.24.
ən-Nur (Nur) surəsi
(Məkkədə nazil olmuşdur, 64 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Bu, (səmadan) nazil edib (hökmlərini) vacib buyurduğumuz bir surədir. Biz
onda açıq-aşkar ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət alasınız!
-
Zinakar kişiyi və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə
inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara
yumşalmasın və mö’minlərdən bir dəstə də onların əzabına şahid olsun. (Bu,
subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə
onların cəzası daşqalaq edilməkdir).
-
Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar
qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə
bir evlənmə), mö’minlərə haram edilmişdir.
-
İsmətli qadınla zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd
şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç
vaxt qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl
fasiqlərdir.
-
Bundan (namuslu qadınlara atdığı böhtandan) sonra tövbə edib özlərini islah
edənlər istisna olmaqla. Çünki Allah (tövbə edənləri) bağışlayandır,
rəhmlidir!
-
Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri
özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə (Əşhədu
billahi – Allahı şahid gətirirəm, deyə) şəhadət verməlidir.
-
Beşinci dəfə: “Əgər yalan danışanlardandırsa, Allah ona lə’nət eləsin!”
(deməlidir).
-
Qadının da (hakimin hüzurunda) ərinin yalan danışanlardan olması barədə dörd
dəfə Allahı şahid tutması əzabı ondan dəf edər.
-
Beşinci dəfə: “Əgər (əri) doğru danışanlardandırsa, Allah ona (qadının
özünə) lə’nət (qəzəb) eləsin!” (deməlidir).
-
Əgər Allahın sizə ne’məti və mərhəməti olmasaydı, Allah tövbələri qəbul
edən, hikmət sahibi olmasaydı (halınız necə olardı)? (O, günahkarların
cəzasını dərhal verib onları rüsvay edərdi).
-
Həqiqətən, (Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir
zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə
də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın
cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdulah ibn
Ubeyyi) isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir!
-
Məgər o yalan sözü eşitdiyiniz zaman mö’min kişilər və qadınlar öz
ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da
əhli-əyalı barəsində) yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” –
deməli deyildilərmi?
-
(Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək
dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah
yanında əsl yalançıdırlar!
-
Əgər Allahın dünyada və axirətdə sizə ne’məti və mərhəməti olmasaydı, o
yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı.
-
O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz
sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey
sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz
danışmaq) Allah yanında çox böyük günahdır!
-
Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz.
Aman (Allah)! Bu, çox böyük bir böhtandır!” – deməli deyildinizmi?
-
Allah sizə öyüd-nəsihət verir ki, əgər mö’minsinizsə, bir daha belə şeylər
etməyəsiniz.
-
Və Allah sizin üçün ayələrini (belə ətraflı, açıq-aydın) izah edir. Allah
(hər şeyi) biləndir, hikmət sahibidir!
-
Mö’minlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz
yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının
əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq
Allah bilir, siz bilməzsiniz!
-
Əgər Allahın sizə ne’məti və mərhəməti olmasaydı, Allah şəfqətli, rəhmli
olmasaydı (Halınız necə olardı)? (Dediyiniz yalanlara, yaxdığınız iftiralara
görə sizi dərhal məhv edərdi).
-
Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi
yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan
danışmağı, özgələrə böhtan atmağı) əmr edər. Əgər Allahın sizə ne’məti və
mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin
Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir!
-
Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və
Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and
içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz
(bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını
istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
-
Zinadan xəbəri olmayan namuslu, ismətli mö’min qadınları zinada ittiham
edənlər dünyada və axirətdə lə’nətə düçar olarlar. Onları (qiyamət günü) çox
böyük bir əzab gözləyir.
-
Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri,
əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət
verəcəkdir.
-
O gün Allah onların cəzasını layiqincə verəcək və onlar Allahın (Allahın
onlara verdiyi və’din) açıq-aşkar bir haqq olduğunu biləcəklər!
-
Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə
də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara
layiqdirlər. (Pis sözlər pis adamlara, pis adamlar pis sözlərə, eləcə də
yaxşı sözlər yaxşı adamlara, yaxşı adamlar da yaxşı sözlərə layiqdirlər).
Bunlar (Aişə və Səfvan kimi pak adamlar) onların (münafiqlərin)
dediklərindən (yalan, pis sözlərdən) uzaqdırlar. Onları (günahlardan)
bağışlanma və (Cənnətdə) tükənməz (minnətsiz) ruzi gözləyir!
