.16.
ən-Nəhl (Bal arısı) surəsi
(Məkkədə nazil olmuşdur, 128 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Allahın (mö’minlərin zəfər çalacağı, müşriklərin və kafirlərin məhv olacağı
barəsindəki) əmri mütləq gələcəkdir. Buna görə də onu tələm-tələsik
(vaxtından əvvəl) istəməyin. Allah Ona şərik qoşulan bütlərdən pak və
ucadır. (Allah hər şeyin fövqündədir. Onun heç bir şəriki yoxdur!)
-
(Allah) Öz əmri ilə mələkləri (Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə
göndərib belə buyurar: “İnsanları (əzabımla) qorxudub (bu həqiqəti Mənim
adımdan onlara) bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən
qorxun!”
-
(Allah) göyləri və yeri haqq olaraq yaratmışdır, (Allah) Ona şərik qoşulan
bütlərdən ucadır!
-
Allah insanı nütfədən (mənidən, bir qətrə sudan) xəlq etdi. Bununla belə, o,
(böyüyüb yetkinlik hədinə çatanda haqqı inkar, batili iqrar edib qiyamətdə
diriləcəyinə inanmayaraq) birdən-birə açıq-aşkar bir düşmən kəsildi.
-
Davarı da (dəvə, inək, kəl, qoyun, keçi və s. ) O yaratdı. Bunlarda (onların
yununda) sizin üçün istilik, cürbəcür mənfəət (südünü içmək; özlərini
minmək, yer sürmək) vardır, həm də onlardan (onların ətindən) yeyirsiniz.
-
Onları səhər naxıra, axşam axura gətirdikdə (səhər otlamaq üçün çölə
göndərib axşam tövləyə qaytardıqda) baxıb zövq alırsınız (fərəhlənirsiniz).
-
Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə (bir
yerdən başqa yerə) daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir!
-
Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O
yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər (nəqliyyat,
minik vasitələri və s.) də yaradacaqdır.
-
Doğru yolu (islamı) göstərmək Allaha aiddir. Ondan (haqdan) kəc olan yol (və
ya haqdan kənara çıxan) da vardır. Əgər (Allah) istəsəydi, sizin hamınızı
doğru yola salardı.
-
Göydən sizin üçün yağmur endirən Odur. Ondan (o sudan) siz də, içində
(heyvanlarınızı) otardığınız ağaclar (və otlar) da içər (ağaclar və otlar da
onun vasitəsilə bitər).
-
(Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma,
üzüm və bütün (başqa) meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda
(Allahın vəhdaniyyətini sübut edən) dəlillər vardır!
-
O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin xidmətinizə
verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla
düşünənlər üçün ibrətlər vardır!
-
(Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri (heyvanları, bitkiləri,
meyvələri və s.) də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər
üçün, sözsüz ki, bunda da (Allahın qüdrətini, əzəmətini bildirən) əlamətlər
vardır!
-
Təzə ət (balıq əti) yeməyiniz, taxdığınız bəzək şeylərini (inci, sədəf,
mərcan) çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. (Ey insan!
Allahın) ne’mətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb
getdiyini görürsən. Bəlkə, (bundan sonra Allahahın ne’mətlərinə) şükür
edəsiniz! [Və ya: Sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən.
(Bütün bunlar) Onun lütfünü aramanız və (kərəminə) şükür etməyiniz üçündür!]
-
(Allah yer kürəsi möhkəm olsun, titrəməsin, onun hərəkəti hiss olunmasın,
beləliklə də) sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar və
(istədiyiniz yerə) gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı;
-
(Yollarda dərə, təpə, çuxur kimi) əlamətlər də (müəyyən etdi). (İnsanlar
gecə vaxtı) yollarını (və qibləni) ulduzlar vasitəsilə taparlar.
-
Heç yaradan (Allah) yaratmayana (bütlərə) bənzəyərmi?! Məgər düşünmürsünüz?!
(Belə bir sadə, açıq-aydın həqiqəti xatırlayıb bütlərə ibadət etməyin səhv
olduğunu anlamarsınız?!)
-
Əgər Allahın ne’mətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz.
Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
-
Allah sizin nəyi gizli saxladığınızı və nəyi aşkar etdiyinizi (ürəyinizdə
olanları, bütün gizli və aşkar əməllərinizi) bilir!
-
(Müşriklərin) Allahdan qeyri ibadət etdikləri (bütlər) heç bir şey yarada
bilməzlər, əksinə, onlar özləri (daşdan, ağacdan və sairədən) yaradılmışlar.
