.25.
əl-Furqan (Fərqləndirmə) surəsi
(Məkkədə nazil olmuşdur, 77 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı
batildən ayıran) Qur’anı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər
(uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti
bol və daimidir!)
-
O Allah ki, göylərin və yerin hökmü (səltənəti) Onundur. O (Özünə) heç bir
övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və
onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir.
-
(Müşriklər isə) Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri
yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə,
öldürməyə, həyat verməyə və (öləndən sonra qiyamət günü) yenidən diriltməyə
gücləri çatmayanları (bütləri) özlərinə tanrılar qəbul etdilər.
-
Kafir olanlar: “Bu (Qur’an) onun (Muhəmmədin) uydurmasından başqa bir şey
deyildir. Ona bu işdə başqa bir tayfa (yəhudilər) kömək etmişdir!” – deyərək
(özləri bu batil iddiaları ilə) zülmə (küfrə) və böhtana yuvarlandılar.
-
Onlar həmçinin: “Bu, qədimlərin əfsanələridir (yalan sözlərdir). O
(Muhəmməd) onları (yəhudilərə) yazdırtmışdır; (əzbərlənməsi üçün)
səhər-axşam (Muhəmmədin) özünə oxunur”, - dedilər.
-
(Ya Rəsulum!) De: “Onu (Qur’anı) göylərin və yerin sirrini bilən (Allah)
nazil etmişdir. Həqiqətən, O, (mö’minləri) bağışlayandır, rəhm edəndir!”
-
(Müşriklər) dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib
dolaşır? Məgər ona özü ilə birlikdə (insanları Allahın əzabı ilə) qorxudan
(və onun həqiqi peyğəmbər olduğunu təsdiq edən) bir mələk göndərilməli
deyilmi?
-
Yaxud ona (ruzi qazanmaqdan ötrü bazarları dolaşmasın deyə göydən) bir
xəzinə endirməli və ya ondan (onun meyvəsindən) yeyib dolanmaq üçün bir bağı
olmalı deyildimi?” Zalımlar (müşriklər mö’minlərə) dedilər: “Siz ancaq
ovsunlanmış (buna görə də ağlını itirmiş) bir adama tabe olursunuz!”
-
(Ya Rəsulum!) Bir gör sənin barəndə necə məsəllər çəkdilər! (Səni divanəyə
bənzətdilər, peyğəmbərliyinin həqiqi olduduğunu təsdiq etmək üçün göydən
mələk endirilməsini tələb etdilər!) Artıq (doğru yoldan) azdılar və bir daha
(haqqa) yol tapa bilməzlər!
-
(Ya Rəsulum!) Əgər istəsə, sənə ondan (müşriklərin dediklərindən) daha
yaxşısını – (ağacları) altından çaylar axan cənnətlər verə bilən, sənin üçün
qəsrlər yarada bilən Allah nə qədər (uca, nə qədər) uludur!
-
Lakin onlar (təkcə səni deyil) o saatı da (qiyaməti də) yalan saydılar. Biz
də o saatı (qiyaməti) yalan hesab edənlər üçün (Cəhənnəmdə) şiddətli bir
atəş hazırladıq.
-
O (atəş) onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və
uğultusunu eşidərlər.
-
Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları
zaman (Dünyada Allaha asi olduqlarına görə özlərinə bəd dua edib) ölüm
diləyərlər.
-
(Onlara istehza ilə deyilər: ) “Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm
diləyin!” (Belə bir gündə bir dəfə vaveyla deməkdən, bir dəfə özünə ölüm
istəməkdən heç nə çıxmaz. Allahın əzabı intəhasız və dəhşətli olduğu üçün
dəfələrlə vaveyla deyib, dəfələrlə özünüzə ölüm diləməlisiniz!)
-
(Ya Rəsulum!) Onlara de: “Bu (cəhənnəm odu) yaxşıdır, yoxsa Allahdan qorxub
pis əməllərdən çəkinənlərə bir mükafat və sığınacaq olaraq və’d edilən Xüld
cənnəti?”
-
Onlar üçün orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar.
Bu, (bəndələr tərəfindən) sənin Rəbbindən (yerinə yetirilməsi) istənilən bir
və’ddir. (Bəndələr öz yaxşı əməlləri müqabilində Allahın onlara Cənnət
qismət etməsini diləmiş, Allah da onlara bu barədə verdiyi və’di yerinə
yetirmişdir).
