.22.
əl-Həcc (Həcc) surəsi
(Mədinədə nazil olmuşdur, 78 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Ey insanlar! Rəbbinizdən qorxun. (Allahın əzabından qorxub pis əməllərdən
çəkinin, yalnız Ona ibadət və itaət edin). Həqiqətən, qiyamət gününün (axır
saatın) zəlzələsi dəhşətli şeydir!
-
Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər
bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar).
İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın
əzabı çox şiddətlidir!
-
Allah haqqında heç bir şey bilmədən (elmsiz-dəlilsiz “Rəbbimiz mələklərdən
Özünə övlad götürmüşdür” - deyə) mübahisə edən və Allaha asi olmuş hər bir
şeytana uyan insanlar da vardır.
-
(Şeytan) haqqında əzəldən belə yazılmışdır (hökm edilmişdir): hər kəs onunla
(Şeytanla) dostluq etsə, (Şeytan) onu yoldan çıxardıb cəhənnəm əzabına
sürükləyər.
-
Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk
yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan,
sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam
bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş)
bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana
bətnində müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi
(oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına (otuz-qırx
yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış)
vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar
ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar. (Ey
insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o,
hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl
(meyvədən, bitkidən) bar gətirər.
-
Bu (insan yaradılışının müxtəlif mərhələləri, ölü torpağın cana gətirilməsi)
ona görədir ki, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir!
-
Bu (həm də belə bir danılmaz həqiqətə inanmağınız üçündür ki) o saat
(qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah
qəbirlərdə olanları dirildəcəkdir!
-
İnsanlar içində (Əbu Cəhl kimi) eləsi də vardır ki, heç bir şey bilmədən,
haqq yolu göstərən heç bir rəhbəri (yaxud tutarlı dəlili) və nurani (səmadan
endirilib hökmünü açıq bildirən) kitabı olmadan Allah barəsində mübahisə
edər.
-
O, boynunu (təkəbbürlə sağa-sola) əyərək (insanları) Allahın yolundan
çıxarmaq məqsədilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, qiyamət günü
isə ona cəhənnəm odunun əzabını daddıracağıq!
-
(O zaman ona belə deyiləcək:) “Bu, (dünyada) öz əllərinlə etdiyin günahların
cəzasıdır, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!”
-
İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə ibadət edər. Əgər ona bir
xeyir toxunsa, (dini barəsində) arxayın olar (islamdan möhkəm yapışar). Yox,
əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (islamdan üz döndərib
yenə küfrə qayıdar). Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar
ziyan budur, bu!
-
O, Allahı buraxıb özünə nə zərər, nə də xeyir verən bütlərə tapınar. Haqq
yoldan azıb uzaq düşmək də budur!
-
Özü də zərəri xeyirindən daha çox (Cəhənnəmə daha yaxın) olana ibadət edər.
O (büt) nə pis köməkçi, necə də pis yoldaşdır!
-
Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri (ağacları) altından
çaylar axan cənnətlərə daxil edər. Allah istədiyini edər.
-
Hər kim Allahın dünyada və axirətdə ona (Öz Peyğəmbərinə) kömək
göstərməyəcəyini zənn edirsə, qoy göyə (evinin tavanına) bir ip uzatsın,
sonra da (ipi boğazına salıb) kəssin (özünü ondan assın) və görsün ki, onun
bu hiyləsi qəzəbinə səbəb olan şeyi (Allahın peyğəmbərə göstərəcəyi yardımı)
aradan qaldıra bilərmi? (Əlbəttə, qaldıra bilməz! Allahın öz peyğəmbərinə
yardım etməsini istəməyənlər, qəzəblərindən özlərini assalar da, partlayıb
çatlasalar da, Allah ona dünyada zəfər, axirətdə isə yüksək məqamlar nəsib
edəcəkdir).
-
Biz (Qur’anı) beləcə açıq-aşkar ayələr şəklində nazil etdik. Allah
dilədiyini doğru yola müvəffəq edər.
-
Həqiqətən, Allah iman gətirənlər (müsəlmanlar), yəhudilər, sabiilər
(ulduzpərəstlər), xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət
günü (haqq ilə batili ayırd edərək) hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah
hər şeyə şahiddir! (Onların nə etdiklərini və nəyə layiq olduqlarını çox
gözəl bilir!)