-
Onlar ölüdürlər, diri deyillər və (insanların, bütün məxluqatın) nə vaxt
diriləcəklərini də bilməzlər. (Elə isə onlara ibadət etmək düzgündürmü?!)
-
Siz tanrınız bir olan Allahdır. Axirətə inanmayanların qəlbləri isə (Allahın
qüdrət və əzəmətini, vəhdaniyyətini) inkar edər. Onlar (haqqa boyun qoymağı,
Allaha iman gətirməyi) özlərinə sığışdırmazlar.
-
Şübhəsiz ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir.
Allah təkəbbür edənləri sevməz!
-
(Müşriklərdən: ) “Rəbbiniz (Muhəmmədə) nə nazil etmişdir?” – deyə
soruşduqda, onlar: “Qədimlərin əfsanələrini!” – deyə cavab verərlər ki,
-
Qiyamət günü öz günahlarına tamamılə, nadanlıqları üzündən yoldan
çıxartdıqları adamların günahlarına da qismən yüklənsinlər. Bir görün
onların daşıyacaqları (yük) necə də pisdir!
-
Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Allah onların binalarını
təməlindən sarsıtdı, dərhal tavanları başlarına çökdü və heç özləri də (hiss
edib) bilmədilər ki, əzab onlara haradan gəldi.
-
Sonra qiyamət günü (Allah) onları rüsvay edəcək və: “Barələrində
(mö’minlərlə) çənə-boğaz olduğunuz şəriklərim haradadır?” – deyə
soruşacaqdır. Elm verilmiş kimsələr (peyğəmbərlər və mö’minlər) isə: “Bu gün
kafirlər rəzalətə və əzaba (pisliyə) düçar olacaqlar!” – deyəcəklər.
-
Mələklər (küfr etməklə, Allaha şərik qoşmaqla) özlərinə zülm edənlərin
canlarını aldıqda onlar (ölüm qorxusundan Allahın əmrinə) təslim olub: “Biz
heç bir pislik etmirdik!” – deyəcək (mələklər də onlara belə cavab
verəcəklər): “Xeyr, (elə deyildir) Allah sizin nələr etdiyinizi çox yaxşı
bilir!
-
Haydı, girin əbədi qalacağınız Cəhənnəmin qapılarına (təbəqələrinə).
Təkəbbürlülərin (Allaha iman gətirməyi özlərinə ar bilənlərin) məskəni necə
də pisdir!”
-
Allahdan qorxub pis əməllərdən çəkinənlərdən: “Rəbbiniz (öz peyğəmbərinə) nə
nazil etmişdir? – deyə soruşduqda isə onlar: “Xeyir (nazil etmişdir)” – deyə
cavab verərlər. Bu dünyada yaxşılıq edənləri (gözəl həyat) gözləyir. Axirət
yurdu (Cənnət) isə, sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də
gözəldir!
-
Onlar (ağacları) altında çaylar axan Ədn cənnətlərinə daxil olacaqlar. Orada
onların istədiləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır!
-
O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: “Sizə
salam olsun! Etdiyiniz (gözəl) əməllərə görə Cənnətə daxil olun!” –
deyərlər.
-
O kafirlər (canlarını almaq üçün) yalnız mələklərin onların yanına
gəlməsini, yaxud sənin Rəbbinin (əzab) əmrinin gəlib çatmasınımı
gözləyirlər? Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm
etmədi. Onlar özləri özlərinə zülm edirdilər.
-
Onlara öz əməllərinin cəzası (pisliklər) artıq yetişdi. İstehza etdikləri
(əzab da) onları yaxaladı.
-
Müşriklər (nadanlıqları üzündən və ya istehza məqsədilə) dedilər: “Əgər
Allah istəsəydi, nə biz, nə də atalarımız Ondan başqa heç bir şeyə tapınmaz,
Onsuz (Allahın razılığı, hökmü olmadan) heç bir şeyi haram etməzdik”.
Onlardan əvvəlkilər də belə etmişdilər. Peyğəmbərlərin vəzifəsi isə yalnız
açıq-aşkar bir təbliğdir. (Peyğəmbərlər heç kəsi zorla bir işə vadar etməz.
Onların borcu ancaq Allahın hökmlərini insanlara təbliğ etmək, insanların
borcu isə Allahın onlara verdiyi ağıl və iradə ilə haqqı batildən ayırmaq,
yaxşı işlər görüb savab qazanmaqdır).
