.17.
əl-İsra (Gecə vaxtı seyr) və ya Bəniİsrail (İsrail oğulları) surəsi
(Məkkədə nazil olmuşdur, 111 ayədir)
Bismillahirrəhmanir-rəhim!
-
Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri)
göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki)
Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz)
Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O,
doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!
-
Biz Musaya kitab (Tövrat) verdik və: Məndən başqa heç bir vəkil tutmayın
(və ya tanrı qəbul etməyin) deyə, onu İsrail oğullarına (haqq yolu
göstərən) bir rəhbər təyin etdik.
-
Ey Nuhla birlikdə (gəmiyə) mindirib apardığımız (tufandan xilas etdiyimiz)
kəslərin nəsli! Həqiqətən, o (Nuh Allahın nemətlərinə) çox şükür edən bir
bəndə idi!
-
Biz İsrail oğullarına kitabda (Tövratda): Siz yer üzündə (Zəkəriyyanı,
sonra da Yəhyanı öldürməklə) iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq
(yaxud zülm) edəcəksiniz! deyə bildirdik.
-
Onlardan (o fitnə-fəsadın) birincisinin (cəza) vaxtı gələndə üstünüzə çox
güclü qullarımızı (Büxtünəssəri, yaxud Calutu orduları ilə birlikdə)
göndərdik. Onlar (sizi öldürmək, əsir almaq və qarət etmək üçün) evlərinizin
arasında gəzib dolaşırdılar (sizi təqib edirdilər). Bu vəd artıq yerinə
yetirildi. (Siz Zəkəriyyanı öldürdünüz, onlar da sizi qətl edib, əsir alıb,
yurdunuzu xaraba qoydular).
-
(Bundan) sonra sizə onların üzərində təkrar zəfər çaldırdıq, (yenidən)
var-dövlət, oğul-uşaq verməklə kömək göstərdik və sayca sizi (əvvəl
olduğunuzdan və ya düşmənlərinizdən) daha çox etdik.
-
Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də! İkinci
fitnə-fəsadınızın (cəza) vaxtı gəldikdə üzünüzü qara (sizi xəcil) etmək,
məscidə (Məscidüləqsaya) birinci dəfə girdikləri kimi girmək və ələ
keçirtdikləri hər şeyi büsbütün məhv etmək üçün (fars və rum padşahlarını)
üstünüzə göndərdik. (Siz Yəhyanı öldürdünüz, onlar da əvəzində sizi qətl
edib, məbədinizi dağıdıb, yurdunuzu viran qoydular).
-
(Tövbə edəcəyiniz təqdirdə) ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin! Əgər
siz (yenidən yaramaz əməllərinizə) qayıtsanız, Biz də (sizi yenidən
cəzalandırmağa) qayıdarıq. Biz Cəhənnəmi kafirlərdən ötrü bir zindan etdik.
-
Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (islama) yönəldir,
yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə
verir!
-
Axirətə inanmayanlar üçün isə şiddətli bir əzab hazırlamışıq!
-
İnsan (özünə) xeyir-dua etdiyi kimi, bəd dua da edər. (Adamın hirsi tutduqda
özünə, yaxud övladına bəd dua edər. Əgər Allah həmin şəxsin duasını qəbul
etsə, dərhal onun özünü, yaxud övladını məhv etməlidir. Lakin Allah
səbirlidir, bəndələrinə əzab verməkdə tələsməz). İnsan (hər şeydə)
tələskəndir (gördüyü işin aqibətini düşünməyə hövsələsi çatmaz).
-
Biz gecə və gündüzü (qüdrətimizə dəlalət edən) iki əlamət müəyyən etdik.
Rəbbinizdən ruzi diləməniz, illərin sayını və hesabı (vaxt ölçülərini)
bilməyiniz üçün gecənin əlamətini (qaranlığı) silib (yerinə) gündüzün işıqlı
(görünən) əlamətini gətirdik. Biz (ehtiyac hiss etdiyiniz) hər şeyi
(Quranda) müfəssəl izah etdik.
-
Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün
əməllərini) açıq kitab kimi qarşısına qoyarıq.
-
(Və ona belə deyərik: ) Oxu, kitabını (əməl dəftərini). Bu gün sən
haqq-hesab çəkməyə özün-özünə (özün öz əməllərinin şahidi olmağa)
kifayətsən!