-
(Ey insan!) Məgər göylərdə və yerdə olanların (bütün canlıların), Günəşin,
Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir
çoxunun (mö’minlərin) Allaha səcdə etdiyini görmürsənmi? Bir çoxuna da
(kafirlərə də) əzab vacib olmuşdur. Allahın alçaltdığı kimsəni heç kəs
yüksəldə (səadətə qovuşdura) bilməz. Həqiqətən, Allah dilədiyini edər!
-
Rəbbi barəsində mübahisə aparan bu iki zümrə (mö’minlər və kafirlər
bir-birinə) düşməndir. Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdır;
başlarına da qaynar su töküləcəkdir.
-
O su ilə qarınlarında olanlar (bağırsaqları, ciyərləri) və dəriləri
əridiləcəkdir.
-
Hələ onlar üçün (başlarına vurulacaq) dəmir toppuzlar da vardır.
-
(Kafirlər) oradan – (Cəhənnəmdə düşdükləri) qəmdən qurtarmaq istədikcə,
yenidən ora qaytarılar və (onlara:) “Dadın atəşin əzabını!” (deyilər).
-
Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri (ağacları) altından
çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada altun və incilərlə
bəzənəcəklər (qızıldan və mirvaridən bilərziklər taxacaqlar), orada
libasları da ipəkdən olacaqdır!
-
Onlar (dünyada) təmiz (pak) sözə (la ilahə illallaha, yaxud Qur’ana)
müvəffəq olmuş, həm də Allahın bəyəndiyi yola (islama) yönəldilmişlər.
-
Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün
(qiblə, mə’bəd) etdiyimiz Məscidülhəramdan döndərənlərə və orada zülmə,
haqsızlığa meyl etmək istəyənlərə də şiddətli əzabdan daddıracağıq!
-
(Ya Rəsulum!) Yadına sal ki, bir zaman İbrahimə Kə’bənin yerini bildirib
belə buyurmuşduq: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər,
namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün
(bütlərdən) təmizlə!”
-
İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də)
hər uzaq yoldan yollanan hər çür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari
olaraq) gəlsinlər.
-
Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və mə’lum günlərdə Allahın onlara
ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun
adını çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə
(zavallı) yoxsullara da yedirdin!
-
Sonra həcc əməllərini (dırnaq kəsmək, saçını qırxmaq, yaxud qısaltmaq və s.)
yerinə yetirsinlər (və ya kirlərini təmizləsinlər), nəzirlərini versinlər və
(Nuhun tufanından salamat çıxmış, yaxud bəşər övladı üçün ilk ziyarətgah
olan) qədim evi (Kə’bəni) təvaf etsinlər!
-
(Ey insanlar! Həccin sizə vacib olan əməli) budur. Və hər kəs (ihramda ikən)
Allahın haram buyurduqlarına hörmət (riayət) etsə, bu, Rəbbi yanında onun
üçün xeyirli olar. (Haram olduğu “Maidə” surəsində) sizə deyilənlərdən
başqa, qalan heyvanlar (onların ətini yemək) sizə halal edilmişdir. Belə
olduğu təqdirdə, murdar (başdan-ayağa murdarlıq olan) bütlərdən qaçın, yalan
sözlərdən də (Allaha şərik qoşmaqdan da) çəkinin -
-
Batildən haqqa dönərək yalnız Allaha təslim olduğunuz və Ona şərik
qoşmadığınız halda! Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu
sür’ətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə
(məxluqa) bənzər.
-
(Ey insanlar! Sizə əmr etdiyim) budur. Və hər kəs Allahın mərasiminə (həcc
əməllərinə, yaxud qurbanlıq heyvanlara) hörmət etsə, bu (hörmət), şübhəsiz
ki, qəlblərin təqvasındadır (Allahdan qorxmasındadır).
-
Sizin üçün (qurbanlıq heyvanlarda) müəyyən bir vaxta qədər mənfəət vardır.
(Kəsilənə qədər onları minər, südünü içər, yunundan istifadə edərsiniz).
Sonra onların gətirilib kəsiləcəyi yer (Mina) qədim ev (Kə’bə)
istiqamətindədir. (Yaxud həcc əməllərini yerinə yetirməkdə sizin üçün
qiyamətə qədər mənfəət vardır. Həcc günləri Kə’bəyə toplanar, bütün
müsəlmanlara lazım olan dini və dünyəvi məsələlər barəsində
məsləhət-məşvərət edərsiniz).