-
Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər
göndərmişdik. Onlardan bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə
(Allahın əzəli elmi ilə) haqq yoldan azmalı olmuşdur. (Ey müşriklər!) Yer
üzündə dolaşıb görün ki, (peyğəmbərləri) yalançı hesab edənlərin axırı necə
oldu!
-
(Ya Rəsulum!) Sən onların doğru yola gəlməsini həddindən artıq istəsən də
(bunun heç bir faydası yoxdur). Çünki Allah yoldan çıxartdıqlarını (bir
daha) doğru yola salmaz. Onlara (Allahın əzabından xilas olmaqla) kömək
edənlər də olmaz!
-
Onlar: “Allah, ölən bir kimsəni diriltməyəcəkdir!” – deyə Allaha möhkəm and
içdilər. Xeyr! (Allah qiyamət günü ölüləri qəbirlərindən çıxarıb dirildəcəyi
haqda) doğru və’d etmişdir. Lakin insanların əksəriyyəti (bunu) bilməz!
-
(Allah hər bir mö’mini və kafiri öləndən sonra dirildəcəkdir ki) ixtilafda
olduqları məsələləri izah etsin və (qiyamət günü ölülərin diriləcəyini)
inkar edənlər də özlərinin yalançı olduqlarını bilsinlər.
-
Biz hər hansı bir şeyi (yaratmaq) istədikdə ona sözümüz: “Ol!” deməkdir. O
da dərhal olar.
-
Zülmə mə’ruz qaldıqdan sonra Allah uğrunda hicrət edənləri dünyada gözəl bir
yerdə sakin edəcəyik. Axirət mükafatı (Cənnət) isə daha böyükdür. Kaş
(kafirlər və hicrətdən geri qalanlar bunu) biləydilər!
-
(O mühacirlər hər cürə əziyyətə) dözənlər və yalnız Rəbbinə təvəkkül
edənlərdir!
-
(Ya Rəsulum!) Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər
(kişi peyğəmbərlər) göndərmişdik. Əgər (bunu) bilmirsinizsə, zikr (kitab,
elm) əhlindən soruşun! (Müşriklər belə iddia edirdilər ki, peyğəmbərlər
bəşərdən deyil, ancaq mələklərdən ola bilər. Buna cavab olaraq bildirilir
ki, insanlara göndərilən peyğəmbərlər mələk yox, məhz insan, özü də yalnız
kişilərdən ibarət olmalıdır).
-
Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar
mö’cüzələr və kitablarla göndərdik. Sənə də Qur’anı nazil etdik ki,
insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə,
onlar da düşünüb dərk edələr!
-
(Peyğəmbərlərə qarşı) pis hiylələr quranlar (pis işlər düzüb qoşanlar)
Allahın onları yerə gömməyəcəyinə, yaxud özləri də bilmədikləri bir yerdən
onlara əzabın gəlməyəcəyinə əmindirlərmi?!
-
Və ya gəzib dolaşarkən (səfər əsnasında) əzabın onları yaxalamasından
(Allahın onları məhv etməsindən qorxmurlarmı?) Axı onlar (Allahı) aciz edə
bilməzlər (Allahın əzabından qaçıb canlarını qurtara bilməzlər!)
-
Yoxsa onlar tədriclə əzaba giriftar olmayacaqlarına (əmindirlər)?!
Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! (Allah bəndələrinə əzab
verməkdə tələsməz!)
-
Məgər onlar Allahın yaratdığı hər hansı bir şeyə baxıb görmürlərmi ki,
onların kölgələri Allaha acizanə surətdə səcdə edərək sağa-sola əyilir?!
-
Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir
təkəbbür göstərmədən Allaha səcdə edərlər!
-
Onlar öz (başlarının) üstündə olan Rəbbindən qorxar və özlərinə
buyurulanları edərlər!
-
Allah belə buyurdu: “İki tanrı qəbul etməyin. O (Allah) yalnız tək bir
tanrıdır. Ancaq Məndən qorxun!”
-
Göylərdə və yerdə nə varsa, hamısı Onundur! Din də (itaət və ibadət də) daim
Onundur. Belə olduğu təqdirdə Allahdan başqasındanmı qorxursunuz?
-
Sizə gələn hər bir ne’mət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə
Ona yalvarıb-yaxarırsınız!
-
Sonra sizi o müsibətdən qurtardığı zaman bir də görürsən ki, aranızda bir
dəstə Rəbbinə şərik qoşur.