-
Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər
edər. Heç bir günahkar başqasının günahını daşımaz. (Hərə öz günahına
cavabdehdir). Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!
-
Biz bir məmləkəti məhv etmək istədikdə (peyğəmbərlərin dili ilə) onun
naz-nemət içində yaşayan başçılarına (Allaha itaət etməyi, iman gətirməyi)
əmr edərik. Lakin onlar (Allaha asi olub) pis-pis işlər törədərlər.
Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu
yerlə yeksan edərik.
-
Biz Nuhdan sonra neçə-neçə ümmətləri (nəsilləri) məhv etdik. (Ya Rəsulum!)
Rəbbinin öz qullarının günahlarını bilməsi, görməsi (onlara cəza vermək
üçün) kifayət edər.
-
Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada
tezliklə verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi məskən edərik. O,
(Cəhənnəmə) qınanmış, (Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil
olar!
-
Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti
(Allah dərgahında) qəbul olunar.
-
Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik. Rəbbinin
neməti (istər dünyada, istərsə də axirətdə heç kəsə) qadağan deyildir.
-
(Ya Peyğəmbərim!) Bir gör (var-dövlət, cah-cəlal baxımından dünyada) onların
birini digərindən necə üstün tutduq? Axirətdə isə (dünyadakından) daha
yüksək dərəcələr, daha böyük üstünlüklər vardır!
-
Allahla yanaşı başqa tanrı qəbul etmə. Yoxsa xar olar, zəlil vəziyyətə
düşərsən!
-
Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara
yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi
sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: Uf!
belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!
-
Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: Ey Rəbbim!
Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də
onlara rəhm et! de.
-
Rəbbiniz ürəklərinizdə olanları (qəlblərinizin sirlərini) ən yaxşı biləndir.
Əgər əməlisaleh olsanız (ata-ananıza bilmədən etdiyiniz pislikdən peşman
olub tövbə etsəniz və bundan sonra onlarla yaxşı davransanız, bilin ki)
Rəbbiniz, həqiqətən, tövbəkarları bağışlayandır!
-
Qohum-əqrabaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də
haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə!
-
Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların
qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!
-
Əgər Rəbbindən dilədiyin bir mərhəməti (ruzini) gözləmək məqsədilə onlardan
(kömək göstərilməsi lazım olan şəxslərdən) üz çevirməli olsan (onlara bir
şeylə kömək etmək istəsən, lakin imkanın olmadığı üçün bacarmasan və buna
görə də məcburiyyət qarşısında qalıb gözlərinə görünmək istəməsən), heç
olmasa, onlara (Darıxmayın, Allah mənə ruzi bəxş edər, mən də sizə
verərəm! kimi) xoş bir söz de!
-
Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm
qınanarsan, həm də peşman olarsan!
-
Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da. Doğrudan
da, O Öz bəndələrinin halından xəbərdardır, (hər şeyi) görəndir!
-
Yoxsulluqdan qorxub (Cahiliyyət dövründə olduğu kimi) övladlarınızı
(xüsusilə, qız uşaqlarını) öldürməyin. Biz onların da, sizin də ruzinizi
veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!
-
Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!
-
Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. (Onu yalnız və yalnız
böyük bir günah işlədikdə, məsələn, iman gətirdikdən sonra küfrə düşdükdə,
yaxud zinakarlıq etdikdə öldürmək olar). Haqsız yerə öldürülən məzlum bir
şəxsin sahibinə (və ya varisinə qatil barəsində) bir ixtiyar verdik (istəsə,
qatildən qisas alar, istəsə, bağışlayar və ya qanbahası tələb edər). Lakin o
da qətl etməkdə ifrata varmasın (qisas almalı olsa, yalnız qatili öldürməklə
kifayətlənsin)! Çünki (şəriətin bü hökmləri ilə) ona artıq kömək olunmuşdur.
-
Yaxşı niyyət istisna olmaqla, yetimin malına həddi-büluğa çatana qədər yaxın
düşməyin. (Bu mala ancaq onu qorumaq, artırıb çoxaltmaq və yetimin öz
xeyrinə istifadə etmək məqsədilə əl vurmaq olar). Əhdə vəfa edin. Çünki
(insan) əhd barəsində (qiyamət günü) cavabdehdir. (İnsan verdiyi əhdi yerinə
yetirib-yetirmədiyi haqda sorğu-suala tutulacaqdır).