-
(Allah müşrikləri) və onların Allahdan qeyri ibadət etdiklərini (bütləri)
məhşərə toplayacağı gün (qiyamət günü) belə buyuracaqdır: “Mənim bu
bəndələrimi (haqq yoldan) siz (bütlər) çıxartdınız, yoxsa onlar özləri
yoldan çıxdılar?”
-
(Bütlər) deyəcəklər: “Sən paksan, müqəddəssən! Səni qoyub (özümüzə) başqa
dostlar (hamilər) qəbul etmək bizə yaraşmaz. Lakin sən onlara və atalarına o
qədər ne’mət verdin ki, hətta (Sənin öyüd-nəsihətini, Qur’anı) xatırlamağı
belə unutdular və (buna görə də) məhvə məhkum edilmiş bir tayfa oldular!”
-
(Allah buyuracaqdır: ) “(Ey müşriklər, sizin tanrılarınız) dediklərinizi
təkzib etdilər. Artıq nə əzabı (özünüzdən) sovuşdurar, nə də (özünüzə) bir
kömək edə bilərsiniz. Sizdən zülm edənlərə (Allaha şərik qoşanlara) şiddətli
bir əzab daddıracağıq”.
-
(Ya Rəsulum!) Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də, şübhəsiz ki, yemək
yeyər, (ruzi qazanmaq üçün) bazarları gəzib dolaşardılar. Sizin bir
qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək (möhnətlərə) dözə
biləcəksinizmi? (Birinizi varlı, digərinizi kasıb, birinizi sağlam,
digərinizi xəstə, zəif etdik ki, hansınızın daha səbirli, daha dözümlü
olduğunu, Allahın öz əzəli hökmü ilə ona verdiyi qismətə razı
olub-olmadığını bilək). Sənin Rəbbin (çətinliklərə səbr edənləri və onlardan
qorxanları) görəndir!
-
Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər (qiyamət günü dirilib haqq-hesab
üçün hüzurumuzda duracaqlarında qorxmayanlar): “Bizə (Muhəmmədin həqiqi
peyğəmbər olduğunu təsdiq edən) mələklər endirilməli, yaxud biz (onun doğru
danışıb-danışmadığını bilmək üçün) Rəbbimizi görməli idi!” – dedilər.
Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və (Allahı bilavasitə
görmək, onunla danışmaq istəməyə cür’ət etməklə) azğınlaşıb həddi çox
aşdılar.
-
Mələkləri görəcəkləri gün – həmin gün günahkarlara (Cənnətlə) heç bir müjdə
olmaz. (Mələklər onlara: ) “(Sizə şad xəbər eşitmək) haramdır!” – deyərlər.
-
Onların etdikləri hər hansı bir (yaxşı) əməli Biz qəsdən (havadan uçan)
dağınıq zərrələrə (toz dənələrinə) döndərərik! (Onların qohum-əqrabaya,
yoxsullara göstərdikləri köməyin, qonağa, qəribə etdikləri hörmətin və
dünyada gördükləri digər yaxşı işlərin zərrə qədər qiyməti olmaz!)
-
O gün cənnət əhlinin qalacağı yer daha yaxşı, istirahət edəcəyi yer daha
gözəl olacaqdır!
-
Göyün (yeddi qat səmanın yuxarısından enən ağ) buludla parçalanacağı,
mələklərin bölük-bölük (yerə) endirələcəyi gün -
-
O gün həqiqi hökmranlıq (mülk) ancaq Rəhmana məxsusdur; o, kafirlər üçün isə
çətin bir gün olacaqdır.
-
O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini
çeynəyib deyəcəkdir: “Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol
turardım;
-
Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;
-
And olsun ki, Qur’an mənə gəldikdən sonra məni ondan (Qur’ana iman
gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya
saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər).
-
Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Qur’anı tərk etmişdi!” –
deyəcək.
-
(Ya Rəsulum! Bu Məkkə müşriklərini sənə düşmən etdiyimiz kimi) eləcə də
(səndən əvvəl) hər peyğəmbər üçün günahkarlardan bir düşmən etmişdik.
Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər!
-
Kafirlər: “Qur’an ona (Muhəmmədə) bütöv (birdəfəlik) endirilməli idi!” –
dedilər. (Ya Rəsulum!) Sənin ürəyinə səbat (qətiyyət) vermək üçün Biz onu
ayə-ayə (tədricə) nazil etdik. (Qur’anın az-az endirilib, ağır-ağır oxunması
onun əzbərlənməsini və mə’nalarının anlaşılmasını asanlaşdırır).
-
(Ya Rəsulum! Müşriklər) sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, Biz
sənə (onun) doğrusunu və (onların gətirdikləri misallardan) izahatca daha
yaxşısını gətirməyək.
