.41.
Fussilət (Müfəssəl izah edilmiş) surəsi
(Məkkədə nazil olmuşdur, 54 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Ha, Mim!
-
(Bu Qur’an) mərhəmətli, rəhmli (olan Allah) tərəfindən nazil edilmişdir.
-
Ərəbcə Qur’an olaraq (onu) bilən bir qövm üçün əyələri müfəssəl izah edilmiş
bir kitabdır.
-
(Bu Qur’an) həm (mö’minlərə Cənnətlə) müjdə verəndir və həm də (kafirləri
cəhənnəm əzabı ilə) qorxudan. Onların (Məkkə əhlinin) əksəriyyəti
(Qur’andan) üz döndərib (onu) dinləməz (Allahın kəlamının qüdsiyyəti,
hikməti haqqında düşünməz).
-
(Ya Peyğəmbər!) Onlar deyərlər: “Sənin bizi də’vət etdiyinə (tövhid dininə)
qarşı qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda
pərdə vardır. Sən (öz dininə) əməl et, biz də (öz dinimizə) əməl etməkdəyik!
(Sən öz istədiyini et, biz də öz istədiyimizi!)”
-
(Ya Rəsulum!) De: “Mən də ancaq sizin kimi bir insanam. Mənə vəhy olunur ki,
sizin tanrınız bir olan Allahdır. Ona tərəf yönəlin və Ondan
bağışlanmağınızı diləyin. Vay müşriklərin halına!
-
O müşriklər ki, zəkat vermir və axirətə inanmırlar!
-
İman gətirib yaxşı işlər görənləri tükənməz (minnətsiz) ruzi gözləyir!”
-
(Ya Peyğəmbər!) De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və
Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir!
-
O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və (Allahdan
ruzi) istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə
(mövsümdə) müəyyən etdi. (Yaxud yerin və yer üzündə olanların neçə gün
ərzində yaradıldığını soruşanlar bilsinlər ki, Allah onların hamısını
birlikdə dörd gündə xəlq etdi).
-
Sonra Allah tüstü (düman, yerdən qalxan buxar) halında olan göyə üz tutdu
(göyü yaratmaq qərarına gəldi). Ona (göyə) və yerə belə buyurdu:
“İstər-istəməz vücuda gəlin!” Onlar da: “İstəyərək (Allahın əmrinə itaət
edərək) vücuda gəldik!” – deyə cavab verdilər.
-
Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi.
(Beləliklə, iki gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar,
daha sonra iki gün ərzində göylər xəlq edildi. Kainatın yaradılması altı gün
ərzində başa çatdı). O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz
aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu
şeytanlardan, hər çür bəladan) hifz etdik. Bu, yenilməz qüvvət sahibi olan,
(hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmü, qanunudur)!”
-
(Ya Peyğəmbər!) Əgər (Məkkə müşrikləri sənin bu sözlərindən sonra haqdan,
imandan) üz döndərsələr, de: “Mən sizi Ad və Səmud ildırımı kimi bir
ildırımla (bu tayfaları məhv etmiş tükürpədici bir səslə, müdhiş bir əzabla)
qorxuduram!”
-
Onlara əvvəllər də, sonralar da bir-birinin ardınca: “Yalnız Allaha ibadət
edin” – deyən peyğəmbərlər gəldiyi zaman onlar: “Əgər Rəbbimiz (bizim ancaq
Ona iman gətirməyimizi, bütlərə sitayiş etməməyimizi) istəsəydi, (peyğəmbər
olaraq) mələklər endirərdi. Biz sizinlə göndərilənlərə (risalətə, şəriətə)
inanmırıq!” – deyə cavab vermişdilər.
-
Ad qövmünə gəlincə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərib dedilər:
“Bizdən daha qüvvətli kim ola bilər?!” Məgər onlar düşünmədilərmi ki,
özlərini yaratmış olan Allah onlardan daha qüvvətlidir?! Onlar ayələrimizi
inkar edirdilər.
-
Biz onlara dünyada rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz (nəhs)
günlərdə üstlərinə vıyıltı ilə əsən (çox soyuq) bir külək (qasırğa)
göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara (qiyamət günü) kömək
də olunmayacaqdır.
-
Səmud qövmünə gəlincə, Biz onlara haqq yolu göstərdik, amma onlar korluğu
(küfrü) doğru yoldan üstün tutdular. Beləliklə, onları qazandıqları
günahların ucbatından zəliledici ildırım əzabı yaxaladı.
-
İman gətirib (Allahdan) qorxanları isə xilas etdik.
-
Allahın düşmənləri Cəhənnəmə toplanacaqları gün onlar (əvvəlincisindən
axırıncısınadək tutulub bir yerdə) saxlanacaqlar.
