə də
peyğəmbər göndərilmisən. Bütün aləmlər əhli, o cümlədən göydəki mələklər,
yerdəki insanlar və cinlər sənin vücudunla şərəfə nail olurlar. Sənin
sayəndə günahkarlara möhlət verilmiş, hətta səni inkar edənlərin belə cəzası
qiyamətə qədər tə’xirə salınmışdır. Mö’minlər isə sənə iman gətirməklə
dünyada böyük savab qazanıb axirətdə yüksək dərəcələrə, əbədi səadətə nail
olacaqlar).
-
(Müşriklərə) de ki, mənə, həqiqətən, belə vəhy olunur: “Sizin tanrınız ancaq
bir olan Allahdır. Bundan sonra (Ona) itaət etməyə (müsəlman olmağa) boyun
qoyacaqsınızmı?”
-
(Ya Rəsulum!) Əgər onlar (imandan) üz döndərsələr, de: “(Mənə vəhy olunanı)
sizə olduğu kimi (hamıya eyni dərəcədə) bildirdim. Sizə və’d olunan şeyin
(qiyamət gününün və ya mö’minlərin qələbəsinin) yaxınmı, uzaqmı olduğunu
bilmirəm.
-
Şübhəsiz ki, (Allah) aşkar (ucadan) deyilən sözü də, sizin gizlətdiklərinizi
də bilir!
-
Mən bilmirəm, bəlkə də, (cəzanızın) tə’xirə salınması sizi imtahana çəkmək
və bir müddət (əcəliniz çatana qədər) sizə gün-güzəran vermək üçündür”.
-
(Peyğəmbər) dedi: “Ey Rəbbim! (Mənimlə məni təkzib edən Məkkə müşrikləri
arasında) ədalətlə hökm et. Sizin mənə aid etdiyiniz sifətlərə (dediyiniz
pis sözlərə) qarşı kömək dilənilməsi kimsə yalnız Rəhman olan Rəbbimizdir!”
Geri qayıt