.14.
İbrahim surəsi
(Məkkədə nazil olmuşdur, 52 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Qur’an) elə bir Kitabdır ki, onu sənə
insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) – yenilməz
qüvvət sahibi, (hər cür) tə’rifə (şükürə) layiq olan Allahın yoluna (islam
dininə) çıxartmaq üçün nazil etmişik.
-
Elə bir Allah ki, göylərdə və yerdə nə varsa, hamısı Onundur. Düçar
olacaqları şiddətli əzabdan ötrü vay kafirlərin halına!
-
O kəslər ki, dünyanı (fani dünya malını) axirətdən (axirət ne’mətlərindən)
üstün tutur, (insanları) Allah yolundan döndərir (islam dinini qəbul etməyə
mane olur) və o yolu əyri hala salmaq istəyirlər. Onlar (haqq yoldan) azıb
uzaq düşmüşlər.
-
Biz hər bir peyğəmbəri yalnız öz millətinin dilində (danışan) göndərdik ki,
(Allahın əmrlərini) ona izah edə bilsin. Allah istədiyi kimsəni zəlalətə
salar (haqq yoldan sapdırar), istədiyini də doğru yola yönəldər. O, yenilməz
qüvvət sahibi, hikmət sahibidir!
-
Biz Musaya: “Tayfanın (İsrail oğullarını) zülmətdən nura çıxart və Allahın
(vaxtilə onlara ne’mət verdiyi) günlərini xatırlat. Bunda çox səbir və şükür
edənlər üçün, sözsüz ki, neçə-neçə ibrətlər var!” (deyib) onu
mö’cüzələrimizlə (peyğəmbər) göndərdik.
-
(Ya Rəsulum!) Xatırla ki, bir zaman Musa öz tayfasına belə demişdi: “Allahın
sizə bəxş etdiyi ne’məti yadınıza salın, çünki O sizi Fir’on əhlinin əlindən
qurtardı. Onlar sizə dəhşətli əzab verir, oğullarınızı öldürüb,
qadınlarınızı (özlərinə xidmət etmək üçün) diri saxlayırdılar. Bunda
Rəbbiniz tərəfindən sizin üçün böyük bir imtahan vardır!
-
(Ey camaatım!) Yadınızı salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: “Əgər
(Mənə) şükür etsəniz, sizə (olan ne’mətimi) artıracağam. Yox, əgər nankorluq
etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!”
-
Musa dedi: “Əgər siz və bütün yer üzündə olanlar nankorluq etsəniz, (bununla
Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah (heç kimə, heç nəyə)
möhtac deyildir. (O, bütün məxluqatı yaratdığına görə onsuz da öz-özlüyündə
hər cür) tə’rifə (şükrə) layiqdir!”
-
Məgər sizdən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib
getmiş, (saylarını və təfsilatını) ancaq Allahın bildiyi ümmətlərin
xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar mö’cüzələrlə
gəlmişdilər. Onlar əllərini (heyrətlərindən, qəzəblərindən özlərinin, yaxud
danışmağa imkan verməmək üçün peyğəmbərlərin) ağızlarına qoyub: “Biz sizinlə
göndərilənlərə (mö’cüzələrə və peyğəmbərliyinizə) inanmırıq və bizi də’vət
etdiyiniz (din) barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!” – demişdilər.
-
Peyğəmbərləri də (onlara) belə cavab vermişdilər: “Məgər göyləri və yeri
yaradan Allaha da şübhə etmək olarmı?! (Allah) günahlarınızı bağışlamaq və
sizə müəyyən bir vaxta qədər (ömrünüzün sonuna kimi) möhlət vermək (sizi
əzabla deyil, öz əcəlinizlə öldürmək) üçün imana də’vət edir”. Onlar
demişdilər: “Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət
etdiklərindən (bütlərdən) döndərmək istəyirsiniz. (Əgər bacarırsınızsa,
sizin ibadət etdiyiniz Allahın haqq, bizim tapındığımız bütlərin isə batil
olmasını sübut edən) açıq-aşkar bir dəlil gətirin!”
-
Peyğəmbərləri onlara cavab verərək demişdilər: “(Bəli) biz də sizin kimi adi
bir insanıq. Lakin Allah Öz bəndələrindən dilədiyinə ne’mət (peyğəmbərlik)
bəxş edər. Allahın izni olmadan biz sizə heç bir dəlil (mö’cüzə) gətirə
bilmərik (buna qüdrətimiz çatmaz). Mö’minlər yalnız Allaha təvəkkül
etsinlər!
-
Allah bizə yollarımızı (iman, nicat, səadət yollarını) göstərdiyi halda, biz
nə üçün Ona təvəkkül etməməliyik? (Sizi Allahın haqq yoluna də’vət
etdiyimizə görə) bizə verdiyiniz bütün əziyyətlərə, əlbəttə, dözəcəyik.
Təvəkkül edənlər də yalnız Allaha təvəkkül etsinlər!