-
Ölçəndə ölçüdə düz olun, (çəkəndə) düzgün tərəzi ilə çəkin. Bu (sizin üçün)
daha xeyirli və nəticə etibarilə daha yaxşıdır!
-
(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə,
bilmədiyin bir sözü də demə). Çünki qular, göz və ürəkbunların hamısı
(sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.
-
Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də
(boyca) yüksəlib dağlara çata bilərsən
-
Bütün bunlar Rəbbinin dərgahında bəyənilməyən (məkruh), pis şeylərdir.
-
(Ya Rəsulum!) Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla
yanaşı başqa tanrı qəbul etmə, yoxsa qınanmış və (Allahın mərhəmətindən)
kənar edilmiş bir halda Cəhənnəmə atılarsan!
-
(Ey: Mələklər Allahın qızlarıdır! deyən müşriklər!) Məgər Rəbbiniz
oğlanları sizin üçün seçib, özü üçün mələklərdən qızlarımı (övladlığa)
götürdü?! Həqiqətən, (özünüzə rəva bilmədiyiniz şeyi Allaha isnad etməklə)
böyük-böyük danışırsınız!
-
İnsanlar düşünüb ibrət alsınlar deyə, Biz bu Quranda (Allahın vəhdaniyyət
əqidəsini cürbəcür dəlillərlə, müxtəlif misallarla) izah etdik. Lakin (bu
izahat) onların yalnız nifrətini artırdı (islamdan daha çox üz döndərdilər).
-
(Ya Rəsulum!) De: Əgər Allahla yanaşı, (müşriklərin) dedikləri kimi,
tanrılar olsa idi, onlar ərş sahibinə (yaxın düşmək, yaxud onunla vuruşmaq
üçün) bir yol axtarardılar.
-
Allah onların dediklərindən çox uca (pak) və çox yüksəkdir!
-
Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə
bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların
(dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. (Allah) həqiqətən,
həlimdir, bağışlayandır!
-
(Ya Rəsulum!) Sən Quran oxuduğun zaman səninlə axirətə inanmayanların
arasına görünməz bir pərdə çəkərik (Onlar səni görməz və sənə heç bir xətər
yetirə bilməzlər)
-
(Quranı) anlamasınlar deyə, onların qəlblərinə pərdə çəkib qulaqlarına
əngəl qoyduq (kar etdik). Sən Quranda Rəbbini bir tək tanrı olaraq andığın
zaman onlar nifrət əlaməti olaraq arxalarını çevirib gedərlər.
-
(Sən Quran oxuyanda) onlar sənə qulaq asdıqları zaman nəyi dinlədiklərini
və zalımların (Dərünnədvədə) öz aralarında gizli-gizli danışıb: Siz ancaq
ovsunlanmış bir adama uyursunuz! dediklərini də bilirik.
-
Bir gör (müşriklər) səni kimlərə bənzətdilər (sənə şair, kahin, sehrbaz,
məcnun, divanə və s. dedilər)! Onlar yoldan azdılar və bir daha doğru yolu
tapa bilməzlər!
-
Onlar: Biz sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, dirildilib
yeni məxluqmu olacağıq? deyirlər.
-
(Ya Rəsulum!) De: (İstər) daş olun, yaxud dəmir!
-
Və ya ürəyinizdə (özünüzü dağlar, göylər kimi) böyük bir məxluq bilin! (Yenə
diriləcəksiniz!). Onlar deyəcəklər: O halda bizi kim (yenidən dirildib
həyata) qaytaracaqdır? (Ya Rəsulum!) De: İlk dəfə sizi yoxdan yaradan
(Allah)! Onlar (istehza ilə) sənə başlarını bulayıb: Bu nə vaxt
olacaqdır? deyə soruşacaqlar. De: Bəlkə də, bu yaxın zamanda!