-
Ey iman gətirənlər! Başqalarının evlərinə (sizin olmayan evlərə)
sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu,
(ədəb-ərkan baxımından) sizin üçün daha yaxşıdır. Bəlkə, (Allahın bu əmrinin
hikmətini) düşünüb anlayasınız (və həmişə yadda saxlayıb ona əməl edəsiniz).
-
Əgər orada heç kəsi tapmasanız, sizə icazə verilməyənədək içəri girməyin.
Sizə “Geri dönün!” – deyilsə, geri dönün. Bu, Allahın yanında sizin üçün
daha təmiz bir davranışdır. Allah nə etdiklərinizi biləndir!
-
İçərisində əşyanız olan (karvansara, mehmanxana, ümumi istifadə yerləri
kimi) qeyri-məskun evlərə (icazəsiz) daxil olmaq sizin üçün günah deyildir.
Allah sizin aşkar etdiklərinizi də, gizli saxladıqlarınızı da (aşkarda da,
gizlində də nə etdiyinizi) bilir!
-
(Ya Rəsulum!) Mö’min kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən
çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və
ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha
yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!
-
Mö’min qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər
(naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü
saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini
(zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə)
göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və
sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından,
yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud
ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının
oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman)
qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi
qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların
məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər;
gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə
və ya bir-birinə) vurmasınlar. Ey mö’minlər! Hamınız Allaha tövbə edin ki,
nicat tapasınız! (Mətləbinizə çatasınız!)
-
(Ey mö’minlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh
(yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar
yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü,
mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!
-
Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə
onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan)
saxlasınlar. Kölələrinizdən mükatəbə etmək (əvvəlcədən bağlanılmış yazılı
müqaviləyə əsasən müəyyən məbləğ pul qazanıb ağasına vemək şərtilə
köləlikdən azad olmaq) istəyənlərlə - əgər onlarda bir xeyir (müqavilədəki
şərtlərin yerinə yetirilməsi üçün qüdrət) görürsünüzsə - mükatəbə edin.
Onlara Allahın sizə verdiyi maldan verin. (Zəkatdan onlara o qədər verin ki,
özlərini satın alıb azad edə bilsinlər). Əgər cariyələriniz ismətlərini
qoruyub saxlamaq istəsələr, fani dünya malı əldə etmək xatirinə onları
zinaya məcbur etməyin. Kim onları (cariyələri zinakarlığa) məcbur edərsə,
(bilsin ki) onların bu məcburiyyətindən sonra, əlbəttə, Allah (zinakarlığa
vadar olanları) bağışlayar, rəhm edər. (Zinakarlığa vadar edilən cariyələrin
günahı onlar bu işlə öz xoşuna deyil, zor gücünə məşğul olduqları üçün həmin
cariyələrin özlərinə deyil, onları pul qazanmaq məqsədilə zinakarlığa sövq
edən ağalarının boynuna düşər).
-
Həqiqətən, Biz (Qur’anda) sizə (haqqı nahaqdan ayırd edən) açıq-aşkar
ayələr, sizdən əvvəl gəlib-gedənlər (keçmiş ümmətlər) barəsində məsəllər
(hekayətlər) və müttəqilər üçün öyüd-nəsihət nazil etdik.
-
Allah göylərin və yerin nurudur. (Kainatı yaradıb ona nur verən, yer və göy
əhlinə haqq yolu göstərən xaliqdir). Onun (Peyğəmbərimizin və mö’minlərin
qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya (çıraqdana) bənzər;
taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə, sanki parlaq bir
ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə (aləmin ortasında) olan mübarək
bir zeytun ağacından yandırılır. (Şərqdə deyildir ki, günəş batdıqda,
qərbdə də deyildir ki, günəş doğduqda qaranlıqda qalsın). Onun (zeytun
ağacının) yağı özünə od toxunmasa da, sanki (haradasa) işıq saçır. O, nur
üstündə nurdur. Allah dilədiyiniz öz nuruna qovuşdurur (istədiyinə öz nurunu
bəxş edib cənnət yolu olan islam dininə yönəldir). Allah (həqiqəti anlaya
bilsinlər deyə) insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!
-
(Həmin taxça və çıraq) Allahın tikilib ucaldılmasına və Öz adının zikr
edilməsinə izin verdiyi o evlərdədir (o məscidlərdədir) ki, orada
səhər-axşam Onu təqdis edib şə’ninə tə’riflər deyərlər.
-
O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz
qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin
haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən
qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar.
-
(Onların vaxtli-vaxtında, lazımınca ibadət etmələri, Allahdan qorxub
pislikdən çəkinmələri ona görədir ki) Allah onlara etdikləri əməllərin ən
gözəl mükafatını (yaxud gördükləri ən yaxşı işlərin əvəzini) versin, onlara
olan lütfünü artırsın. Allah dilədiyinə saysız-hesabsız ruzi verər.