-
Onlar bunu özlərinə verdiyimiz ne’mətlərə nankorluq etmək üçün edirlər. Hələ
ki (dünyada) kef çəkib ləzzət alın. (Başınıza gələcək müsibəti) sonra
biləcəksiniz!
-
(Müşriklər) onlara verdiyimiz ruzidən heç bir şey bilməyənlərə (heç nə
anlamayan bütlərə) pay ayırırlar. Allaha and olsun ki, yaxdığınız iftiralara
görə sorğu-sual ediləcəksiniz!
-
Onlar Allaha qızlar isnad edirlər/ (Mələklər Allahın qızlarıdır, deyirlər).
Allaha pakdır, müqəddəsdir. (Onun oğula-qıza ehtiyacı yoxdur. ) Özlərinə
gəldikdə isə istədiklərini (oğlan uşaqlarını) aid edirdilər.
-
Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara
qaralar.
-
Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. (Allah bilir!)
Görəsən, onu (o körpəni) zillət içində saxlayacaq, yoxsa torpağa göməcək?
(Diri-diri basdıracaq?) Bir görün onlar necə pis mühakimə yürüdürlər!
(Oğlanları özlərinə götürüb qızları Allaha isnad edirlər. )
-
Ən pis sifət (evlənmək üçün qadınlara ehtiyac hiss etdikləri halda, qız
uşaqlarını diri-diri torpağa basırmaq) axirətə inanmayanlara, ən yüksək
sifət (vəhdaniyyət) isə Allaha məxsusdur. Allah yenilməz qüvvət (qüdrət)
sahibi, hikmət sahibidir!
-
Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir
canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət (ömürlərinin
sonunadək) möhlət verər. Əcəlləri gəlib çatdıqda isə (ondan) bircə saat belə
nə geri qalar, nə də irəli keçə bilərlər.
-
(Müşriklər) özlərinin bəyənmədiklərini (qızları) Allaha isnad edərlər.
Dilləri də: “Onları ən gözəl aqibət (Cənnət, Allah rizası) gözləyir!” - deyə
yalan söylər. Şübhəsiz ki, onları Cəhənnəm gözləyir. Onlar (Cəhənnəm atəşinə
daxil olduqdan sonra hamı tərəfindən) tərk olunacaqlar. (Və ya onlar
gündən-günə Cəhənnəmə yaxınlaşanlardır. )
-
(Ya Rəsulum!) Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə peyğəmbərlər
göndərmişdik. Şeytan onlar öz (çirkin) əməllərini xoş göstərmişdi. Bu gün
Şeytan onların dostudur (havadarıdır). Onlar (qiyamət günü) şiddətli əzaba
düçar olacaqlar!
-
Biz Kitabı (Qur’anı) sənə yalnız (müşriklərə) ixtilafda olduqları (tövhid,
qiyamət, qəza-qədər və s. bu kimi) məsələləri izah etmək və mö’minlərə bir
hidayət və mərhəmət olsun deyə nazil etdik!
-
Allah göydən bir yağış endirər, onunla yer üzünü öldükdən (quruduqdan) sonra
dirildər. (Öyüd-nəshihətə) qulaq asanlar üçün bunda bir ibrət vardır. (Allah
quru torpağa həyat verə bildiyi kimi, insanları da öləndən sonra diriltməyə
qadirdir!)
-
Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün bir ibrət vardır.
Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə
içirdirik. O, içənlərin boğazından rahat keçər. (Qanın və ifrazatın dadı,
qoxusu və rəngi əsla südə qarışmaz. Əksinə, südə elə bir tam verərik ki, o,
içənlərə xoş gələr).
-
Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab (yaxud sirkə) və gözəl
ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz. Şübhəsiz ki,
bunda da ağılla düşünənlər üçün bir ibrət vardır.
-
Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və
(insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə
evlər tik (pətəklər sal);
-
Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat
(asanlıqla) get! (Və ya: “Rəbbinin yollarını itaətlə tut!”) (O arıların)
qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı)
bal çıxar. Şühəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!
-
Allah sizi yaratmışdır, sonra da (əcəliniz çatanda) öldürəcəkdir. Sizin bir
qisminiz ömrün ən rəzil (ixtiyar) çağına (80-90 yaşlarına) çatdırılar ki,
(vaxtilə) bildiyi hər şeyi unudar. (İnsan qocalığın ən düşgün dövründə
bildiyini unudar, xasiyyətini dəyişib uşaq kimi olar. Bu, əsasən, kafirlərə
aiddir. Lakin Qur’an oxuyan, oruc tutub namaz qılan, sidq-ürəkdən ibadət
edən şəxsin isə ixtiyar çağında belə, ağlı başında olar, uzun ömür onun
qiymətini və kəramətini Allah yanında daha da artırar). Həqiqətən, Allah
(hər şeyi) biləndir, (hər şeyə) qadirdir!