-
Onlar (qiyamət günü) Cəhənnəmə üzüstə sürüklənib gətiriləcək kəslərdir.
Onlar ən pis yerdə olan, ən çox yoldan azan kimsələrdir.
-
Həqiqətən, Biz Musaya kitab (Tövrat) verdik və qardaşı Harunu da ona vəzir
(köməkçi) etdik.
-
Və (onlara) dedik: “Ayələrimizi yalan hesab etmiş bir tayfanın (Fir’on
əhlinin) yanına gedin!” Sonra Biz onları (suda batırmaqla) büsbütün məhv
etdik.
-
Biz Nuh qövmünü də peyğəmbərlərimizi təkzib etdikləri vaxt suda boğduq və
onları insanlar üçün bir ibrət dərsi etdik. Biz zalımlar üçün də şiddətli
bir əzab hazırlamışıq.
-
Biz Adı da, Səmudu da, (Şüeybin) Rəss əhlini də, həmçinin onların arasında
olan bir çox nəsilləri də (yerlə yeksan etdik).
-
Biz onların hər biri üçün cürbəcür məsəllər çəkdik, (amma
öyüd-nəsihətlərimizə qulaq asmadıqlarına görə) onları yerli-dibli yox etdik.
-
(Qüreyş müşrikləri ticarət üçün Şama gedərkən) fəlakət yağışı yağmış şəhərə
(vaxtilə Lut tayfasının yaşadığı Sədum şəhərinə) gəlib çatmışdılar. Məgər
onu (o şəhərin başına nələr gəldiyini) görmədilərmi? Xeyr, onlar öldükdən
sonra yenidən dirilməyə inanmırlar. (Özlərindən əvvəlki kafirlərin
başlarına gətirdiyimiz müsibətlərdən ibrət almayan Məkkə müşrikləri hələ də
qiyamət barəsində şəkk-şübhə içindədirlər).
-
(Ya Rəsulum!) Onlar səni gördükdə ancaq məsxərəyə qoyur (və belə deyirlər):
“Allahın peyğəmbər göndərdiyi şəxs budurmu?
-
Əgər biz (bütpərəstliyimizdə) səbir (səbat) göstərməsəydik, az qala bizi
tanrılarımıza tapınmaqdan sapdırmışdı”. Onlar əzabı (qiyamət əzabını)
gördükdə haqq yoldan kimin daha çox azdığını biləcəklər.
-
(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi
olacaqsan? (Onu bəd əməllərdən sənmi çəkindirib saxlayacaqsan? O özü haqqı
axtarıb tapmalı, ona qail olmalıdır!)
-
Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və
ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha
çox zəlalət yolundadırlar. (Heyvan heyvanlığı ilə öz mənfəətini bilib ona
zərər gətirən bir işi görməz. Bunlar isə nə xeyirlərini, nə də zərərlərini
anlayarlar).
-
Məgər Rəbbinin kölgəni (günçıxandan günbatanadək) necə uzatdığını
görmürsənmi? Əgər istəsəydi, onu daim öz yerində saxlayardı. Sonra Biz
günəşi (kölgəyə) bir əlamət etdik. (Əgər günəş olmasaydı, kölgə bilinməzdi).
-
Sonra onu (o kölgəni günəşin yüksəlməsi ilə) yavaş-yavaş Özümüzə tərəf
çəkdik. (Əgər kölgəni yerə birdən salıb, birdən çəksəydik, insanlar vahiməyə
düşərdilər).
-
Sizin üçün gecəni örtük, yuxunu rahatlıq yaradan, gündüzü də (ruzi
qazanmaqdan ötrü) həyat (iş, fəaliyyət vaxtı) yaradan Odur.
-
Küləkləri rəhməti (yağışı) önündə müjdəçi olaraq göndərən də Odur. Biz
göydən tərtəmiz su endirdik ki,
-
Onunla ölü bir yerə can verək, yaratdığımız heyvanları və bir çox (bütün)
insanları sirab edək!
-
(Zati-əqdəsimə) and olsun ki, (onlara verilən ne’mətləri) yada salsınlar
deyə, Biz (həmin suyu) onların arasında paylaşdırdıq. Bununla belə,
insanların əksəriyyəti nankorluqdan başqa bir şey etmədi (nankorluğunda
dirənib qaldı).
-
Əgər istəsəydik, hər məmləkətə (insanları əzabımızla) qorxudan bir peyğəmbər
göndərərdik. (Lakin səni, Ya Rəsulum, ən böyük şərəfə nail edib bütün
bəşəriyyətə peyğəmbər göndərdik).
