.48.
əl-Fəth (Fəth) surəsi
(Mədinədə nazil olmuşdur, 29 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə (müsəlmanların fütuhatının başlanğıcını
qoyan, Kə’bənin yerləşdiyi Məkkə şəhərinin, habelə bir çox başqa
məmləkətlərin fəthinə səbəb olacaq Hüdeybiyyə sülhü ilə) açıq-aşkar bir
zəfər bəxş etdik!
-
Allah (bununla) sənin əvvəlki sə sonrakı günahlarını bağışlayacaq, sənə olan
ne’mətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir!
-
Allah sənə yenilməz qələbə verəcəkdir!
-
Mö’minlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə (Öz
dərgahından) arxayınlıq (rahatlıq və mə’nəvi möhkəmlik) göndərən Odur.
Göylərdəki və yerdəki ordular (mələklər, cinlər, insanlar, heyvanlar,
ildırım, qasırğa, fırtına, sel, zəlzələ, ayın tutulması, günəşin batması və
i. a.) Allahın ixtiyarındadır (Allah istədiyindən onlar vasitəsilə intiqam
alar) Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
-
(Cihad əmri ona görədir ki) Allah mö’min kişiləri və qadınları əbədi
qalacaqları, (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin və
onların günahlarının üstünü örtsün. Bu, Allah dərgahında böyük qurtuluşdur
(uğurdur)!
-
(Cihad əmri həm də ona görədir ki) Allah (Muhəmmədin Rəbbi nə Muhəmmədin
özünə, nə də mö’minlərə kömək edəcəkdir -deyə) Onun barəsində bədgüman
(bədniyyət) olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba
düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara
qəzəbi tutmuş və (Allah) onlara lə’nət etmişdir. (Allah) Cəhənnəmi onlar
üçün hazırlamışdır. Ora necə də pis məskəndir!
-
Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah yenilməz qüvvət
sahibi, hikmət sahibidir!
-
(Ya Rəsulum!) Həqiqətən, Biz səni (bəşər övladına) bir şahid, bir müjdəçi və
(Allahın əzablı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik.
-
(Biz onu göndərdik ki, siz insanlar) Allaha və Onun Rəsuluna iman
gətirəsiniz, Ona (Allaha, yaxud Peyğəmbərə) yardım edəsiniz, onu böyük sayıb
ehtiramını saxlayasınız və (Allahı) səhər-axşam təqdis edib şə’ninə
tə’riflər deyəsiniz!
-
(Ya Peyğəmbər! Hüdeybiyyə səfəri zamanı bir ağacın altında bey’əti-rizvanla)
sənə bey’ət edənlər, şübhəsiz ki, Allaha bey’ət etmiş olurlar. Allahın
(qüdrət) əli onların əllərinin üstündədir. Kim (bey’əti) pozsa, ancaq öz
əleyhinə pozmuş olar (bunun zərəri yalnız onun özünə dəyər). Kim Allahla
etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər!
-
(Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblər sənə deyəcəklər:
“Mal-dövlətimiz və ailələrimiz başımızı qatdı (səninlə yola çıxa bilmədik).
(Allahdan) bizim bağışlanmağımızı dilə!” Onlar ürəklərində olmayanı dilləri
ilə deyirlər. (Onlara) de: “Əgər Allah sizə bir zərər, yaxud bir xeyir
vermək istəsə, bu işdə Allaha bir şeylə kim mane ola bilər?!” Bəli, Allah
sizin nə etdiyinizdən xəbərdardır!
-
Yoxsa (ey münafiqlər!) siz elə güman edirdiniz ki, Peyğəmbər və mö’minlər
(döyüşdə həlak olub) bir daha öz ailələrinə qayıtmayacaqlar? Bu sizin
ürəyinizə xoş gəlmiş və siz (Allah barəsində) pis fikrə düşmüşdünüz. Və (elə
buna görə də) siz məhvə düçar edilmiş (yaxud xeyirsiz) bir qövm oldunuz!
-
Hər kəs Allaha və Onun Peyğəmbərinə iman gətirməsə, (bilsin ki) Biz kafirlər
üçün cəhənnəm odu hazırlamışıq!
-
Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini bağışlayar,
istədiyinə də əzab verər. Allah bağışlayandır, rəhm edəndir!
-
Siz (Xeybərə) qənimət əldə etmək üçün getdiyiniz zaman (Hüdeybiyyə səfərinə)
getməyənlər (səfərdən geri qalanlar) deyəcəklər: “Qoyun biz də sizin
arxanızca gələk!” Onlar Allahın (ya Peyğəmbər! Hüdeybiyyə səfərinə getməyib
evdə oturanları heç yerə aparma!) sözünü dəyişdirmək istəyirlər. (Ya
Peyğəmbər! Onlara) de: “Siz əsla bizim arxamızca gəlməyəcəksiniz. Allah
əvvəldən belə buyurmuşdur” Onlar deyəcəklər: Xeyr, siz bizə paxıllıq
edirsiniz (istəmirsiniz ki, bizim də payımıza qənimət düşsün)”. Xeyr, onlar
özləri çox az qanan kimsələrdir!
-
(Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblərə de: “Siz (bir müddətdən
sonra) çox güclü bir qövmlə vuruşmağa çağırılacaqsınız. Siz onlarla
vuruşacaqsınız, ya da onlar dönüb müsəlman olacaqlar (döyüşə ehtiyac
qalmayacaqdır). Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Yox,
əgər əvvəldə olduğu kimi (döyüşdən) üz çevirsəniz, (Allah) sizə ağrılı-acılı
bir əzab verər”.
-
(Cihada getməməyə görə) kora günah gəlməz, topala-şilə günah gəlməz, bir də
xəstəyə günah gəlməz. Kim Allaha və Peyğəmbərinə itaət etsə, (Allah) onu
(ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Kim (onlardan) üz
döndərsə, (Allah) onu şiddətli bir əzaba düçar edər!