-
Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir. Üstün olanlar
(varlılar) tabeçiliyində olanları (qulları, kənizləri) öz ruzilərinə şərik
etməzlər ki, bu cəhətdən bərabər olsunlar. (Və ya onlar hamısı ruziyə şərik
olduqları halda, varlılar öz ruzilərini tabeçiliyində olanlara verməzlər.
Var-dövlət sahibləri öz ruzilərini onlara tabe olanlarla bərabər bölməyi,
onları mallarına şərik etməyi özlərinə rəva bilmədikləri halda, hər şeyin
xaliqi olan Allaha cansız bütləri və digər tanrıları şərik qoşmağı necə rəva
görürlər?) İndi onlar Allahın ne’mətlərini inkarmı edirlər?
-
Allah sizin üçün özünüzdən (Adəm və Həvvadan, yaxud öz cinsinizdən) zövcələr
yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr əmələ gətirdi, pak
(halal) ne’mətlərindən sizə ruzi verdi. Belə olduqda, onlar (müşriklər)
batilə inanıb Allahın ne’mətini inkarmı edirlər?
-
(Müşriklər) Allahı qoyub göylərdən və yerdən onlara verəcək heç bir ruzisi
olmayan və buna gücləri də çatmayanlara (bütlərə) ibadət edirlər.
-
(Allah qoşduğunuz şərikləri, Onun yaratdıqlarını) Allaha bənzətməyin. Allah
(heç bir şəriki olmadığını, heç bir məxluqun Ona bənzəmədiyini) bilir, siz
isə (bu həqiqəti) bilmirsiniz!
-
Allah belə bir məsəl çəkdi: “Heç bir şeyə gücü çatmayan və başqasının malı
olan bir qul özünə verdiyimiz gözəl ruzidən (Allah yolunda) gizli və aşkar
sərf edən birisi ilə (azad bir insanla) eyni ola bilərmi?! Həmd (hər cür
tə’rif və şükür) yalnız Allaha məxsusdur, lakin (müşriklərin) əksəriyyəti
(bunu) bilməz!
-
Allah iki nəfər (Özü ilə bütlər) barəsində yenə belə bir məsəl buyurdu: (bu
iki nəfərin) biri dilsizdir (laldır), heç bir şeyə gücü çatmaz. O öz ağasına
bir yükdür, onu hara yollasa, xeyirlə qayıtmaz. O heç doğru yolda olub
haqq-ədaləti əmr edən (insanları ədalətli işlər görməyə sövq edən) bir kimsə
kimi ola bilərmi?!
-
Göylərin və yerin qeybini (gözə görünməyən, heç kəsə bəlli olmayan məchul
sirlərini) bilmək ancaq Allaha məxsusdur. Qiyamətin qopması (əmri) bir göz
qırpımında, yaxud daha tez olar. Allah, həqiqətən, hər şeyə qadirdir!
-
Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk
etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki,
(Allahın əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini
duyub) şükür edəsiniz!
-
Məgər (müşriklər) yerlə göy arasında (uçaraq Allaha) ram olmuş quşları
görmürlər?! Onları (havada) yalnız Allah saxlayır (bütün hərəkətlərini ancaq
Allah idarə edir). Həqiqətən, bunda mö’minlər üçün ibrətlər vardır!
-
Allah evlərinizi sizə məskən (yaşayıb dincəlmə yeri) etdi, heyvanların
dərilərindən həm köç vaxtı, həm də bir yerdə qaldığınız zaman (daşınması)
sizin üçün yüngül (asan) olan evlər-çadırlar düzəltdi, onların yunundan,
tükündən və qılından müəyyən vaxta qədər (ömrünüzün sonuna kimi və ya onlar
köhnələnədək) istifadə edəcəyiniz ev əşyası (pal-paltar, xalça-palaz) və
(satlıq) mal verdi.
-
Allah yaratdığı şeylərdən (ağaclardan, evlərdən, dağlardan və buludlardan)
sizin üçün (günəşin hərarətindən qorunmaq məqsədilə) kölgəliklər əmələ
gətirdi, sizdən ötrü dağlarda sığınacaqlar (mağaralar, kahalar), sizi
istidən (və soyuqdan) saxlayacaq (yun, kətan, pambıq) köynəklər, (sizi
müharibədə) qoruyacaq zirehli geyimlər düzəltdi. Allah ne’mətini sizə belə
tamamlayıb verdi ki, bəlkə, Ona itaət edəsiniz (müsəlman olasınız)!
