.35.
Fatir (Yaradan) surəsi
(Məkkədə nazil olmuşdur, 45 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı
mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda
istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir!
-
Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi ne’mətə, ruziyə) heç kəs
mane ola bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə
(verə) bilməz. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
-
Ey insanlar! Allahın sizə olan ne’mətini yada salın. Allahdan başqa sizə
göylərdən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa heç bir tanrı
yoxdur. Elə isə necə (aldanıb haqdan) döndərilirsiniz?
-
Əgər (bu müşriklər) səni təkzib etsələr (heç ürəyini sıxma). Səndən əvvəl də
peyğəmbərlər təkzib olunmuşdu. Bütün işlər (axırda) ancaq Allaha
qayıdacaqdır (qaytarılacaqdır)! (Təkzib edənlərə cəza veriləcək, təkzib
olunanlara isə yardım göstəriləcəkdir!)
-
Ey insanlar! Şübhəsiz ki, Allahın (qiyamət barəsindəki) və’di haqdır. Dünya
həyatı sizi aldatmasın. O tovlayan (Şeytan) da sizi tovlayıb yoldan
çıxartmasın!
-
Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə
uyanları cəhənnəm əhli olmağa çağırır.
-
Kafir olanları şiddətli əzab, iman gətirib yaxşı işlər görənləri isə
bağışlanma və böyük bir mükafat (Cənnət) gözləyir!
-
Pis əməli (Şeytan tərəfindən) özünə yaxşı göstərilib onu yaxşı görən
(Allahın doğru yola yönəltdiyi kimsəyə bənzəyirmi?!) Şübhəsiz ki, Allah
istədiyini zəlalətə, istədiyini də doğru yola salar. (Ya Peyğəmbər!) Artıq
onlara (Məkkə müşriklərinin haqq yoldan azmalarına) görə özünü üzüb həlak
etmə. Həqiqətən, Allah onların nə etdiklərini biləndir!
-
Buludları hərəkətə gətirən küləkləri Allahdır göndərən! Biz (o buludları)
quru (ölü) bir məmləkətə tərəf qovub, öldükdən sonra torpağı onunla
dirildirik. (Ölüləri) diriltmək də belədir!
-
Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da,
axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur. (Buna
yalnız Allaha itaət və ibadət etməklə nail olmaq mümkündür). Pak söz (tövhid
kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah
dərgahına) yaxşı əməl qaldırar. (Allah pak sözü eşidəndir, saleh əməli də
qəbul edər). Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların
qurduqları hiylələr boşa çıxar.
-
Allah sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da
sizi (kişi və qadın olmaqla) cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın
hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür
sürməsi də, onun (yaxud başqa birinin) ömrünün qısaldılması da ancaq kitabda
(lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.
-
İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat
(boğazdan rahat keçən), digərininki isə həddindən artıq şor və acıdır.
Onların hər birindən təzə ət (balıq) yeyir, taxdığınız (inci və mərcan kimi)
bəzəklər çıxardırsınız. Onun (Allahın) lütfündən (ne’mətindən) ruzi diləyib
axtarmağınız (ticarət etməyiniz) üçün gəmilərin də orada (suyu) yara-yara
üzdüyünü görürsən. (Bütün bunlara görə), bəlkə, (Allaha) şükür edəsiniz.
-
(Allah) gecəni gündüzə, güzdüzü də gecəyə qatar. O, günəşi və ayı ram (öz
əmrinə, sizin mənafeyinizə tabe) etmişdir. Onların hər biri (öz hədəqəsində,
öz dairəsində) müəyyən müddətədək (qiyamət gününə qədər) dövr (hərəkət)
edər. Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur. Sizin Ondan qeyri
ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər.
-
Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı
eşitməzlər; eşitsələr də cavab verə bilməzlər (çünki Allah onlara nitq
qabiliyyəti verməmişdir). Özləri də qiyamət günü sizin (Onları Allaha) şərik
qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar. (Ya Peyğəmbər!)