-
(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə bey’ət
etdikləri zaman Allah mö’minlərdən razı oldu. (Allah) onların ürəklərində
olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz
dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mə’nəvi qüvvə) göndərdi və
onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə
mükafatlandırdı.
-
Həm də (Xeybərdə) ələ keçirəcəkləri çoxlu qənimətlərə (nail etdi). Allah
yenilməz qüvvət sahibi, hikmət sahibidir!
-
Allah sizə çox-çox qənimətlər və’d buyurmuşdur; siz onları əldə edəcəksiniz.
Bunu (Xeybərdəki bu qəniməti) isə sizə tezliklə verdi. Mö’minlərə işarə
olsun və sizi doğru yola çıxartsın deyə, (Allah) insanların sizə qarşı
uzanmış əllərini kəsdi (Xeybərdə müttəfiqlərin, yaxud Məkkə müşriklərinin
müqavimətini qırdı).
-
Hələ əldə edə bilmədiyiniz başqa qənimətlər də (Allahın sizə Məkkənin
fəthini, yaxud Hüneyn vuruşu, İranın fəthi və sonrakı neçə-neçə döyüşlər
zamanı əldə ediləcək qənimətlər və’d buyurmuşdur). Allah onları (öz elmi
ilə) ehtiva etmişdir. Allah hər şeyə qadirdir!
-
Əgər (Məkkə əhlindən sonra) o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq
arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar.
-
(Ya Peyğəmbər!) Allahın əvvəldən qoyduğu qayda-qanun (adət) belədir. Sən
Allahın qayda-qanununda (adətində) heç vaxt bir dəyişiklik görə bilməzsən!
(Həmişə peyğəmbərlər və mö’minlər qalib gəlmiş, kafirlər isə məğlub
olmuşlar).
-
Sizi onlara (müşriklərə) qalib etdikdən sonra Məkkə vadisində (Hüdeybiyyədə)
onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən (onları sizinlə, sizi
də onlarla vuruşmağa qoymayan) Odur. Allah sizin nə etdiklərinizi görəndir!
(Peyğəmbər əshabəsi ilə Hüdeybiyyədə yerləşdiyi zaman səksən silahli Məkkə
müşriki müsəlmanlara hücum etmək istəmiş, lakin əsir tutulub Peyğəmbərin
yanına gətirilmiş, o da onlara heç bir cəza verməyib hamısını azad etmişdi.
Muhəmməd əleyhissəlamın bu lütfü Hüdeybiyyə sülhünün imzalanmasına səbəb
olmuşdu).
-
Küfr edənlər də, sizin Məscidülhərama daxil olmağınıza maneçilik törədənlər
də, qurbanlıqları öz yerinə (qurbangaha) gedib çatmağa qoymayanlar da məhz
onlardır (Məkkə müşrikləridir). Əgər (Məkkədə) tanımadığınız mö’min kişi və
qadınları bilmədən ayaq altına alıb əzmək və bundan dolayı sizə günah gəlmək
ehtimalı olmasaydı (Allah siz mö’minlərin hamılıqla Məkkəyə daxil olmasına
izin verərdi). Amma Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə (o
zaman buna izin vermədi). Əgər onlar (mö’minlərlə kafirlər) bir-birindən
seçilib ayrılmış olsaydılar, Biz onlardan (Məkkə əhlindən) kafir olanları
şiddətli bir əzaba düçar edərdik!
-
Kafirlər öz ürəklərində Cahiliyyət təkəbbürü təəssübünə qapıldıqları
(Hüdeybiyyə sazişinə “bismillahir-rəhmanir-rəhim”, “Muhəmmədun rəsulullah”
sözlərini yazmaqdan imtina etdikləri, hicrətin altıncı ilində Muhəmməd
əleyhissəlamın Məkkəyə daxil olmasına razılıq vermədikləri) zaman Allah
Peyğəmbərinə və mö’minlərə öz dərgahından arxayınlıq (qəlb rahatlığı,
mə’nəvi möhkəmlik) göndərmiş və onlara təqva gəlməsini (la ilahə illallah,
Muhəmmədun rəsulullah” sözünü) xas etmişdi. Onların bu sözə (Məkkə
müşriklərindən) daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi
biləndir!
-
And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) rö’yasının çin
olduğunu təsdiq etdi. (Ey mö’minlər!) Siz, inşallah, əmin-amanlıqla,
(bə’ziniz) başınızı qırxdırmış, (bə’ziniz saçınızı) qısaltmış halda və
(müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız. (Allah) sizin
bilmədiklərinizi bilir. O bundan əlavə (sizə) tezliklə bir qələbə (Xeybərin
fəthini) də bəxş edəcəkdir. (Doğrudan da, Muhəmməd əleyhissəlam hicrətin
yeddinci ilində əshabəsi ilə birlikdə Məkkəyə ümrə ziyarətinə getdi və
ziyarətdən əvvəl Xeybəri fəth etdi. Buna görə də bir işə girişməzdən əvvəl
mütləq “inşallah” demək lazımdır!)
-
Onu (islamı) bütün dinlərdən üstün etmək (onun bütün dinlərdən üstün
olduğunu göstərmək) üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən
Odur. (Ya Rəsulum! Sənin peyğəmbərliyinin həqiqiliyinə) Allahın şahid olması
kifayət edər!
-
Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar
(mö’minlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə
mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan,
Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə
izidir. (Qiyamət günü onlar üzlərindəki mö’minlik nuru alınlarındakı möhür
yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə
bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib
cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə
qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri
qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah
məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) və’d
buyurmuşdur!