-
(Ya Rəsulum! Əgər bütün bunlardan sonra müşriklər) yenə də (səndən) üz
döndərsələr (ürəyini qısma)! Çünki sənin vəzifən ancaq (Mənim dinimi,
hökmlərimi) açıq-aşkar təbliğ etməkdir!
-
Onlar Allahın ne’mətini (Muhəmməd əleyhissəlamı peyğəmbər göndərməklə onlara
etdiyi lütfü) bilir, lakin sonra onu (Muhəmməd əleyhissəlamın
peyğəmbərliyini) danırlar. Onların əksəriyyəti kafirdir.
-
Qiyamət günü hər ümmətdən bir şahid (öz peyğəmbərini) gətirəcəyik. (Onlar
mö’minlərin lehinə, kafirlərin əleyhinə şahidlik edəcəklər). Kafirlərə
(üzrxahlıq etməyə) izin verilməyəcək, heç üzr diləmələri də
istənilməyəcəkdir!
-
Zalımlar (kafirlər, müşriklər) əzabı (Cəhənnəm əzabını) görüncə
(yalvarıb-yaxaracaqlar), lakin (əzabları) yüngülləşdirilməyəcək, (tövbə
üçün) onlara bir an belə möhlət də verilməyəcəkdir!
-
Müşriklər (Allaha qoşduqları) şəriklərini (bütləri, tanrıları) gördükdə: “Ey
Rəbbimiz! Bunlar bizim Səndən savayı (bizi Sənə yaxınlaşdırmaq məqsədilə)
ibadət etdiyimiz şəriklərimizdir!” – deyəcəklər. (Bütlər də) onlara: “Siz
əsl yalançısınız! (Biz sizi Allahı tərk edib bizə tapınmağa də’vət
etməmişdik!)” – deyə cavab verəcəklər.
-
(Müşriklər) o gün (günahlarını e’tiraf edərək) Allaha təslim olacaq,
özlərindən uydurub düzəltdikləri (bütlər) də aradan çıxacaqlar!
-
Törətdikləri fitnə-fəsada görə (insanları) Allah yolundan döndərən
kafirlərin əzablarının üstünə bir əzab da artıracağıq!
-
Qiyamət günü hər ümmətə özlərindən bir şahid (hər ümmətin öz peyğəmbərini)
göndərəcəyik (tutacağıq). (Ya Rəsulum!) Səni də bunlara (öz ümmətinə) şahid
gətirəcəyik. Biz Qur’anı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı
və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul
edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!
-
Həqiqətən, Allah (Qur’anda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi,
qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi
tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi
isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə
öyüd-nəsihət verir!
-
Əhd etdiyiniz zaman Allaha verdiyiniz əhdi yerinə yetirin. Allahı özünüzə
zamin edib möhkəm and içdikdən sonra onu pozmayın. Həqiqətən, Allah nə
etdiyinizi bilir!
-
Möhkəm əyirdiyi ipliyi sonradan qıran (təzədən açıb sökən) qadın kimi
olmayın. Siz bir ümmət digərindən (sayca) çox olduğu üçün aranızdakı andları
yalana çevirirsiniz (fitnə-fəsad aləti edirsiniz). (Bu gün bir qəbilə ilə
müqavilə bağlayır, sabah daha qüvvətli, daha varlı bir qəbilə ilə
rastlaşdıqda əvvəlki ilə bağladığınız müqaviləni pozub onunla sazişə
girisiniz). Allah bununla yalnız sizi sınayır. O, qiyamət günü ixtilafda
olduğunuz (dini) məsələləri sizə izah edəcəkdir!
-
Əgər Allah istəsəydi, sizi (eynilə dində olan) tək bir ümmət edərdi. (Allah)
dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər. Sözsüz ki,
etdiyiniz əməllərə görə sorğu-sual olunacaqsınız!
-
Aralarınızdakı andlarını yalana çevirib fitnə-fəsad aləti etməyin. Yoxsa
ayağınız möhkəm olduğu ikən sürüşər (imana gəldikdən sonra ondan xaric
olarsınız) və (insanları) Allah yolundan döndərdiyinizə görə (dünyada) əzabı
dadarsınız. (Hələ axirətdə də) sizi dəhşətli bir əzab gözləyir!