-
Biz hər bir ümmət üçün qurbangah (yaxud mə’bəd) müəyyən etdik (və ya hər bir
ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi
(dördayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını
çəksinlər (bismillah desinlər). Sizin tanrınız yalnız bir olan Allahdır.
Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət
edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver!
-
O kəslər ki, Allahın adı çəkiləndə (zikr ediləndə) qəlbləri (qorxudan)
titrəyər, üz verən müsibətlərə səbr edər, namaz qılar və onlara verdiyimiz
ruzidən (ehtiyacı olanlara) sərf edərlər.
-
Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin
əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir
vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki
ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın adını
çəkin (bismillah deyin). Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman
(ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin
verilənə e’tiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq
heyvanları) sizə belə ram etdik ki, bəlkə, (ne’mətimizə) şükr edəsiniz!
-
Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan
yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi
doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu
(layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!)
Ehsan edənlərə (Cənnətlə) müjdə ver!
-
Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf
edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!
-
Zülmə mə’ruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda
döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!
-
O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” - dediklərinə görə
yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini
digər qismi ilə (müşrikləri mö’minlərlə) dəf etməsəydi, sözsüz ki,
içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı
monastırlar), kilsələr, mə’bədlər (yəhudi mə’bədləri) və məscidlər dağılıb
gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə,
şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət
sahibidir!
-
O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir yer versək),
namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis
işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir.
(Allah qiyamət günü əməllərinə müvafiq olaraq mö’minlərə mükafat, kafirlərə
isə cəza verəcəkdir).
-
(Ya Rəsulum!) Əgər (bu müşriklər) səni təkzib edərlərsə (ürəyini qısma).
Səndən əvvəl Nuh, Ad və Səmud tayfası da (peyğəmbərlərini) təkzib etmişdi.
-
İbrahim tayfası da, Lut qövmü də,
-
Mədyən əhli də (peyğəmbərlərini təkzib etmişdi). Musa da (Fir’onun özü və
camaatı tərəfindən) yalançı sayılmışdı. Kafirlərə (bir qədər) möhlət verdim,
sonra onları (əzabla) yaxaladım. (Bir görəydin, küfr etdiklərinə,
peyğəmbərləri yalançı sayıb inkar etdiklərinə görə) Mənim onları inkar
etməyim necə oldu! (Onlara verdiyim ne’məti müsibətlə əvəz etdim!)
-
Neçə-neçə məmləkəti (əhalisini) zülm edərkən məhv etdik; onlar alt-üst
olmuşdu (evlərin tavanları çökmüş, divarları onların üstünə yıxılmışdı).
Neçə-neçə quyular, neçə-neçə möhtəşəm qəsrlər bomboş qalmışdı.
-
Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) yer üzündə gəzib
dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları
olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü)
kor olar. (Kafirlər keçmiş ümmətlərin başına gələn müsibətləri zahiri
gözləri ilə görsələr də, qəlb gözü ilə görüb onlardan heç bir ibrət
almazlar).
-
(Ya Rəsulum!) Onlar səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Allah
Öz və’dinə əsla xilaf çıxmaz! Rəbbinin dərgahında bir gün sizin saydığınızın
(hesabladığınız vaxtın) min ili kimidir!
-
Neçə-neçə məmləkətə (məmləkət əhlinə) zülm etdikləri (kafir olduqları) halda
möhlət verdim, sonra onları (əzabla) yaxaladım. Axır dönüş ancaq Mənədir!
(Onlar, nəhayət, Mənim hüzuruma gələcək, qazandıqları günaha görə əbədi
əzaba düçar olacaqlar).
-
De: “Ey insanlar! Mən sizi yalnız açıq-aşkar bir qorxudanam (Allahın əzabı
ilə açıq-aşkar qorxudan, xəbərdar edən bir peyğəmbərəm)!
-
İman gətirib yaxşı işlər görənləri (günahlardan) bağışlanma və tükənməz
(minnətsiz) ruzi gözləyir!
-
Ayələrimizdən (Qur’anı batil etməkdən) ötrü sə’y göstərib (Peyğəmbəri) aciz
etmək istəyənlərə (yaxud Peyğəmbəri məğlub etməklə xalqı imandan döndərməyə
cəhd edənlərə) gəldikdə isə, məhz onlar cəhənnəmlikdirlər!