-
Küfr edənlər peyğəmbərlərinə dedilər: “Ya sizi yurdumuzdan çıxarıb
qovacağıq, ya da mütləq dinimizə dönəcəksiniz!” Rəbbi də onlara
(peyğəmbərlərə) belə vəhy etdi: “Biz o zalımları mütləq məhv edəcəyik!
-
Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu (varislik),
məqamımdan (qiyamət günü haqq-hesab üçün hüzurumuza durmaqdan) və əzabımdan
qorxanlara aiddir!”
-
(Peyğəmbərlər düşmənləri üzərində qələbə çalmaqdan ötrü Allahdan) kömək
dilədilər. Hər bir inadkar təkəbbür sahibi (haqdan inadla üz döndərən və
Allaha itaət etməyi özlərinə sığışdırmayan kafirlər) isə ziyana uğradı.
-
Hələ qarşıda (bunun ardınca) Cəhənnəm vardır. (Hər bir inadkar təkəbbür
sahibinə orada Cəhənnəm əhlinin bədənlərindən axan) irinli-qanlı sudan
içirdiləcəkdir!
-
O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar (boğazından aşağı
keçirə bilməz). Ona hər tərəfdən (bədəninin hər yerindən) ölüm gələr, lakin
ölməz (ki, birdəfəlik canı qurtarsın). Hələ bunun ardınca (daha) dəhşətli
bir əzab gələcəkdir!
-
Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri fırtınalı bir gündə
küləyin sovurub apardığı gülə bənzəyir. Onlar (dünyada) etdikləri əməllərdən
heç bir fayda (savab) əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb
uzaqlaşmaq! (Doğru yoldan uzaq düşməyin aqibəti belədir. Bir də haqq yola
qayıtmaq çətindir!)
-
(Ya Rəsulum və ya ey mö’min insan!) Məgər Allahın göyləri və yeri haqq
olaraq yaratdığını görmürsənmi? Əgər (Allah) istəsə, sizi yox edib yerinizə
başqa bir məxluq (insan tayfası) gətirər.
-
Bu Allah üçün heç də çətin deyildir!
-
(Qiyamət günü) hamı Allahın hüzurunda peyda olacaqdır. Zəiflər (iman
gətirməyə) təkəbbür göstərənlərə (öz başçılarına) deyəcəklər: “Biz sizə tabe
idik. İndi Allahın əzabını, azacıq da olsa, bizdən dəf edə bilərsinizmi?”
Onlar belə cavab verəcəklər: “Əgər Allah bizə doğru yolu göstərsəydi, biz də
sizə göstərərik. İndi ağlayıb-sızlasaq da, səbr etsək də, fərq etməz
(əzabdan xilas ola bilmərik). Bizim üçün heç bir sığınacaq (heç bir
qurtuluş) yoxdur!
-
İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər də Cəhənnəmə daxil
olduqda) Şeytan (onu məzzəmət edən kafirlərə) belə deyəcək: “Allah
(peyğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz
barədə) doğru və’d vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) və’d
vermişdim, amma sonra və’dimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə
heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin
mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz.
İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də
siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı
da inkar etmişdim (qə’bul etməmişdim). Həqiqətən, zalımları şiddətli bir
əzab gözləyir!
-
İman gətirib yaxşı işlər görənlər isə (ağacları) altından çaylar axan
cənnətlərə daxil ediləcəklər. Onlar Rəbbinin izni ilə orada əbədi
qalacaqlar. Onların orada bir-birinə (yaxud Allahın, mələklərin onlara)
günaydınlıq verməsi: “Salam!” (demək) olacaqdır!
-
Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə
illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə
ucalan gözəl bir ağac (xurma ağacı) kimidir.
-
O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində)
verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət
alsınlar! (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi, mö’minin də imanı
qəlbində sabit qalır, əməlləri isə göyə - Allah dərgahına yüksəlib ona daim
savab qazandırır).
-
Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir.
-
Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə
(kəlmeyi-şəhadətlə) sabitqədəm edər. Allah zalımları (haqq yoldan) sapdırar.
Allah istədiyini edər!
-
(Ya Rəsulum!) Məgər Allahın ne’mətini küfrə dəyişənləri (Allaha nankor olan
Qüreyş kafirlərini) və ümmətini ölüm yurduna sövq edənləri görmürsənmi?
-
Onlar Cəhənnəmə daxil olacaqlar. Ora necə də pis sığınacaqdır!
-
Onlar (xalqı) Allah yolundan döndərmək üçün Ona (özlərindən uydurub
cürbəcür) şəriklər qoşdular. (Ya Rəsulum! Onlara) belə de: “Hələ ki,
(dünyada bir qədər) əylənib keg çəkin. Axırda məskəniniz atəş (Cəhənnəm)
olacaqdır!”
