.31.
Loğman surəsi
(Məkkədə nazil olmuşdur, 34 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Əlif, Lam, Mim!
-
Bu hikmətli Kitabın (Qur’anın) ayələridir.
-
(O Qur’an) yaxşı əməllər edənlərə bir hidayət (doğru yolu göstərən rəhbər)
və rəhmətdir.
-
O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar.
-
Onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar da
(axirət əzabından qurtarıb savaba yetişənlər də) onlardır!
-
İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin
günahını anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu
minvalla onu məsxərəyə qoymaq üçün mə’nasız (oyun-oyuncaq) sözləri satın
alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.
-
Və ayələrimiz ona oxunduğu zaman onları eşitmirmiş, qulaqlarında ağırlıq
(karlıq) varmış kimi təkəbbürlə arxasını çevirər. (Ya Rəsulum!) Sən də ona
şiddətli bir əzabla (axirətdə cəhənnəm odunda yanacağı ilə) müjdə ver!
-
İman gətirib yaxşı işlər görənləri Nəim cənnətləri gözləyir.
-
Onlar orada əbədi qalacaqlar. Allahın (mö’minlərə verdiyi cənnət) və’di
haqdır. O, yenilməz qüvvət, hikmət sahibidir!
-
Allah gördüyünüz göyləri dirəksiz yaratmış (yaxud O, göyləri görə bildiyiniz
bir dirək olmadan xəlq etmiş), sizi yırğalamasın (atıb-tutmasın) deyə, yerdə
möhkəm durmuş dağlar bərqərar etmiş və ora (yer üzünə) cürbəcür heyvanlar
səpələmişdir. Biz göydən yağış yağdırdıq və (onunla) yerdə növbənöv gözəl
(bitkilər, meyvələr) yetişdirdik.
-
Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan)
başqalarının nə yaratdığını göstərin. Xeyr, zalımlar (müşriklər) açıq-aşkar
əyri yoldadırlar (haqq yoldan azmışlar).
-
Həqiqətən, Loğmana: “Allaha şükür et!” (deyə) hikmət verdik. Kim (Allahın
ne’mətlərinə) şükür etsə, özü üçün şükür edər. Kim nankor olsa, (bilsin ki)
Allah onun şükürünə möhtac deyildir, (özlüyündə) şükürə (tə’rifə) layiqdir!
(Onun bütün işləri bəyəniləndir!)
-
(Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək
belə demişdi: “Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq
böyük zülmdür! (Ağır günahdır!)”
-
Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla
gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda
daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana
buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!
-
Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr,
(bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin
(onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin)
yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də
(dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!”
-
(Loğman öyüd-nəsihətinə davam edərək) dedi: “Oğlum, (dünyada gördüyün hər
hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir
qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah
onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən,
Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), (hər şeydən)
xəbərdardır!
-
Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan
elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim)
vacib əməllərdəndir!
-
Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma.
Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!
-
Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışında)
səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!
-
(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı,
ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri)
sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə,
sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) ne’mətləri sizə bolluca
ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir
elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani (ilahi) kitabı
olmadan Allah barəsində mübahisə edər.
-
Onlara (Məkkə əhlinə): “Allahın nazil etdiyinə (Qur’ana) tabe olun!”
deyildikdə, onlar: “Xeyr, biz atalarımızın getdiyi yolla (ibadət etdiyi
dinə) tabe olacağıq!” – deyə cavab verərlər. Bəs Şeytan onları cəhənnəm
odunun əzabına çağırırsa necə? (Yenədəmi həmin yolla gedəcəklər?)
-
Kim yaxşı əməl sahibi olub özünü (səmimi-qəlbdən) Allaha təslim edərsə, o
artıq ən möhkəm ipdən (dəstəkdən - Qur’andan, imandan) yapışmış olur. Bütün
işlərin axırı Allaha gəlib çıxacaqdır! (Buyuruq Allahındır!)
-
Kim küfr etsə, onun küfrü (ya Rəsulum) səni kədərləndirməsin. Onlar Bizim
hüzurumuza qayıdacaqlar. Biz də onlara (dünyada) nələr etdiklərini xəbər
verəcəyik. Həqiqətən, Allah ürəklərdə olanları biləndir!
-
Biz onlara bir qədər gün-güzəran (bir az dünya malı) verəcək, sonra da
(axirətdə) ağır bir əzaba düçar edəcəyik!
-
(Ya Rəsulum!) Həqiqətən, əgər sən (müşriklərdən): “Göyləri və yeri kim
yaratmışdır?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab
verəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların əksəriyyəti (həmd-sənanın
kimə məxsus olduğunu) bilməz!
-
Göylərdə və yerdə nə varsa, Allahındır. Allah (bəndələrinin, o cümlədən
müşriklərin ibadətinə) möhtac deyildir və (özlüyündə hər cür) şükrə
(tə’rifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)
-
Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya
qatılaraq (mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi.
Həqiqətən, Allah yenilməz qüdrət, hikmət sahibidir!
-
(Ey insanlar!) Sizi (yoxdan) yaratmaq və (qiyamət günü) diriltmək (Allah
üçün) ancaq bir nəfəri yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah (hər
şeyi) eşidəndir, görəndir!
-
(Ya Rəsulum!) Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını (gah
gündüzü, gah da gecəni uzatdığını), günəşi və ayı ram (sizin mənafeyinizə
tabe) etdiyini görmürsənmi? Onların hər biri (öz hədəqəsində, dairəsində)
müəyyən müddətədək (qiyamət gününə qədər) dövr edər. Həqiqətən, Allah nə
etdiklərinizdən xəbərdardır!
-
Bu (deyilənlər) ona görədir ki, Allah haqq, (müşriklərin) Ondan qeyri ibadət
etdikləri isə batildir. Həqiqətən, Allah (hər şeydən) ucadır, (hər şeydən)
böyükdür!
-
(Ya Rəsulum!) Sizə öz qüdrət əlamətlərindən bə’zisini göstərsin deyə,
gəmilərin dənizdə Allahın lütfü ilə üzdüyünü görmürsənmi? Həqiqətən, bunda
(əziyyətlərə) səbr, (Allahın ne’mətlərinə) çox şükür edən hər kəs üçün
ibrətlər vardır!
-
(Kafirləri) ətrafına kölgə salan uca dağlar (yaxud qara buludlar) kimi
dalğalar bürüdüyü zaman onlar dini (ibadəti) Allaha məxsus edərək yalnız Ona
dua edərlər. Allah onları sağ-salamat quruya çıxartdıqda içərilərindən
bə’ziləri (küfrlə iman arasında) orta mövqe tutar. (Bə’ziləri isə öz
küfründə qalar). Bizim ayələrimizi yalnız çox xain, nankor olanlar danarlar!
-
Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə
kara gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın və’di, şübhəsiz ki,
haqdır. (Qiyamət günü mütləq gələcəkdir). Ehtiyatlı olun ki, dünya həyatı
sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib (Allah Öz bəndələrinə
mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə)
tovlamasın!
-
Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı
(istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan,
yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl
sahibi olacağını) O bilir. Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud
günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz
ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!
Geri qayıt