.60.
əl-Mumtəhinə (İmtahana çəkilən qadın) surəsi
(Mədinədə
nazil olmuşdur, 13 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Ey iman
gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun!
Onlar (kafirlər) sizə gələn haqqı (Qur’anı, Muhəmməd əleyhissəlamı) inkar
etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz).
Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi
(Məkkədən) çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq
uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla
gizlində dostluq edirsiniz (dostluq üzündən onlara sirr verirsiniz). Mən
sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi (bütün gizli və aşkar
əməllərinizi) bilirəm. Sizdən kim (bir daha) bunu etsə (düşmənlərlə dostluq
edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan azmışdır!
-
Əgər
onlar (müşriklər) sizi ələ keçirsələr (sizə qələbə çalsalar), sizə düşmən
olar, sizə pisliklə əl və dil uzadar, sizin kafir olmanızı istəyərlər.
-
Nə
(xatirinə Allaha və Peyğəmbərinə xəyanət etdiyiniz Məkkədəki)
qohum-əqrabanız, nə də oğul-uşağınız sizə bir fayda verəcəkdir. Allah
qiyamət günü sizi bir-birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi
görəndir!
-
İbrahim
və onunla birlikdə olanlar (mö’minlər) sizin üçün gözəl örnəkdir. O zaman
onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, bizim sizinlə və sizin
Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz
sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə
sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” Ancaq İbrahim öz atasına:
“Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəm. Mən heç vəchlə
səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm (mənim bacardığım yalnız
budur)!” – deməsi istisnadır (bunda sizin üçün örnək yoxdur). (Onlar
həmçinin belə demişdilər: ) “Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik,
tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır.
-
Ey
Rəbbimiz! Bizi kafirlər üçün sınaq vasitəsi etmə! (Bizi kafirlərin əli ilə
sınağa çəkmə, onları bizim üstümüzdə hakim etmə!) Bizi bağışla. Ey
Rəbbimiz! Həqiqətən, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən!”
-
(Ey
mö’minlər!) And olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid
bəsləyənlər üçün gözəl örnəkdir. Kim (kafirlərlə dostluq edib Allahın
buyurduğundan) üz döndərsə (bunun zərəri ancaq onun özünə olar). Allah (heç
nəyə) möhtac deyildir; O, tə’rifə (şükrə) layiqdir!
-
(Ey
mö’minlər!) Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz kimsələr
(Məkkə müşrikləri) arasında (onları islam dininə gətirməklə) dostluq
(məhəbbət) yaratsın. Allah (hər şeyə) qadirdir. Allah bağışlayandır, rəhm
edəndir!
-
Allah
din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə
yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah
ədalətli olanları sevər!
-
Allah
sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və
çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla
dostluq edənlər əsl zalımlardır!
-
Ey iman
gətirənlər! Mö’min qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman
onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları
yoxlayıb bilmək sizə lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mö’min
olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar
(bu qadınlar) onlara (kafirlərə), nə də onlar bunlara halaldır. Onların
(kafirlərin həmin qadınlara) xərclədiklərini (mehri) özlərinə qaytarıb
verin. Bunların (bu qadınların) mehrlərini özlərinə verdiyiniz təqdirdə
onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları öz
kəbininiz altında saxlamayın. (Həmin qadınlara) verdiyiniz mehri (onların
ərə getdiyi kafirlərdən) istəyin. (Kafirlər də islamı qəbul edib mö’minlərlə
evlənən qadınlara) sərf etdikləri mehri (sizdən) istəsinlər. Allahın hökmü
budur. O sizin aranızda (belə) hökm edər. Allah (hər şeyi) biləndir, hikmət
sahibidir!
-
Əgər
zövcələrinizdən biri sizdən qaçıb (mehrini geri qaytarmadan) kafirlərə
qoşulsa və siz də (onlarla vuruşaraq) qənimət əldə etsəniz, zövcələri
(kafirlərin yanına) getmiş kimsələrə (həmin qənimətdən) onların (bu
övrətlərə) sərf etdikləri mehr qədər verin. İman gətirdiyiniz Allahdan
qorxun!
-
Ya
Peyğəmbər! Mö’min qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və
zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri (qız uşaqlarını diri-diri
torpağa gömməyəcəklərini), özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə
isnad etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə
çıxmayacaqları barədə sənə bey’ət etmək üçün yanına gəldikləri zaman onların
bey’ətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah
bağışlayandır, rəhm edəndir!
-
Ey iman
gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin.
Kafirlər qəbiristan əhlindən (ölülərin qiyamət günü diriləcəyindən)
ümidlərini üzdükləri kimi, onlar da axirətdən (axirətdə Allahın
mərhəmətindən) ümidlərini üzmüşlər!
Geri dön