-
(Allahın vəhdaniyyətini danan, Qur’anı yalan hesab edən) kafirlərin əməlləri
ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan
onu su bilər. Nəhayət, gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər.
O öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. (Allah da) onun cəzasını
(layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir.
-
Yaxud (onların əməlləri) zəngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o
dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud (dalğa) – zülmət
üstündən zülmət örtər. O, əlini çıxartdıqda, hardasa onu görməz. Allah bir
kəsə nur bəxş etməsə, onun nuru olmaz.
-
(Ya Rəsulum!) Məgər göylərdə və yerdə olanların (mələklərin, insanların,
cinlərin), qanadlarını açıb (qatar-qatar) uçan quşların Allahı təqdis edib
şə’ninə tə’riflər dediklərini görmürsənmi?! Allah onlardan hər birinin
duasını, şükür-sənasını (yaxud onların hər biri öz duasını, şükr-sənasını)
bilir. Allah onların nə etdiklərini (layiqincə) biləndir!
-
Göylərin və yerin hökmü Allahındır. Axır dönüş də Allahadır!
-
Məgər görmürsənmi ki, Allah buludları qovar, sonra onları bir araya
toplayar, sonra da üst-üstə yığıb topa halına salar. Və görürsən ki, (o
buludların) arasından yağmur çıxar, sonra Allah göydən dağlar kimi (çox və
böyük) dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər,
istədiyindən də onu sovuşdurar. Buludların şimşəyinin parıltısı az qala
gözləri kor edər.
-
Allah gecəni gündüzə (gündüzü də gecəyə) çevirər. Həqiqətən, bunda (gecə və
gündüzün bir-birinin ardınca gedib-gəlməsində) bəsirət sahibləri üçün bir
ibrət vardır.
-
Allah hər heyvanı (canlını) bir sudan (nütfədən) yaratmışdır. Onların
bə’zisi qarnı üstə sürünür, bə’zisi iki, bə’zisi isə dörd ayaq üstündə
gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir!
-
Həqiqətən, Biz (hökmlərimizi, halal və haram buyurduqlarımızı, haqq yolu)
açıq-aydın (bildirən) ayələr nazil etdik. Allah dilədiyini doğru yola (islam
dininə) yönəldər.
-
(Münafiqlər: ) “Allaha, Peyğəmbərə iman gətirdik, itaət etdik!” – deyər,
bundan sonra isə onlardan bir dəstə (Peyğəmbərdən) üz çevirər. Belələri
mö’min (dilləri ilə ürəkləri bir olan müsəlman) deyillər.
-
(Münafiqlər) aralarında hökm etmək üçün Allahın (Allahın kitabının) və
Peyğəmbərinin yanına çağırıldıqda onlardan bir dəstə (onun yanına gəlməkdən,
haqqa boyun qoymaqdan) dərhal üz çevirər.
-
Əgər haqq onların tərəfində olsa, itaət edib (tez) onun yanına gələrlər.
-
Onların qəlblərində mərəzmi (şəkk, nifaq mərəzimi) var? Yaxud Allahın və
Peyğəmbərinin onlara cövr, haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar
özləri zülmkardırlar! (Allaha asi olmaqla özləri-özlərinə zülm edirlər!)
-
Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin
yanına çağırıldıqları zaman mö’minlərin sözü ancaq: “Eşitdik və itaət
etdik!” – deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır!
-
Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz
belələri uğura çatanlardır (əbədi səadətə - Cənnətə qovuşanlardır).
-
(Ya Rəsulum, münafiqlər) onlara əmr etdiyin zaman mütləq (cihada)
çıxacaqları haqda Allaha çox möhkəm and içdilər. Onlara de: “(Yalandan) and
içməyin, itaətiniz mə’lumdur (yaxud sizdən tələb olunan and yox, adicə
itaətdir). Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır!”
-
De: “Allaha itaət edin, Peyğəmbərə itaət edin. (Çünki Peyğəmbərə itaət etmək
elə Allaha itaət etməkdir). Əgər (Peyğəmbərin əmrindən) üz döndərsəniz,
(bilin ki) onun vəzifəsi ancaq ona tapşırılanı, sizin də vəzifəniz ancaq
sizə tapşırılanı yerinə yetirməkdir. Əgər ona itaət etsəniz, doğru yolu
tapmış olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə yalnız (dini, Allahın
hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir.
