.47.
Muhəmməd surəsi
(Məkkədə nazil olmuşdur, 38 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Kafir olanların və (insanları) Allah yolundan döndərənlərin əməllərini
(Allah) puç edəcəkdir.
-
İman gətirib yaxşı əməllər edənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil
edilənə (Qur’ana) inanların isə günahlarının üstünü örtəcək, onların
əhvalını (dünyada və axirətdə) düzəldəcəkdir (yaxşılaşdıracaqdır).
-
Bu ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən
gələn haqqa (Qur’ana) tabe olmuşlar. Allah insanlara özlərinə dair
məsələləri belə çəkir!
-
(Ey mö’minlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman
boyunlarını vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə,
(qaçmasınlar deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da
müharibə bitdikdə onları ya (boyunlarına minnət qoyub) məccani, ya da fidyə
müqabilində azad edin! (İstəsəniz əsirləri bağışlayıb pulsuz-parasız azad
edər, ya onları mübadilə edər, ya da müəyyən məbləğ pul, mal müqabilində
buraxarsınız). (Əmr) budur! Əgər Allah istəsəydi, onlardan (başqa cür –
müharibəsiz də) intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana
çəkmək üçün (vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin
əməllərini əsla puç etməz.
-
(Allah) onları doğru yola müvəffəq edəcək, onların əhvalını (dünyada və
axirətdə) düzəldəcəkdir.
-
Və onları (dünyada) özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcəkdir.
-
Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım
göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm,
qüvvətli) edər.
-
Kafirlərə gəldikdə isə - hamısı məhv olsun – onların əməllərini puça
çıxardar!
-
Bu ona görədir ki, (kafirlər) Allahın nazil etdiyini (Qur’anı) bəyənmədilər,
(Allah da) onların əməllərini puç etdi.
-
Məgər onlar yer üzünü dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə
olduğunu görmürlərmi?! Allah onları yerlə yeksan etdi. Kafirləri də buna
bənzərləri (belə şeylər) gözləyir!
-
Ona görə ki, Allah iman gətirənlərin dostudur (himayədarıdır). Kafirlərin
isə dostu (himayədarı) yoxdur!
-
Allah iman gətirib yaxşı əməllər edənləri (ağacları) altından çaylar axan
cənnətlərə daxil edər. Kafirlər isə (dünyada) səfa sürər, heyvan kimi
yeyib-içərlər. (Öləndən sonra) cəhənnəm odu onların məskəni olacaqdır!
-
(Ya Peyğəmbər! Qövmünün) səni çıxartdığı şəhərdən (şəhər əhlindən) daha
qüvvətli neçə-neçə şəhərlər (şəhər əhli) var idi ki, Biz onları məhv etdik
və özlərinə bir kömək edən də tapılmadı!
-
Məgər Rəbbindən bir dəlilə olan (dəlilə istinad edən) kimsə pis əməli özünə
yaxşı göstərilən kimsə kimidirmi?! Belələri öz nəfslərinə uymuşlar.
-
Müttəqilərə və’d olunan Cənnətin vəsfi belədir: orada dadı dəyişməyən
(qoxumayan) sudan irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət
verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar vardır. Orada onları hər cür
meyvə və Rəbbi tərəfindən (günahlardan) bağışlanma gözləyir. (Məgər bu
cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən
qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?!
-
(Ya Peyğəmbər!) Onların (kafirlərin) içərisində elələri də vardır ki, səni
dinləyər, sənin yanından çıxıb gedən kimi elm verilmiş kimsələrdən
(səhabədən istehza ilə): “(Muhəmməd) bu saat nə dedi?!” – deyə soruşarlar.
Onlar Allahın ürəklərinə möhür vurduğu və öz nəfslərinə uymuş kimsələrdir!
-
Doğru yolu tapanlara gəldikdə isə, (Allah) onların doğruluğunu daha da
artırar və onlara təqvalarının (mö’minliklərinin, Allahdan qorxub pis
əməllərdən çəkinmələrinin) mükafatını verər!
-
Onlar (kafirlər) ancaq o saatın (qiyamət saatının) qəfildən başlarının
üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. (Qiyamət
saatı) onlara gəlib yetişdiyi zaman ibrət almaları (peşman olub tövbə
etmələri) onlara nə fayda verər?!
-
(Ya Rəsulum!) Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. (Ondan) həm öz
günahlarının, həm də mö’min kişilərin və qadınların bağışlanmasını dilə.
Allah gəzib-dolandığınız yeri də, dayanıb-duracağınız yeri də bilir! (Sizin
gündüzlər-gecələr dünyada nə işlə məşğul olduğunuz, axirətdə harada
olacağınız Allaha mə’lumdur. Ondan heç nə gizli qalmaz!)
-
Mö’minlər: “Kaş (cihad barəsində) bir surə nazil olaydı!” – deyirdilər. Elə
ki möhkəm bir surə nazil olub orada döyüş (cihad əmri) bildirildi, (ya
Rəsulum!) qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanların sənə ölüm
qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün! Amma onlara
daha çox yaraşardı -
-
İtaət etmək və gözəl bir söz demək (sənin əmrini dinməz-söyləməz yerinə
yetirmək). İş qətiləşdiyi (onlara cihad vacib olduğu) zaman Allaha
(verdikləri və’də) sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı
olardı!