-
O gün ki, Allah sizi (haqq-hesab üçün öz hüzuruna) çağıracaqdır. Siz də Ona
(itaətlə yanaşı) şükür edərək (qəbirlərinizdən) dərhal çağırışına cavab
verəcəksiniz və sizə elə gələcəkdir ki, (dünyada) çox az qaldınız!
-
(Ya Rəsulum!) Bəndələrimə de: (Danışdıqları zaman la ilahə illallah;
yərhəmukəllah; yəğfiru ləkəllah kimi) gözəl sözlər söyləsinlər (və ya
müşrikləri imana dəvət edərkən onlarla xoş danışsınlar!) Şeytan onların
arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar
düşmənidir!
-
Rəbbiniz sizi daha yaxşı tanıyar (kimin mömin, kimin kafir olduğunu çox
gözəl bilir). İstəsə, sizə rəhm edər, istəsə, əzab verər. Biz səni onlara
vəkil gözdərməmişik. (Sənin vəzifən yalnız islamı təbliğ etməkdir).
-
(Ya Rəsulum!) Rəbbin göylərdə və yerdə olanları (Özünün bütün
yaratdıqlarını) çox gözəl tanıyır. Biz peyğəmbərlərin bəzisini
digərlərindən üstün etdik və Davuda Zəbur verdik.
-
De: (Allahdan) başqa tanrı güman etdiklərinizi (köməyə) çağırın. Onlar sizi
nə möhnətdən qorumağa, nə də onu dəyişməyə (sizdən sovuşdurub başqasına
tərəf yönəltməyə) qadir deyillər!
-
Onların tapındıqları tanrıların özlərindən hər hansı biri (Allah dərgahına)
daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır, Onun rəhmətini umur,
əzabından qorxur. Həqiqətən, Rəbbinin əzabı qorxuludur!
-
Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv
etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda (lövhi-məhfuzda)
yazılmışdır!
-
Bizə möcüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin (keçmiş
ümmətlərin) onları yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar
bir möcüzə olaraq dişi (maya) bir dəvə verdik, lakin onlar ona zülm etdilər
(dəvəni tutub kəsdilər). Biz möcüzələri yalnız (bəndələrimizi) qorxutmaq
üçün göndəririk.
-
(Ya Rəsulum!) Yadına sal ki, bir zaman sənə: Rəbbin (Öz əzəli elmi və
qüdrəti ilə) insanları ehtiva etmişdir (onların ixtiyarı Allahın əlində
olduğu üçün sənə heç bir şey edə bilməzlər!)demişdik. (İsra gecəsi) sənə
göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş (Cəhənnəmdəki zəqqum adlı)
ağacı insanlar (Məkkə əhli) üçün yalnız bir imtahan etdik (görək sənin
sözünə inanacaqlar, ya yox). Biz onları qorxuduruq, lakin bu qorxutmaq
onların tüğyanını artırmaqdan başqa bir şeyə kara gəlmir!
-
Yenə yadına sal ki, bir zaman mələklərə: Adəmə səcdə edin! deyə əmr
etmişdik. İblisdən başqa hamısı səcdə etmişdi. (İblis: ) Sənin palçıqdan
yaratdığına mən səcdə edərəmmi?! demişdi.
-
(İblis) həmçinin: (Pərvərdigara!) Bir de görək (məni oddan, bu Adəmi
torpaqdan yaratdığın halda) nə üçün onu məndən üstün tutdun? Əgər (məni
öldürməyib) qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna
olmaqla, onun nəslini öz hökmüm altına alaram (və ya yoldan çıxarıb kökünü
kəsərəm).
-
(Allah) buyurdu: Çıx get! (Sənə qiyamətə qədər möhlət verdim!) Onlardan hər
kəs sənə uysa, (bil ki) cəzanız Cəhənnəmdir. Özü də tamam-kamal bir cəza!
-
Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və
piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə)
mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver.
Şeytan (ona uyanlara) yalnız yalan vəd verər!
-
Doğrusu, Mənim (mömin) bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz.
Rəbbinin vəkil olması (sənin şərindən və vəsfəsəndən onları qoruması)
kifayət edər!
-
Sizin üçün (bol) nemətindən özünüzə ruzi axtarmaq (qazanmaq) məqsədilə
dənizdə gəmiləri hərəkətə gətirən məhz Rəbbinizdir! Həqiqətən, Rəbbiniz sizə
qarşı rəhmlidir!