Heç kəs sənə hər şeydən xəbərdar olan (Allah) kimi xəbər verə bilməz!
-
Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin
ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tə’rifə) layiqdir! (Onun
bütün işləri bəyəniləndir!)
-
Əgər istəsə, sizi yox edib (yerinizə) başqa bir məxluq gətirər.
-
Bu, Allah üçün çətin deyildir!
-
Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə
yükünü daşımaq üçün (başqa birisini köməyə) çağırsa və (çağırılan adam onun)
yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz. (Ya Peyğəmbər!) Sən ancaq
Rəbbindən (Onun əzabını) görmədikləri halda qorxanları və (vaxtlı-vaxtında)
namaz qılanları qorxudub xəbərdar edirsən. Her kəs (günahlardan, küfrdən)
təmizlənsə, özü üçün təmizlənmiş olar (savabı özünə yetişər). Axır dönüş
ancaq Allahadır!
-
Kor ilə görən eyni olaz.
-
Zülmətlə nur da (eyni deyildir)!
-
Kölgə (sərin) ilə isti (eyni olmaz).
-
Dirilərlə ölülər də eyni deyillər! (Bütün bunlar kimi kafirlə mö’min, küfrlə
iman, Cəhənnəmlə Cənnət, batillə haqq da eyni olmazlar!) Şübhəsiz ki, Allah
dilədiyinə (ayələrini) eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə
olanlara (haqqı) eşitdirən deyilsən!
-
Sən ancaq (müşrikləri, kafirləri Allahın əzabı ilə) qorxudan bir
peyğəmbərsən!
-
Doğrudan da, Biz səni haqla (Qur’anla) müjdə verən və qorxudan bir peyğəmbər
olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən (kafirləri Allahın
əzabı ilə) qorxudan (xəbərdar edən) bir peyğəmbər (yaxud alim)
gəlib-getməsin!
-
Əgər onlar (Məkkə müşrikləri) səni yalançı saysalar (heç ürəyini qısma).
Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) yalançı hesab etmişdilər.
Halbuki peyğəmbərləri onlara açıq-aşkar mö’cüzələr, səhifələr və (Tövrat,
İncil kimi) nurani kitab gətirmişdilər.
-
Sonra Mən o küfr edənləri (əzabla) yaxaladım. (Ya Peyğəmbər! Bir görəydin)
Mənim onları inkar etməyim (ne’mətimi nifrətə çevirərək cəzalandırmağım)
necə oldu!
-
(Ya Peyğəmbər!) Məgər Allahın göydən bir yağmur yağdırdığını görmürsənmi?!
Sonra Biz onunla növbənöv meyvələr yetişdirdik və dağlarda müxtəlif rəngli –
ağ, qırmızı, tünd qara yollar (yaxud tünd qara qayalar) peyda etdik.
-
İnsanların, (yer üzündə gəzən) heyvanların və davarların da bu cür müxtəlif
rəngləri vardır. Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar.
(Onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini
daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar). Həqiqətən, Allah
yenilməz qüvvət sahibidir, (mö’minləri) bağışlayandır!
-
Allahın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən (Allah
yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət (savab)
umarlar ki,
-
(Allah) onlara (əməllərinin) mükafatlarını versin və Öz lütfündən
(kərəmindən) onlara artırsın! Həqiqətən, (Allah) bağışlayandır,
qədirbiləndir! (Bəndələrinə Ona etdikləri şükür müqabilində bol ne’mət əta
edər).
-
(Ya Peyğəmbər!) Sənə özündən əvvəlkiləri təsdiqləyici olaraq vəhy etdiyimiz
Kitab (Qur’an) haqdır. Həqiqətən, Allah bəndələrindən xəbərdardır, (hər,
şeyi) görəndir!
-
Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə (Muhəmməd ümmətinə) miras
verdik. Onlardan kimisi özünə zülm edər (pis əməlləri yaxşı əmələrdən çox
olar), kimisi mö’tədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar,
kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını ötüb) irəli keçər
(yaxşı əməlləri pis əməllərindən çox olar). Bu (Kitaba varis olmaq) böyük
lütfdür!