-
(Ya Rəsulum!) Biz səndən əvvəl də (şəriət sahibi olan) elə bir rəsul,
(şəriət sahibi olmayıb onun ardınca gedən) elə bir nəbi (peyğəmbər)
göndərmədik ki, o, (hər hansı bir şeyi) arzu etdikdə Şeytan onun arzusuna
(diləyinə vəsvəsə yolu ilə) bir xələl qatmasın! (Yaxud o, ayələrimizi oxumaq
istədiyi zaman Şeytan onu çaşdırıb oxuduğu ayə barəsində pis bir fikir
təlqin etməsin!) Lakin Allah Şeytanın vəsvəsini batil (yox) edər. Sonra isə
Allah Öz ayələrini möhkəmlədər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
-
(Allah ona görə belə edir ki) Şeytanın vəsvəsəsini qəlblərində mərəz (nifaq,
şəkk mərəzi) və ürəkləri qatı (sərt) olanlar (müşriklər) üçün bır sınaq
vasitəsi etsin. Şübhəsiz ki, zalımlar (münafiqlər, müşriklər və kafirlər)
haqqdan uzaq bir nifaq içindədirlər (ixtilafdadırlar).
-
Və elm verilən kəslər də bilsinlər ki, haqq (Qur’an) sənin Rəbbindəndir.
Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun. Şübhəsiz ki, Allah
iman gətirənləri doğru yola yönəldər!
-
Kafir olanlar isə qiyamət günü qəflətən başlarının üstünü alanadək, yaxud
heç bir xeyri olmayan (səmərəsiz) bir günün (onların kökünü kəsəcək Bədr
vuruşunun) əzabı onlara gəlib yetişənədək (Qur’an barəsində) şəkk-şübhədə
olmaqda davam edəcəklər.
-
O gün (qiyamt günü) hökm yalnız Allahındır. (Allah) onların (müşriklərin və
mö’minlərin) arasında hökm edəcəkdir. İman gətirib yaxşı işlər görənlər Nəim
cənnətlərində olacaqlar!
-
Kafir olanlar, ayələrimizi yalan hesab edənlər isə rüsvayedici bir əzaba
düçar olacaqlar!
-
Allah yolunda hicrət edənlərə, sonra (bu yolda) öldürülənlərə, yaxud
ölənlərə Allah, həqiqətən, gözəl ruzi (cənnət ruzisi) verəcəkdir. Şübhəsiz
ki, Allah ruzi verənlərin ən yaxşısıdır!
-
(Allah) onları razı qalacaqları (xoşhal olacaqları) bir yerə (Cənnətə) daxil
edəcəkdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, (bəndələrinə qarşı)
həlimdir!
-
(Allahın hökmü) budur. Və hər kim özünə verilən cəza kimi cəza versə, sonra
yenə də (müşriklərin müsəlmanları Məkkədən qovduqları kimi) təcavüzə mə’ruz
qalsa, şübhəsiz ki, Allah ona kömək edər. Həqiqətən, Allah (özünümüdafiə
məqsədilə düşməndən intiqam alan mö’min bəndəsini) əfv edəndir,
bağışlayandır!
-
Bu belədir. (Allah zalıma qarşı, zalımın zülmündən xilas olmaq üçün məzluma
kömək edər, çünki O, hər şeyə qadirdir). Necə ki, Allah gecəni gündüzə,
güzdüzü də gecəyə qatar. (Allah bəndələrinin mənafeyi naminə bə’zən insanlar
daha çox ruzi qazana bilsinlər deyə, gündüzü qısaldıb gecəni uzadar). Allah
(hər şeyi) eşidəndir, görəndir!
-
Bu belədir. Çünki Allah haqq, (müşriklərin) Ondan başqa ibadət etdikləri
(bütlər, tanrılar) isə batildir. Həqiqətən, Allah (hər şeydən) ucadır,
böyükdür! (Allahın allahlığı öz-özlüyündə mövcud olduğu üçün O haqq,
bütlərin tanrılığı öz-özlüyündə mövcud olmadığı üçün onlar batildir. Buna
görə də yalnız Allaha ibadət edilməlidir!)