-
Əgər (Muhəmməd əleyhissəlamdan) üz döndərsəniz, sizdən yer üzündə
fitnə-fəsad törətmək və (Cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini
qırmaq gözlənilməzmi?!
-
Onlar (münafiqlər, fitnə-fəsad törədənlər) Allahın lə’nət etdiyi
(qulaqlarını) kar və gözlərini kor etdiyi kimsələrdir!
-
Onlar Qur’an barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?
(Yoxsa ürəklərinin öz kilidləri vardır?)
-
Doğru yol özlərinə bəlli olduqdan sonra (dindən) dönənlərə Şeytan (bu
dönüklüyü) xoş göstərdi və onları tovlayıb yoldan azdırdı (və ya: bu
dönüklüyün müqabilində Allah onları zəlalətə saldı).
-
Bu onların Allahın nazil etdiyini (cihad əmrini) bəyənməyənlərə
(münafiqlərə): “Biz bə’zi işlərdə (Allahın və Muhəmməd əleyhissəlamın
əmrlərini yerinə yetirməməkdə) sizə itaət edəcəyik!” – demələrinə görədir.
Allah onların (bütün) sirlərini (gizli danışıqlarını) bilir!
-
Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları
necə olacaq?
-
Bu da onların Allahın qəzəbinə səbəb olan şeyə (Şeytana itaət etməyə)
uymaları və (Allaha) xoş gedən şeyi (kafirlərlə vuruşmağı) bəyənmədiklərinə
görədir. Elə buna görə də (Allah) onların əməllərini puç etdi.
-
Yoxsa qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanlar elə güman etdilər ki,
Allah onların (ürəklərindəki) kin-küdurətlərini zahirə çıxartmayacaqdır?!
-
(Ya Peyğəmbər!) Əgər Biz istəsəydik, onları (münafiqləri) mütləq sənə
göstərər, sən də onları mütləq üzlərindən tanıyardın (amma, bəlkə, tövbə
edib dində səmimi olsunlar deyə, onları heç kəsə tanıtmadıq). Sən onsuzda
onların danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin (bütün)
əməllərinizi bilir! (Bu ayə nazil olduqdan sonra tanınmayan münafiqlər
qorxudan ağızlarını açıb bir kəlmə danışmırdılar).
-
(Ey mö’minlər!) And olsun ki, Biz içərinizdəki mücahidləri və (əziyyətlərə)
səbr edənləri ayırd edib bilmək (ümmətə mə’lum etmək) üçün sizi imtahana
çəkəcək və sizə dair xəbərləri (əməllərinizi) də yoxlayacağıq. (Elə edəcəyik
ki, Allahın sizin barənizdə əzəldən bildikləri – kimin həqiqi, kimin yalançı
mö’min olduğu zahirə çıxıb Onun bütün bəndələrinə bəlli olsun!)
-
Şübhəsiz ki, kafirlər, (insanları) Allah yolundan döndərənlər və doğru yol
özlərinə bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər
verə bilməzlər. (Allah) onların bütün əməllərini puç edəcəkdir!
-
Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə,
riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!
-
Kafir olanları, (insanları) Allah yolundan döndərənləri, sonra da kafir kimi
ölənləri, şübhəsiz ki, Allah bağışlamayacaqdır!
-
Buna görə də (cihada) zəiflik göstərməyin və (kafirlərə) üstün (qalib)
gəldiyiniz zaman (onları) sülhə də’vət etməyin. Allah sizinlədir. O sizin
əməllərinizi boş (mükafatsız) buraxmaz!
-
Şübhəsiz ki, dünya həyatı oyun-oyuncaq, əyləncədir. Əgər iman gətirsəniz və
(pis əməllərdən, günahlardan) çəkinsəniz, O sizə mükafatlarınızı verəcəkdir.
O sizdən mal-dövlətinizi (tamamilə Allah yolunda sərf etməyi) istəməz
(yalnız zəkat verməyinizi istəyər).
-
Əgər Allah sizdən Onun (mal-dövlətinizin) hamısını istəsə və bunu sizdən
israrla tələb etsə, siz xəsislik göstərərsiniz və O da (sizin islam dininə
olan) kin-küdurətinizi (yaxud malınızı xərcləmək istəməmənizi) zahirə
çıxardar.
-
Budur, siz (mal-dövlətinizin yalnız qırxda birini) Allah yolunda sərf etməyə
çağırılan kimsələrsiniz. Bununla belə içərinizdə xəsislik edən də vardır.
Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. (Bunun zərəri
yalnız özünə toxunar). Allah zəngin, siz isə yoxsulsunuz (Allah sizə möhtac
deyildir, siz Ona möhtacsınız). Əgər (Ondan) üz döndərsəniz, (sizi yox edib)
yerinizə sizlər kimi olmayan (Allaha cani-dildən ibadət və itaət edən) başqa
bir qövm gətirər!
Geri qayıt