(Peyğəmbərlə əhd bağladıqdan sonra hörmət, ehtiram qazanan şəxs sözündə
möhkəm durmayıb əhdini pozsa, nüfuzunu itirər və özünü fəlakətə, məhvə düçar
etmiş olar).
-
Allahla bağladığınız əhdi ucuz satmayın. (Əhdi pozmadığınıza görə) Allah
yanında olan (savab) sizin üçün (dünya mənfəətindən) daha yaxşıdır. Kaş
biləydiniz!
-
Sizdə olan (dünya malı) tükənər, Allah dərgahında olan (axirət ne’mətləri)
isə əbədidir. (Allah yolunda əziyyətlərə) dözənləri etdikləri yaxşı
əməllərin müqabilində mükafatlandıracağıq (yaxud gördükləri yaxşı işlərin
əvəzində onlara daha yaxşı mükafat verəcəyik!)!
-
Mö’min olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və
axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə
mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara
daha yaxşı mükafatlarını verəcəyik!)
-
(Ya Rəsulum!) Qur’an oxumaq istədiyin zaman məl’un Şeytandan Allaha sığın!
(“Əuzu billahi minəş-şeytanır-rəcim” sözlərini de!)
-
Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində
Şeytanın heç bir hökmü yoxdur!
-
Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir!
(İnsanların Allaha şərik qoşmalarının əsas səbəbi onların Şeytana itaət
etmələri, Şeytanı özlərinə dost, havadar seçmələridir!)
-
Biz bir ayənin yerinə digər bir ayəni gətirdikdə (bir ayənin hökmünü ləğv
edib onu başqası ilə əvəz etdikdə) – Allah nə nazil etdiyini (hansı hökmün
bəndələri üçün daha münasib olduğunu) Özü daha yaxşı bilir – (Kafirlər
Muhəmmədə): “Sən ancaq bir iftiraçısan (Allahın adından yalan uydurursan!)”
– deyərlər. Xeyr! Onların əksəriyyəti (cahil olduğu üçün əsl həqiqəti, bir
hökmü başqası ilə əvəz etməyin hikmətini) bilməz!
-
(Ya Rəsulum!) De: “Ruhülqüds (Cəbrail) onu (Qur’anı) sənin Rəbbindən iman
gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və (onlara
Cənnətlə) müjdə vermək üçün haqq olaraq nazil etmişdir!”
-
Biz (müşriklərin): “(Qur’anı) ona (Muhəmmədə) bir insan (ara-sıra görüb
danışdığı Cəbr ər-Rumi adlı xaçpərəst bir gənc və ya Səlmani–Farsi)
öyrədir!” – dediklərini də bilirik . Onların nəzərdə tutduqları adamın dili
başqa dildir. Bu (Qur’anın dili) isə açıq-aşkar (bəlağətli, fəsahətli) ərəb
dilidir! (Ərəblər özləri Qur’anın dil, üslub gözəlliyi qarşısında
heyranlıqlarını, acizliklərini gizlədə bilmədikləri halda, əcəmlər bu cür
fəsahətli ərəb dilini haradan bilə bilərlər?!)
-
Allahın ayələrinə inanmayanları, sözsüz ki, Allah doğru yola salmaz. Onları
(axirətdə) şiddətli bir əzab gözləyir!
-
Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl
yalançıdırlar!
-
Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə
deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman
gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir). Lakin qəlbən küfrə
razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi
tutar və onlar şiddətli bir əzaba düçar olarlar!
-
Bu (əzab) ona görədir ki, onlar dünyanı (fani dünya malını) axirətdən
(axirət ne’mətlərindən) üstün tutarlar. Allah kafirləri doğru yola salmaz!
-
Bunlar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gözlərini
möhürləmişdir. Onlar (Allahın kafirlər üçün hazırladığı əzabdan)
qafildirlər!
-
Şübhəsiz ki, axirətdə ziyana uğrayanlar da onlardır!
-
Fitnəyə mə’ruz qaldıqdan sonra hicrət edənləri, daha sonra cihad edib (bu
yolda hər cür əzab-əziyyətə) səbr edənləri isə (bütün) bunlardan sonra
Rəbbin, şübhəsiz ki, bağışlayandır, (onlara) rəhm edəndir!
-
O gün (qiyamət günü) hər kəs öz canının hayında olar, hər kəsə əməlinin
əvəzi (cəzası) verilər və onlara heç bir haqsızlıq edilməz!