-
Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət
edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər
kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin
yerinə gətirdiyi kimi onları da müşriklərin yerinə gətirəcəyini), onlar
(mö’minlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı)
möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra
əmin-amanlıqla (arxayınçılıqla) əzəv edəcəyini və’d buyurmuşdur. Bundan
sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl
fasiqlərdir!
-
Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm olunsun!
-
(Allahın vəhdaniyyətini inkar edən) kafirlərin yer üzündə (öz Rəbbini) aciz
edə biləcəyini (Allahın əzabından qaçıb canlarını qurtara biləcəklərini)
güman etməyin. Onların məskəni Cəhənnəmdir. O, necə də pis sığınacaqdır!
-
Ey iman gətirənlər! Sahib olduqlarınız (kölə və kənizlər), həddi-büluğa
çatmayanlar (yanınıza daxil olmaq istədikdə) bu üç vaxtda sizdən icazə
alsınlar: sübh namazından əvvəl, günorta (yatıb dincəlmək, istirahət etmək
üçün) paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. (Bu vaxtlar
insan paltarını çıxarda bilər, zövcəsi ilə bir yerdə uzanıb ixtilat edə
bilər və i. a.) bu üç vaxt sizin üçün xəlvət vaxtdır (paltarsız ola
bilərsiniz). Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) girib-çıxmaqda
sizə də, onlara da heç bir günah yoxdur. Allah ayələri sizə belə izah edir.
Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
-
Sizdən olan uşaqlar da həddi-büluğa çatanda (yanınıza daxil olmaq
istədikləri zaman) özlərindən əvvəlkilər kimi izin istəsinlər. Allah Öz
ayələrini sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
-
(Heyzdən və doğuşdan kəsildikləri üçün) ərə getməyə ümidi qalmayan yaşlı
qadınların qadağan olunmuş zinətlərini (zinət yerlərini naməhrəmə)
göstərmədən üst paltarını (çarşab, niqab, bürüncək və s.) çıxarmasında günah
yoxdur. Bununla belə, (həmin geyimləri soyunmaqdan) çəkinmələri onlar üçün
daha yaxşıdır. Allah (hər şeyi) eşidəndir, biləndir!
-
Kora, çolağa, xəstəyə (başqaları ilə bir yerdə oturub yemək yeməkdə) günah
yoxdur. Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud
analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın
evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində,
yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları
əllərinizdə olan (səlahiyyətiniz çatan) evlərdə, yaxud dostlarınızın
evlərində yemək yeməkdən heç bir günah gəlməz. Bir yerdə, yaxud
ayrı-ayrılıqda yeməyinizdə də heç bir günah yoxdur. Evlərə daxil olduğunuz
zaman özünüzü (bir-birinizi, qohum-əqrəbanızı, dostlarınızı və
dindaşlarınızı) Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla
salamlayın. Allah ayələri sizə belə izah edir ki, düşünüb daşınasınız!
-
Həqiqətən, mö’minlər ancaq Allaha və Onu Peyğəmbərinə iman gətirən, ümumi
bir iş (cihad, cümə xütbəsi, məsləhət-məşvərət) üçün Peyğəmbərlə bir yerdə
olduqda ondan izin almamış bir yerə getməyən kimsələrdir. (Ya Rəsulum!)
Səndən izin istəyənlər - məhz belələri Allaha və Onun Peyğəmbərinə
inananlardır. Əgər onlar bə’zi işləri üçün səndən izin istəsələr, onlardan
özün istədiyinə (yanından getməyə) izin ver və onlar üçün Allahdan
bağışlanma dilə. Həqiqətən, Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
-
Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın!
(Peyğəmbəri özünüz bir-birinizi çağırdığınız kimi çağırmayın. Ona “Muhəmməd,
nə deyirsən?” yox, “Bəli! Buyur, ey Allahın elçisi, ey Allahın peyğəmbəri!”
– deyə cavab verin. Və ya Peyğəmbərin duasını öz duanız kimi hesab etməyin.
Onun duası, sizinkilərdən fərqli olaraq, Allah dərgahında mütləq qəbul
olunar). Həqiqətən, Allah sizlərdən (xütbə zamanı məsciddən) xəlvət sovuşub
aradan çıxanları bilir. Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı
çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir
əzabdan həzər etsinlər!
-
Bilin və agah olun ki, göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O,
həqiqətən, sizin nə əməl sahibi olduğunuzu (hansı məzhəbə qulluq etdiyinizi)
bilir. Allah (məxluqatın, yaxud münafiqlərin dirilib) Onun hüzuruna
qaytarılacaqları gün (qiyamət günü) onlara (dünyada) nə etdiklərini
bildirəcəkdir. Allah hər şeyi biləndir!
Geri qayıt