-
Sizə dənizdə bir çətinlik (batmaq təhlükəsi) üz verdiyi zaman (Allahdan)
qeyri ibadət etdiyiniz bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya
çıxartdıqda (itaətindən) üz döndərirsiniz. İnsan nankordur!
-
Məgər (Allahın) quruda sizi yerə batırmayacağına, yaxud (göydən) başınıza
daş yağdırmayacağına əminsinizmi?! Sonra heç sizi qoruyan da tapılmaz (tapa
bilməzsiniz).
-
Yoxsa (Allahın) bir də sizi dənizə qaytarmayacağına, şiddətli bir fırtına
göndərib sizi batırmayacağına arxayınsınız? Sonra sizdən ötrü Bizdən intiqam
alacaq (və ya Bizə qarşı sizə kömək edəcək) bir kəs də tapa bilməzsiniz.
-
Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda
(gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik,
özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız
məxluqatın çoxundan xeyli üstün etdik. (İnsan şüur, nitq qabiliyyəti, gözəl
surət, boy-buxun, əllə yemək və s. bu kimi məziyyətlərinə görə həmişə
Allaha şükür edib yalnız Ona tapınmalı, Rəbbinə heç bir şərik qoşmamalıdır!)
-
Bir gün (qiyamət günü) bütün insanları öz imamları (ardınca getdikləri
rəhbərləri, yaxud peyğəmbərləri və ya əməl dəftərləri) ilə birlikdə
(hüzurumuza) çağıracağıq. Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar
(şad olarlar). Onlara tük (xurma çərdəyinin yarığındakı tel) qədər haqsızlıq
edilməz.
-
Bu dünyada (Allahın dəlillərini, möcüzələrini görməyib gözü və qəlbi) kor
olan axirətdə də kor olar və (haqq) yoldan daha çox azar!
-
(Ya Rəsulum! Qurandan) qeyri bir şeyi yalandan Bizə istinad edəsən (iftira
yaxasan) deyə, (müşriklər) səni hardasa o sənə vəhy etdiyimizdən
sapdıracaqdılar. Belə olacağı təqdirdə, səni, sözsüz ki, özlərinə dost
tutacaqdırlar.
-
Əgər Biz sənə səbat verməsəydik, yəqin ki, az da olsa, onlara uyacaqdın!
-
(Belə olacağı tədirdə) sənə həyatın və ölümün ikiqat əzabını daddırardıq.
Sonra Bizə qarşı özünə bir yardım edən də tapa bilməzsən. (Heç kəs səni
əzabımızdan qurtara bilməz).
-
(Müşriklər) səni oradan (Məkkədən) çıxartmaq üçün az qalmışdı ki, səni o
yerdə fitnəyə salsınlar (narahat eləsinlər, dünyanı başına dar etsinlər).
Əgər onlar belə etsəydilər, səndən sonra (Məkkədə) yalnız az bir müddət qala
bilərdilər.
-
Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər barəsindəki qayda-qanuna müvafiq
olaraq. (Onların dövründə də belə etmişdik). Sən Bizim qayda-qanunumuzda heç
bir dəyişiklik tapa bilməzsən! (Səndən əvvəlki ümmətlər öz peyğəmbərlərinə
əziyyət verib ölkələrindən qovan kimi onlara əzab göndərər, hamısını məhv
edərdik. Əgər Məkkə müşrikləri belə etsəydilər, həmin müsibət onların da
başına gələcəkdi).
-
Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz (günorta,
ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh
namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən)
müşahidə olunur.
-
(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd)
namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən)
bəyənilib təriflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına)
göndərsin!
-
De: Ey Rəbbim! Məni daxil edəcəyin yerə (Mədinəyə) xoşluqla daxil et, məni
çıxaracağın yerdən (Məkkədən) də xoşluqla çıxart. Öz dərgahından mənə kömək
edə bilən bir dəlil ver! (Mənə elə bir qüdrət ver ki, müşriklər və kafirlər
həmişə onun qarşısında aciz qalsınlar!)
-
De: Haqq (islam) gəldi, batil (şirk və küfr) yox oldu. Çünki batil
(öz-özlüyündə) yoxluğa (heçliyə) məhkumdur!