-
(Ya Rəsulum!) Kafirlərə itaət etmə və onlara qarşı (Qur’anla) böyük bir
cihad et! (Var gücünlə vuruş!)
-
Birinin suyu çox şirin, digərininki isə olduqca şor (acı) olan iki dənizi
qovuşduran, aralarında (bir-birinə qarşmamaq üçün) maneə və keçilməz sədd
qoyan Odur!
-
İnsanları sudan (nütfədən) yaradan, onları (bir-biri ilə) əsl qohum (qan
qohumu) və sonradan qohum edən Odur. Rəbbin (hər şeyə) qadirdir! (Birinci,
ata-ana tərəfdən, ikinci isə bacı, qız tərəfdən olan qohumluqdur).
-
(Belə olduğu təqdirdə müşriklər) Allahı qoyub özlərinə nə xeyir, nə də zərər
verə bilənlərə (bütlərə) ibadət edirlər. Kafir özünün haqq olan Rəbbinə arxa
çevirər. (Və ya kafir öz Rəbbinə qarşı Şeytana kömək edər).
-
(Ya Rəsulum!) Biz səni yalnız (mö’minlərə Cənnətlə) müjdə verən və
(kafirləri cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik.
-
De: “Mən sizdən buna (dini, peyğəmbərliyi təbliğ etməyə) görə heç bir muzd
(əvəz) istəmirəm, ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr
istəyirəm. (Mən öz peyğəmbərliyimə görə sizdən heç bir şey istəmirəm, lakin
iman gətirmiş bir şəxs malını Allah yolunda sərf etsə, ona da mane olan
deyiləm).
-
(Ya Rəsulum!) Ölməz, həmişə diri olana (Allaha) bel bağla və Onu həmd-səna
ilə təqdis et (və ya Onun ne’mətlərinə şükür edərək namaz qıl). (Allahın)
Öz bəndələrinin günahlarından xəbərdar olması (onları layiqincə
cəzalandırmağa) kifayət edər.
-
O, göyləri, yeri və onların arasındakıları altı günə xəlq edən, sonra ərşi
yaradıb ona hakim olan Rəhmandır. Bunu bir biləndən (Allahın Özündən və ya
Cəbraildən) xəbər al!
-
Onlara (müşriklərə): “Rəhmana (rəhmli olan Allaha) səcdə edin!” – deyildiyi
zaman, onlar: “Rəhman nədir? Bizə əmr etdiyin şeyə səcdəmi edəcəyik?” – deyə
cavab verərlər. Bu (səcdə əmri) onların (imana olan) nifrətini daha da
artırar.
-
Səmada bürclər yaradan, orada bir çıraq (günəş) və nurlu ay vücuda gətirən
(Allah) nə qədər (uca, nə qədər) uludur!
-
(Allahın qüdrətini həmişə) yada salmaq və (ne’mətlərinə) şükür etmək
istəyənlər üçün gecəni və gündüzü bir-birinin ardınca gətirən də Odur!
-
Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə
(təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən
bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər.
-
Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər.
-
Və belə deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz
ki, onun əzabı həmişəlikdir!
-
Doğrudan da, o, nə pis məskən, nə pis yerdir!”
-
Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu
ikisinin arasında orta bir yol tutarlar.
-
Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu
cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu
işləri) etsə, cəzasını çəkər.
-
Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi
qalar.
-
Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah
onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm
edəndir!
-
Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir
dönüşlə (Allahın rizasını qazanmış halda) dönər.
-
O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları
(lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər
(özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz);
-
O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və
kor kimi aparmaz (əksinə, onlara cani-dildən qulaq asar);
-
Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə
itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan
buyur və bizi müttəqilərə imam (rəhbər) et! – deyərlər.
-
Məhz belələri (Allah yolunda bütün çətinliklərə, əziyyətlərə) səbr
etdiklərinə görə cənnət guşəsi (Cənnətdəki yüksək məqamlardan biri) ilə
mükafatlandırılacaq, orada (mələklər tərəfindən) ehtiramla, salamla
qarşılanacaqlar.
-
Onlar orada əbədi qalacaqlar. O, nə gözəl mənzil, nə yaxşı iqamətgahdır!
-
(Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: “Əgər ibadətiniz olmasa, Rəbbimin
yanında nə qədir-qiymətiniz olar? Siz (Qur’anı və öz Peyğəmbərinizi) təkzib
etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə əzab) yaxanızdan əl
çəkməyəcəkdir!”
Geri qayıt