.63.
əl-Munafiqun (Münafiqlər) surəsi
(Mədinədə
nazil olmuşdur, 11 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
(Ya
Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: “Biz
sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! – deyirlər.
Allah sənin Onun həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin
xalis yalançı olduqlarına şəhadət verir.
-
Onlar
(yalan) andlarını özlərində sipər edib (xalqı) Allah yolundan döndərirlər.
Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!
-
Bunun
səbəbi odur ki, onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində gizli)
kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə
anlamaz kimsələr olmuşlar.
-
(Ya
Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri)
xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara)
söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər). Onlar
(ikiüzlülüklərinin Peyğəmbərə və mö’minlərə əyan olacağından qorxub) hər bir
qışqırığın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar
düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan
döndərilirlər!
-
Onlara:
“Gəlin Allahın Peyğəmbəri (Rəbbinizdən) sizin bağışlanmağınızı
diləsin!”–deyildiyi zaman (istehza ilə) başlarını bulayar və sən (Ya
Rəsulum!) onların təkəbbürlə üz çevirdiklərini görərsən.
-
Sən
onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da
Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola
yönəltməz!
-
Onlar:
“Allahın Peyğəmbəri yanında olanlara bir şey verməyin ki, dağılıb
getsinlər!” – deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri
Allaha məxsusdur, lakin münafiqlər (bunu) anlamazlar.
-
Onlar:
“Əgər biz (Bəni Müstəliq vuruşunda) Mədinəyə qayıtsaq, ən güclülər (ən
şərəflilər – münafiqlər) ən zəifləri (ən həqirləri – Peyğəmbəri və ona iman
gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!” – deyirlər. Halbuki şərəf-şan
da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və mö’minlərə
məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!
-
Ey iman
gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən
yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana
uğrayanlardır.
-
Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə
verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah
yolunda) xərcləyin.
-
Və
(bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə
etdiklərinizdən xəbərdardır!
Geri dön