-
(Ya Rəsulum!) Məgər Allahın göydən yağmur endirdiyini və yer üzünün (onunla)
yamyaşıl olduğunu görmürsənmi? Həqiqətən, Allah (gözlənilməyən yerdən ruzi
yetirməklə bəndələrinə) lütfkardır, (onların hər işindən) xəbərdardır.
-
Göylərdə və yerdə nə varsa, Hamısı Onundur (Onun qüdrətindən yaranmış
əsərdir). Həqiqətən, Allah ehtiyacsızdır, (hər çür) şükürə, tə’rifə
layiqdir! (Hər işi bəyəniləndir!)
-
(Ya Rəsulum!) Məgər Allahın yerdə olanları (heyvanları), dənizdə Onun əmrilə
üzən gəmiləri sizə ram etdiyini və Onun izni olmadan yerə düşə bilməməsi
üçün göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara
şəfqətlidir, mərhəmətlidir!
-
Sizi (əzəl başdan) dirildən, sonra (əcəliniz çatanda) öldürəcək, daha sonra
(qiyamət günü) yenə dirildəcək məhz Odur.
-
Biz (keçmişdən bəri) hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl
edərlər. Elə isə (müşriklər) bu işdə (din, şəriət işində, yaxud qurbanlıqlar
barəsində) səninlə mübahisə etməsinlər. (Ya Rəsulum!) Sən onları öz Rəbbinə
(ibadət etməyə, Onun hökmlərini yerinə yetirməyə) də’vət et. Şübhəsiz ki,
sən doğru yoldasan (dindəsən).
-
(Ya Rəsulum!) Əgər (müşriklər öz kəsdiyiniz qurbanların ətindən yediyiniz
halda, bəs Allahın öldürdüyü, yə’ni öz əcəli ilə ölmüş heyvanların ətini
niyə yemirsiniz deyə) səninlə mübahisə etsələr, (onlara) belə cavab ver:
“Allah sizin nə etdiyinizi daha yaxşı bilir!
-
İxtilafda olduğunuz məsələlər barəsində Allah qiyamət günü aranızda öz
hökmünü verəcəkdir!”
-
(Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa (hamısını)
bilir? Həqiqətən, bu, (lövhi-məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu
(bütün bunları bilmək) Allah üçün asandır!
-
(Müşriklər) Allahı qoyub elə bir şeyə ibadət edərlər ki, (Allah Ona ibadət
edilməsi haqda) heç bir dəlil nazil etməmişdir. Və (müşriklərin) ona dair
heç bir biliyi də (dəlili-sübutu da) yoxdur. Zalımlara (müşriklərə) heç bir
yardım edən olmaz!
-
Ayələrimiz onlara açıq-aşkar surətdə oxunduğu zaman (yaxud açıq-aşkar
ayələrimiz oxunduqda) kafir olanların çöhrəsində bir ikrah (nifrət)
sezərsən. Onlar ayələrimizi oxuyanların üstünə az qala hücum çəksinlər. (Ya
Rəsulum!) De: “Sizə bundan (Qur’an oxunduğu zaman etdiyiniz nalayiq
hərəkətlərdən) daha pisini xəbər verimmi? – Cəhənnəm (odu)! Allah onu
kafirlərə və’d etmişdir. O nə pis məskəndir! (Nə pis qayıdış yeridir!)”
-
Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri
ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı
bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan (bütlərin üstündə
olanlardan) bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər.
İstəyən də aciz, istənilən də! (Bütlər də aciz, milçək də, yaxud bütlərə
ibadət edən də aciz, ibadət edilən bütlər də!)
-
(Müşriklər) Allahı layiqincə qiymətləndirmədilər (uca tutmadılar).
Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!
-
Allah mələklərdən də elçilər (peyğəmbərlər) seçər, insanlardan da.
Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir!
-
(Allah) onların önlərindəkini də, arxalarındakını da (nə etdiklərini və nə
edəcəklərini) bilir. Bütün işlər (nəticə e’tibarilə axirətdə) Allaha
qayıdar! (Qiyamət günü bütün məxluqat öz əməlləri ilə birlikdə Allahın
hüzurunda duracaqdır).
-
Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə
ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! (Mətləbinizə
yetişəsiniz!)
-
(Ey mö’minlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi
seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin
dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Qur’an nazil
olmamışdan) əvvəl də, bunda (Qur’anda) da sizə müsəlman adını verdi ki,
(qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət
etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz
ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız. Elə isə
(vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin
ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada
yetəndir!
Geri qayıt