-
Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri
əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.
-
Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şəhadət verirsiniz?” – deyəcəklər.
(Dəriləri də) belə cavab verəcəkdir: “Hər şeyi dilə gətirən Allah bizi
danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna
qaytarılırsınız!”
-
Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət
verəcəklərinizdən qorxub (günah işləməkdən) çəkinmir, etdiyiniz əməllərin
çoxunu isə Allahın bilməyəcəyini zənn edirsiniz.
-
Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və ziyana
uğrayanlardan oldunuz!
-
İndi (əzaba) dözsələr də (dözməsələr də), onların məskəni Cəhənnəmdir. Onlar
(Allahdan) riza diləsələr də, onların diləyi qəbul olunmaz (yaxud dünyaya
qayıtmaq istəsələr də, onların bu istəyi qəbul ediməz).
-
Biz onlara (Məkkə müşriklərinə) önlərindəkini və arxalarındakını (dünyanın
zövq-səfasına uyub axirətə inanmamalarını) özlərinə gözəl göstərən
(şeytansifət) dostlar caladıq. Özlərindən əvvəl gəlib-getmiş cinlərdən və
insanlardan olan (kafir) ümmətlərlə birlikdə o söz (əzab hökmü) onlar
barəsində də gerçəkləşdi. Şübhəsiz ki, onlar ziyan çəkənlər oldular!
-
Kafir olanlar (öz dostlarına): “Bu Qur’anı dinləməyin, o oxunduqda
(eşidilməsin deyə) səs-küy (şuluqluq) salın ki, bəlkə, (bununla Muhəmmədə)
qalib gələsiniz!” – dedilər.
-
Biz kafir olanlara mütləq şiddətli bir əzab daddıracaq, etdikləri əməllərin
ən şiddətli cəzasını verəcəyik!
-
Budur Allahın düşmənlərinin cəzası – Cəhənnəm (cəhənnəm odu)! Ayələrimizi
inkar etmələrinin cəzası olaraq onların əbədi məskəni oradadır!
-
Kafir olanlar deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi
azdıranları bizə göstər ki, onları ayaqlarımız altına salaq, paymal
olsunlar!”
-
Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) düz olan kəslərə
(ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və
kədərlənməyin! Sizə və’d olunan Cənnətlə sevinin!
-
Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin
üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır.
-
Bağışlayandan, rəhm edəndən (Allahdan) ruzi (ziyafət) olaraq!”
-
(Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” –
deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
-
Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mö’min kimsə!) Sən (pisliyi)
yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə,
cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan
şəxsi, sanki yaxın bir dost görərsən!
-
Bu (xislət) yalnız (dünyada məşəqqətlərə) səbir edənlərə verilir və yalnız
böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur!
-
Əgər sənə Şeytandan (bu xislətə mane olan) bir vəsvəsə gəlsə (fəsad
toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!
-
Gecə və gündüz, günəş və ay Onun (vəhdaniyyətinə, qüdrət və əzəmətinə
dəlalət edən) əlamətlərindəndir. Günəşə və aya səcdə etməyin, onları yaradan
Allaha səcdə edin! Əgər Ona ibadət edirsinizsə (heç bir şərik qoşmadan
ibadət edin)!
-
Əgər (müşriklər Allaha səcdə etməyə) təkəbbür göstərsələr (bilsinlər ki,
bunun zərəri Allaha deyil, ancaq özlərinədir). Çünki (Ya Rəsulum!) Sənin
Rəbbinin dərgahında olanlar (mələklər) gecə-gündüz usanmadan Onu təqdis edib
şə’ninə tə’riflər deyərlər.
-
Onun qüdrət nişanələrindən biri də budur ki, sən yer üzünü qupquru görürsən.
Biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar (cana gələr). Onu
dirildən, şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Həqiqətən, O, (Allah) hər
şeyə qadirdir!
-
Ayələrimizi inkar edənlər (ayələrimizdən üz döndərənlər) Bizdən gizli
qalmazlar. Cəhənnəm oduna atılan kəs yaxşıdır, yoxsa qiyamət günü (Allahın
hüzuruna) arxayın gələn kəs?! İstədiyinizi edin. Şübhəsiz ki, O nə
etdiyinizi görəndir.
-
Özlərinə Qur’an gəldiyi zaman onu yalan hesab edənlər (mütləq cəzalarına
çatacaqlar). O (Qur’an), şübhəsiz ki, çox dəyərli (qiymətli) bir kitabdır.
-
Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir
hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə (tə’rifə) layiq olan
(bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir.