-
Onlar Ədn cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə
bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır.
-
Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun.
Həqiqətən, Rəbbimiz bağışlayandır, qədirbiləndir!
-
Elə bir Rəbb ki, Öz lütfü (kərəmi) ilə bizi (əbədi qalacağımız) iqamətgahda
yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət
(əziyyət) toxunacaqdır!”
-
Kafir olanları cəhənnəm odu gözləyir. Orada nə onların ölümünə hökm olunar
ki, ölüb canlarını qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri
belə cəzalandırırıq!
-
Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki,
saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!” (Onlara belə
deyəcəyik: ) “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin
öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür
vermədikmi?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər
də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!”
-
Şübhəsiz ki, Allah göylərin və yerin qeybini (gözə görünməyən sirlərini)
bilir. O, ürəklərdə olanları da biləndir!
-
Sizi yer üzünün varisləri edən (bir-birinizin yerinə gətirən) Odur. Küfr
edənin küfrü öz əleyhinə olar (zərərini özü çəkər). Kafirlərin küfrü Rəbbi
yanında onlara qəzəbdən başqa bir şey artırmaz. Kafirlərin küfrü (axirətdə)
onların ancaq ziyanını artırar!
-
(Ya Rəsulum! Məkkə müşriklərinə) de: “Mənə bir göstərin (deyin) görüm,
Allahdan başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və yerə bənzər
şeylərdən) nəyi yaradıblar? Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi
var? Yaxud onlara (ilahi) bir kitab vermişik və (Allaha şərik qoşmaq
barəsində) oradakı bir dəlilə istinad edirlər?! Xeyr, o zalımlar (bütlərin
onlar üçün şəfaət edəcəyi haqda) bir-birinə ancaq yalan və’d verirlər.
-
Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar (öz mehvərindən
çıxmasınlar) deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa
onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir,
bağışlayandır! (Bəndələrinə cəza verməkdə tələsməz, tövbə edənləri əfv
edər).
-
(Məkkə müşrikləri) özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər
gələcəyi təqdirdə (yəhudi, xaçpərəst və başqaları kimi) hər hansı ümmətdən
daha artıq doğru yolda olacaqları barədə Allaha çox möhkəm and içmişdilər.
Amma onlara belə bir peyğəmbər (Muhəmməd əleyhissəlam) gəldikdə bu ancaq
onların nifrətini artırdı (haqq yoldan daha da uzaqlaşdılar).
-
(Bu isə onların) yer üzündə təkəbbür göstərmələri (iman gətirməyi özlərinə
sığışdırmamaları) və pis əməlləri ucbatından idi. Pis əməl (qərəzli hiylə)
ancaq onun öz sahibinin başında çatlayar. Məgər onlar Allahın adəti
(qayda-qanunu) üzrə (özlərindən) əvvəlkilərin düçar olduqları müsibətlərimi
(həmin müsibətlərin onların öz başlarına da gəlməsinimi) gözləyirlər? (ya
Peyğəmbər!) Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan!
-
Məgər onlar yer üzündə dolaşıb özlərindən əvvəlkilərin axırının necə
olduğunu görmürlərmi? Halbuki onlar bunlardan daha qüvvətli idilər. Göylərdə
və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O (hər şeyi)
biləndir, (hər şeyə) qadirdir!
-
Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, (Yer) üzündə
bir nəfəri belə (sağ) qoymazdı. Lakin Allah onları (onların cəzasını)
müəyyən bir vaxta (qiyamət gününə) qədər gecikdirər. Nəhayət, onların vaxtı
gəlib çatdıqda (həmin müddət yetişib qiyamət qopduqda hamını yenidən
dirildərək hərəyə öz əməli müqabilində cəza, yaxud mükafat verər). Çünki
Allah öz bəndələrini görəndir!
Geri qayıt