-
Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O,
zalımların (kafirlərin) ancaq ziyanını artırır.
-
İnsana bir nemət (sağlamlıq, var-dövlət) verdiyimiz zaman (Bizdən) üz
çevirib uzaq gəzər. Ona bir pislik üz verdikdə isə məyus olar!
-
De: Hərə öz qabiliyyətinə (xislətinə) görə iş görər. Rəbbin kimin daha
doğru yolda olduğunu daha yaxşı bilir!
-
(Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında
soruşarlar. De: Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır).
Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir!
-
Əgər istəsəydik, sənə vəhy etdiyimizi (qəlbindən) çıxardıb aparardıq. Sonra
Bizə qarşı özün üçün bir müdafiəçi (vəkil) də tapa bilməzdin. (Əgər Biz
Quranı sənə unutdursaq, yenidən heç kəs onu sənin yadına sala bilməz).
-
Lakin (bunu etməməyimiz) Rəbbinin yalnız sənə qarşı bir mərhəmətidir.
Həqiqətən, Onun sənə olan neməti böyükdür!
-
(Ya Peyğəmbərim!) De: Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana
bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini
gətirə bilməzlər.
-
Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkib (mənasını) onlara izah
etdik. Lakin onların (Məkkə əhlinin) əksəriyyəti küfrdən başqa bir şeyə razı
olmadı (nemətimizə nankor olub yalnız küfrü seçdi).
-
(Quranın əzəməti, fəsahət və bəlağəti qarşısında aciz qalan, lakin özlərini
sındırmayan müşriklər) belə dedilər: Bizə yerdən (Məkkədən) bir bulaq
çıxarmayınca sənə iman gətirməyəcəyik.
-
Yaxud (ağacları) arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın
olmayınca;
-
Yaxud, iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə,
yaxud Allahı və mələkləri (peyğəmbərliyinin doğruluğuna şahid olaraq)
açıq-aşkar qarşımıza gətirməyincə;
-
Və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca (biz sənə iman
gətirməyəcəyik). Əgər bizə (səmadan) oxuyacağımız bir kitab endirməsən, göyə
qalxmağına da əsla inanmayacağıq! (Ya Rəsulum!) De: Rəbbim pakdır,
müqəddəsdir! (Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan
xüsusiyyətlərdən uzaqdır!) Mən isə yalnız peyğəmbər olan bir insanam!
(Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə
yetirməyə qadir deyildir!)
-
(Qüreyş müşrikləri kimi) insanlara doğru yolu göstərən bir rəhbər gəldiyi
zaman ona iman gətirməyə mane olan şey yalnız onların: Allah bir insanımı
peyğəmbər göndərdi? demələridir. (Müşriklərin fikrincə, peyğəmbər
bəşərdən deyil, mələklərdən göndərilməlidir).
-
(Ya Rəsulum!) De: Əgər yer üzündə (siz insanlar kimi) arxayın gəzib
dolaşanlar mələklər olsaydı (yer üzünün əhalisi mələklərdən ibarət olsaydı),
sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik!
-
De: Mənimlə sizin aranızda təkcə Allahın (peyğəmbərliyimin həqiqiliyinə)
şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən (bəndələrinin bütün
əməllərindən) xəbərdardır, (onların gizlində və aşkarda nələr etdiyini)
görəndir!
-
Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı kəs
üçünsə (Allahdan) başqa dostlar tapa bilməzsən. Biz qiyamət günü onları üzü
üstə sürünə-sürünə, kor, lal və kar kimi məhşər ayağına çəkəcəyik. Onların
düşəcəkləri yer Cəhənnəmdir. Cəhənnəm odu azaldıqca onların (bədənlərinin)
alovunu artıracağıq!
-
Bu, ayələrimizi inkar etdiklərinə və: Sür-sümük, çürüyüb ovxalanmış torpaq
olduğumuz halda, biz dirildilib yeni bir məxluqmu olacağıq? dediklərinə
görə onların cəzasıdır.