-
Allah bir şəhəri (Məkkəni) misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq
içində idi. Lakin (əhalisi) Allahın ne’mətini inkar etdi, Allah da həmin
şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu
bəlası daddırdı.
-
Onlara özlərindən bir peyğəmbər gəlmişdi. Onlar onu yalançı saydılar, buna
görə də əzab (Bədr müharibəsi) onları zülm edərkən (zülm etdikləri zaman)
yaxaladı.
-
Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət
edirsinizsə, Onun ne’mətinə şükür edin!
-
Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən
(bismillah deyilmədən) kəsilmiş heyvanı haram buyurmuşdur. (Özgənin malına
əl uzatmamaq şərtilə) başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək
qədər bunlardam yeməyə məcbur olan şəxsə (günah yazılmaz). Çünki Allah
(bəndələrini) bağışlayandır, rəhm edəndir!
-
Diliniz (bizə belə əmr edildiyi deyə) yalana vərdiş etdiyi üçün
(dəlilsiz-sübutsuz): “Bu halaldır,o haramdır!” – deməyin, çünki (bununla)
Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirət əzabından)
nicat tapmazlar!
-
(Onlar üçün dünyada) az bir mənfəət vardır, (axirətdə isə) onları şiddətli
bir əzab gözləyir!
-
Yəhudilərə haram etdiyimiz şeyləri daha əvvəl sənə xəbər vermişdik. Biz
(bunları haram buyurmaqla) onlara zülm etmədik. Onlar (günah işlər görməklə)
özləri özlərinə zülm edirdilər. (Buna görə də Allah bir çox ne’mətləri
onlara haram buyurdu).
-
Sonra (bil ki) Rəbbin cahillikləri üzündən pis iş görən (Allaha şərik
qoşan), ondan sonra tövbə edib özlərini islan edən kimsələri (əfv edər).
Həqiqətən, Rəbbin (tövbədən) sonra (bəndələrini) bağışlayandır, rəhm
edəndir!
-
Həqiqətən, İbrahim Allaha müt’i, batildən haqqa tapınan bir imam (rəhbər)
idi. O heç vaxt müşriklərdən olmamışdı. (Və ya: İbrahim özü bir ümmət idi.
Bir ümmətə xas olan bütün yaxşı cəhətlət, gözəl xüsusiyyətlər onda
cəmlənmişdi).
-
O, (Allahın) ne’mətlərinə şükür edən idi. (Allah da) onu (sədaqətinə,
səmimiliyinə görə peyğəmbərlik üçün) seçmiş və düz yola yönəltmişdi.
-
Biz ona dünyada gözəl ne’mət (peyğəmbərlik, hamı tərəfindən sevilib hörmət
olunmaq) bəxş etdik. Şübhəsiz ki, o, axirətdə də (ən yüksək dərəcələrə nail
olacaq) salehlərdəndir!
-
Sonra (Ya Rəsulum!) sənə: “Batildən haqqa dönərək müşriklərdən olmayan
İbrahimin dininə tabe ol!” – deyə vəhy etdik.
-
Şənbə günü (ibadət etmək) ancaq onun barəsində ixtilafda olanlara (ibadət və
istirahət günümüz cümə deyil, şənbə olsun deyə, mübahisə edən yəhudilərə)
vacib edildi. Həqiqətən, Rəbbin qiyamət günü ixtilafda olduqları məsələlər
barəsində onların arasında hökm verəcəkdir.
-
(Ya Rəsulum!) İnsanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl
öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən
gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq
şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda
olanları da daha yaxşı tanıyır!
-
(Ey mö’minlər! İntiqam almaq məqsədilə birinə) cəza verəcək olsanız, sizə nə
cəza verilibsə, eynilə həmin cəzanı verin. (Artıq cəza isə zülm etməkdir ki,
bu da günahdır). Əgər (onlardan intiqam almayıb) səbr etsəniz, bu, səbr
edənlər üçün daha xeyirlidir. (Əfv etmək, rəhm göstərmək savab qazanmağa çox
gözəl vəsilə olduğu üçün, sözsüz ki, qisas almaqdan daha üstündür).
-
(Ya Rəsulum! Allah yolunda olan bütün əzab-əziyyətə) səbr et. Sənin səbr
etməyin yalnız Allahın köməyilədir. (Də’vətini qəbul etmədiklərinə, iman
gətirmədiklərinə görə) onlardan (müşriklərdən) ötrü kədərlənmə və (səni
öldürmək məqsədilə) qurdurları hiylələrə görə də ürəyini qısma!
-
Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər
görənlərlədir!
Geri qayıt