-
İman gətirən bəndələrimə de: “(Vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar,
heç bir alış-verişin və dostluğun mümkün olmayacağı (günahların bağışlanması
üçün heç kəsdən fidyə alınmayacağı, dostluq xatirinə heç bir güzəşt
edilməyəcəyi) gün (qiyamət günü) gəlməzdən əvvəl onlara verdiyimiz ruzidən
(kasıblara, ehtiyacı olanlara) gizli və aşkar xərcləsinlər.
-
Göyləri və yeri yaradan, göydən yağmur endirən, o yağmurla sizin üçün ruzi
olaraq (cürbəcür) meyvələr yetişdirən, əmri ilə dənizdə üzmək (yüklərinizi
bir yerdən başqa yerə daşımaq) üçün gəmiləri sizə (sizin mənafeyinizə) tabe
və çayları sizə ram edən Allahdır!
-
(Daim öz hədəqəsində, özləri üçün müəyyən olunmuş yerdə) seyr edən Günəşi və
Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur.
-
(Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın
ne’mətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan
çox zalım, həm də çox nankordur. (O, Allahdan başqasına tapınmaqla özünə
zülm edər, Onun lütfünü, mərhəmətini danmaqla küfrani-ne’mət olar).
-
(Ya Rəsulum!) Xatırla ki, bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Bu
diyarı (Məkkəni) əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə
tapınmaqdan uzaq elə!
-
Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar.
İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa,
(bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları) bağışlayansan,
(bəndələrinə) rəhm edənsən!
-
Ey Rəbbimiz! Mən əhli-əyalımdan bə’zisini (İsmaili və anası Hacəri) Sənin
Beytülhəramının (Kə’bənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə)
sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar
deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara
(Kə’bənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara
(bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (ne’mətinə) şükür edə
bilsinlər!
-
Ey Rəbbimiz! Sən bizim gizli saxladığımız və aşkar etdiyimiz hər şeyi (bütün
gizli və aşkar əməllərimizi) bilirsən. Yerdə də, göydə də Allahdan gizli heç
bir şey qalmaz!
-
İxtiyar çağımda mənə İsmail və İshaqı bəxş etmiş Allaha həmd olsun!
Həqiqətən, Rəbbim duaları eşidəndir!
-
Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz
qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur!
-
Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və
mö’minləri bağışla!”
-
(Ya Rəsulum!) Allahı zalımların etdikləri əməllərdən əsla qafil sanma!
(Allah) onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri
hədəqəsindən çıxar;
-
Belə ki, onlar başlarını yuxarı qaldırıb, durar, gözlərini də qırpa
bilməzlər. Onların qəlbləri də bomboşdur. (Ürəkləri duyğusuzdur, orada
xeyirdən heç bir əsər-əlamət yoxdur).
-
İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalımlar: “Ey Rəbbimiz!
Bizə bir az möhlət ver. Biz Sənin də’vətini qəbul edər (iman gətirər) və
peyğəmbərlərə tabe olarıq!” deyərlər. Bəs əvvəlcə sizə heç bir zaval
toxunmayacağı barədə and içməmişdiniz?!
-
Siz özlərinə zülm edənlərin yurdlarında da sakin oldunuz, onların başına
nələr gətirdiyimiz də sizə bəlli oldu. Üstəlik sizin üçün (ibrətamiz)
məsəllər də çəkdik.
-
(Kafirlər Peyğəmbərə və islam dininə qarşı bacardıqları qədər) hiylə
qurdular. Onların hiyləsi Allah dərgahında mə’lumdur (və buna görə də
cəzalarını da alacaqlar). Onların hiyləsi ilə dağlar (islam dini, onun
hökmləri) yerindən oynayan deyildir! (Və ya onların hiyləsi dağları yerindən
oynatsa belə, yenə də Allahın dini qarşısında acizdir!)
-
(Ya Rəsulum!) Allahın peyğəmbərlərə verdiyi və’də xilaf çıxacağını sanma!
Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!
-
(Yadda saxla! Qiyamət günü) elə bir gündür ki, Yer (yer kürəsi) başqa bir
yerlə, göylər də başqa göylərlə əvəz olunacaq (Yer dəyişib başqa cür yer,
göylər də başqa cür göylər olacaq; onların mahiyyəti, şəkli o qədər
dəyişəcək ki, tanınmaz hala düşəcəklər) və onlar (bütün insanlar
qəbirlərindən çıxıb haqq-hesab üçün) bir olan, (hər şeyə) qalib olan Allahın
hüzurunda duracaqlar!
-
O gün günahkarları qandallanmış (zəncirlə bir-birinə bağlanmış) görəcəksən!
-
Köynəkləri qətrandan olacaq, üz-gözlərini də atəş bürüyəcəkdir!
-
Allah hər kəsə (dünyada) etdiyi əməllərin cəzasını vermək üçün belə
edəcəkdir! Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!
-
Bu (Qur’an) insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm də
Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb
ibrət alsınlar!
Geri qayıt