-
Məgər onlar (öləndən sonra bir daha diriləcəklərini inkar edənlər bu
böyüklükdə) göyləri və yeri (yoxdan) yaradan Allahın (bu kiçiklikdə) onlar
kimisini (yenidən, eynilə) yaratmağa qadir olduğunu görmürlərmi?! Allah
onlar üçün bir əcəl (ölüm, yaxud əzaba düçar olma vaxtı) müəyyən etdi ki,
ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar (belə bir vəziyyətdə də) ancaq öz
küfrlərində israr edib dururlar (küfrdən başqa bir şeyə razı olmurlar).
-
(Ya Peyğəmbərim, müşriklərə) de: Əgər siz Rəbbimin rəhmət xəzinələrinə
(var-dövlətinə) sahib olsaydınız, yenə də (onun) xərclənib tükənməsindən
(sonra da sizə yoxulluq üz verməsindən) qorxaraq xəsislik edərdiniz. İnsan
(nə qədər varlı olsa da, təbiəti etibarilə) xəsisdir!
-
Biz Musaya doqquz aşkar möcüzə (əsa, günəş kimi parlayan yədi-beyza,
çəyirtkə və digər həşərat, qurbağa, qan, qıtlıq, daşların arasından fəvvarə
verib çıxan su, dənizin yarılması və Tur dağının qaldırılıb İsrail
oğullarının başları üstündə saxlanılması) verdik. İsrail oğullarından soruş:
(Musa) onların yanına gəldikdə, Firon ona: Ya Musa! Mənə elə gəlir ki, sən
ovsunlanmışsan (ağlın başında deyildir), - demişdi.
-
(Musa da) ona: Sən bunları məhz göylərin və yerin Rəbbi tərədindən
açıq-aşkar möcüzə olaraq endirildiyini, sözsüz ki, bilirsən. Mən isə, ey
Firon, səni (küfrə düşdüyünə görə) artıq məhv olmuş zənn edirəm! deyə
cavab vermişdi.
-
(Firon) onları (Misir) torpağından qovub çıxartmaq istədi. Biz isə onu
(Fironu) və onunla birlikdə olanların hamısını (suya) qərq etdik.
-
Və bundan sonra İsrail oğullarına dedik: Siz (Şam) ərazisində sakin olun.
Axirət vədəsi (qiyamət) gəlib çatdıqda sizin hamınızı (sizi və Firon
əhlini, yaxud möminləri və kafirləri) birlikdə (bir-birinizə qarışmış halda
məhşərə) gətirəcəyik!
-
Biz (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq (heç bir dəyişikliyə
uğramadan) nazil oldu. Səni də yalnız (möminlərə Cənnətlə) müjdə verən və
(kafirləri cəhənnəm əzabı ilə) qorxudan sifəti ilə göndərdik.
-
İnsanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb
(ayə-ayə, surə-surə) göndərdik. Biz onu tədriclə, (iyirmi üç ilə yaxın bir
müddət ərzində) nazil etdik.
-
(Ya Rəsulum, müşriklərə) de: İstər (Qurana) inanın, istərsə də inanmayın.
Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr (özlərinə Tövrat və İncil
verilmiş kitab əhli) yanlarında (Quran) oxunduğu zaman üzüstə səcdəyə
qapanar.
-
Və: Rəbbimiz pakdır, müqəddəsdir! Rəbbimizin (möminlərə mükafat, kafirlərə
əzab veriləcəyi barəsindəki) əmri mütləq yerinə yetəcəkdir! deyərlər.
-
Onlar üzüstə səcdəyə qapanıb ağlayar, (Qurandakı öyüd-nəsihət isə) onların
(Allaha) itaətini daha da artırar.
-
(Ya Rəsulum!) De: İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin).
Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız
Ona məxsusdur. (Ya Peyğəmbərim!) Namaz qılarkən səsini nə çox qaldır, nə də
çox alçalt. Bunun (bu ikisinin) arasında orta bir yol tut!
-
Və de: Özünə heç bir övlad götürməyən, mülkündə (səltənətində) heç bir
şəriki olmayan, zəif (aciz) olmadığı üçün (Ona kömək edəcək) heç bir dosta
(hamiyə də) ehtiyacı olmayan Allaha həmd olsun! Və Allahı (layiqincə) uca
tut! (Allahı bütün eyib və nöqsanlardan uzaq bilib təqdis et, şəninə
təriflər de!)
Geri qayıt