-
(Ya Rəsulum!) Sənə ancaq səndən əvvəlki peyğəmbərlərə deyilənlər deyilir.
Həqiqətən, sənin Rəbbin həm bağışlayandır, həm də şiddətli cəza verəndir!
-
Əgər Biz onu özgə bir dildə olan Qur’an etsəydik (Məkkə müşrikləri): “Məgər
onun ayələri (bizim üçün) müfəssəl izah olunmalı deyildimi?! Bu nədir?
(Qur’an) özgə dildə, (Peyğəmbər isə) ərəbmidir?!” – deyərdilər. (Ya
Rəsulum!) De: “O, iman gətirənlərə hidayətdir və (cəhalət xəstəliyinə
tutulmuş ürəklərə) şəfadır. İman gətirməyənlərin isə qulaqlarında karlıq
(ağırlıq) vardır. O, (Qur’an) onları kor etmişdir. Onlar (sanki) uzaq bir
yerdən çağırılırlar. (Heç bir şey eşitməz, heç bir şey anlamazlar).
-
Biz Musaya da kitab vermişdik və onun (Tövratın) barəsində də ixtilaf
düşmüşdü. (Ya Peyğəmbər!) Əgər sənin Rəbbinin (cəzanın qiyamət gününə qədər
tə’xirə salınması haqqındakı) öncə buyurduğu bir söz olmasaydı, dərhal
işləri bitmiş olardı (dünyada ikən əzabı dadardılar). Həqiqətən, (müşriklər
Qur’an) barəsində çox dərin (başqalarını da şübhəyə salan) bir şəkk
içindədirlər!
-
Yaxşı iş görənin xeyiri özünə, pislik edənin də zərəri özünə olar. (Ya
Peyğəmbər!) Sənin Rəbbin (haqsız yerə) bəndələrə zülm edən deyildir!
-
O saatı (qiyamətin nə vaxt qopacağını) bilmək yalnız Ona aiddir. O bilmədən
heç bir meyvə qabığından (tumurcuğundan) çıxmaz, heç bir qadın hamilə olmaz
və bari-həmlini yerə qoymaz. (Allah) onlara (müşriklərə məzəmmət və istehza
ilə): “Şəriklərim haradadır? – deyəcəyi gün, onlar: “(Ey Rəbbimiz!) Biz Sənə
ərz etdik ki, aramızda (Sənin şərikin olduğuna şəhadət verə biləcək) heç bir
şahid yoxdur!” – deyə cavab verəcəklər.
-
Öncə (dünyada) ibadət etdikləri (bütlər) onlardan qeyb olacaq və onlar
özləri üçün qaçıb can qurtarmağa bir yer olmadığını yəqin edəcəklər.
-
(Kafir, nankor) insan (Allahdan özünə) yaxşılıq diləməkdən usanmaz. Əgər ona
bir pislik üz versə, ümüdsizliyə qapılıb mə’yus olar.
-
Başına gələn müsibətdən sonra dərgahımızdan ona bir mərhəmət əta etsək
(dadızdırsaq), mütləq: “Bu elə mənim haqqımdır. Qiyamətin (qiyamət saatının)
qopacağını güman etmirəm. Doğrudan da, əgər Rəbbimin hüzuruna qaytarılıb
gətirilsəm, Onun dərgahında məni ən gözəl ne’mət (Cənnət) gözləyir!” –
deyər. Biz kafir olanlara (dünyada) nə etdiklərini mütləq (bir-bir) xəbər
verəcək və sözsüz ki, onlara şiddətli bir əzab daddıracağıq.
-
(Kafir, naşükür) insana ne’mət bəxş etdiyimiz zaman (imandan) üz döndərər,
(haqdan) uzaqlaşıb yan gəzər. Ona bir pislik üz verdikdə isə (Rəbbinə)
uzun-uzadı dua edər (yaxşı gündə Allahı unudar, dar gündə dərhal Ona
yalvarar).
-
(Ya Peyğəmbər! O kafirlərə) de: “Bir söyləyin görək, əgər (bu Qur’an) Allah
dərgahındandırsa və sonra siz də onu inkar edibsinizsə, (sizin kimi haqdan)
uzaq bir nifaq (ədavət) içində olan kəsdən (haqq yolu) daha çox azmış kim
ola bilər?!
-
Onun (Qur’anın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz
qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda,
göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq
göstərəcəyik. (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin
dediklərinin doğruluğuna) kifayət deyilmi?!
-
(Ya Peyğəmbər!) Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları (qiyamət günü
dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqları) barədə şəkk-şübhə
içindədirlər. Və yenə bil ki, O (Öz elmi və qüdrəti ilə) hər şeyi ehtiva
edəndir!
Geri qayıt