.50.
Qaf surəsi
(Məkkədə nazil olmuşdur, 45 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Qaf! (Ya Peyğəmbər!) Şanlı Qur’ana and olsun (ki, Məkkə müşrikləri sənə iman
gətirmədilər)!
-
Bəli! Özlərindən (Onları Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəldiyinə
təəccüb etdilər. Kafirlər dedilər:” Bu əcaba bir şeydir! (İnsandan da
peyğəmbər olarmı?! Ancaq mələk peyğəmbər ola bilər!)
-
Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, (həqiqətən)
uzaq (qeyri-mümkün) bir qayıdışdır!”
-
Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (onların tədriclə necə
çürüdüb məhv etdiyini) bilirik. Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab
(lövhi-məhfuz) vardır!
-
Lakin onlara haqq (Qur’an) gəldikdə onu yalan saydılar. İndi onlar
dolaşıqlıq (təşvış) içindədirlər (sənə gah şair, gah sehrbaz, gah da kahin
deyirlər).
-
Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə
bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?!
-
Eləcə də yeri necə döşədiyimizi (hamarlayıb düzəltdiyimizi), orada möhkəm
duran dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi
görmürlərmi?!
-
(Bütün bunlar Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və
öyüd-nəsihət olsun deyə etdik.
-
Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və (arpa, buğda və s.
kimi) biçilən taxıl dənələri yetişdirdik.
-
Həm də tumurcuqları (salxım-salxım) bir-birinin üstünə düzülmüş, hündür
xurma ağacları (bitirdik) –
-
Bəndələrə ruzi olsun deyə! Biz onunla (o su ilə) ölü bir məmləkəti cana
gətirdik. (Qəbirlərdən dirilib) çıxmaq da belədir!
-
Onlardan (Məkkə müşriklərindən) əvvəl Nuh tayfası, Rəss əhli, Səmud (qövmü
peyğəmbərləri) təkzib etmişdi.
-
Ad (qövmü), Fir’on (əhli), Lut qardaşları;
-
Əykə əhli və Tübbə’ qövmü – bunların hamısı peyğəmbərləri təkzib etdi və
Mənim də onlara və’d etdiyim (əzab) gerçəkləşdi.
-
Məgər Biz ilk yaradılışdan acizmi qaldıq?! Xeyr! (Eləcə də qiyamət günü
ölüləri diriltməkdən aciz qalmayacağıq!) Onlar yeni yaradılış (təkrar
dirilmə) barəsində şəkk-şübhə içindədirlər!
-
And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz
bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən
tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha mə’lumdur!)
-
Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən
(qeydə alan) iki mələk oturmuşdur!
-
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk)
vardır!
-
Ölüm (ölüm bihuşluğu), həqiqətən, gələcəkdir. (Ey insan!) Bu sənin qorxub
qaçdığın (cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin) şeydir!
-
(Öləndən sonra yenidən dirilmək üçün) sur çalınacaqdır. Bu və’d olunmuş
gündür (əzab günüdür)!
-
Hər bir kəs (Rəbbinin hüzuruna) bir sürüyən (sürüyüb məhşərə gətirən) və bir
də şahidlə (iki mələklə) gələcəkdir.
-
(Ona belə deyiləcəkdir: ) “Sən (dünyada) bundan (bu müdhiş günə
uğrayacağından) qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu
gün sərrast görürsən!”
-
Yoldaşı (ona təhkim olunmuş mələk) deyəcəkdir: “Bu yanımdakı (Cəhənnəm üçün)
hazırdır!”
-
(Allah o iki mələyə buyuracaqdır: ) “Atın Cəhənnəmə hər bir inadcıl kafiri;
-
Xeyrə mane olanı, (zülm etməklə, günah törətməklə) həddi aşanı, (Allahın
birliyinə) şəkk edəni!
-
O kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul etdi. Atın onu
şiddətli əzabın içinə!”
-
Yoldaşı (Şeytan və ya öz nəfsi) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən
azdırmadım. Fəqət o özü haqq yoldan çox azmışdı!”
-
(Allah) buyuracaqdır: “Mənim hüzurumda mübahisə etməyin. Mən sizə (dünyada
peyğəmbər vasitəsilə) bu əzabı bildirmişdim.
-
Mənim hüzurumda söz güləşdirməyin. Mən bəndələrə (əbəs yerə) zülm edən
deyiləm!”
-
O gün Biz Cəhənnəmə: “Doldunmu?” – deyəcək, o isə: “Yenə varmı?” – deyə
cavab verəcəkdir.
-
Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir.
-
(Onlara deyiləcəkdir: ) “Bu, və’d olunduğunuz (Cənnətdir). O, hər bir (tövbə
edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan;
-
Rəhmandan (Onu) görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönmüş qəlblə
gələn bəndə üçündür!
-
Ora sağlıqla (əmin-amanlıqla) daxil olun. Bu, əbədiyyət günüdür!”
-
Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı
(mö’minlərin təsəvvür edə bilmədikləri ne’mətlər, Allahın rizasını və s.)
mövcuddur!
-
Biz onlardan (Məkkə müşriklərindən) əvvəl özlərindən daha qüvvətli neçə-neçə
nəsilləri məhv etdik. (Onlar: ) “Görəsən, (ölümdən qaçıb) can qurtarmağa bir
yer varmı?” (deyərək) ölkə-ölkə gəzib dolaşmışdılar.
-
Şübhəsiz ki, bunda qəlb (ağıl) sahibi, yaxud (moizə edildiyi zaman bütün
varlığı ilə) hazır olub (ona cani-dildən) qulaq asan kimsə üçün öyüd-nəsihət
vardır!
-
And olsun ki, Biz göyləri, yeri və onların arasında olanları altı gündə
yaratdıq və Bizə heç bir yorğunluq da üz vermədi.
-
(Ya Peyğəmbər!) Artıq onların dediklərinə (batil sözlərinə) səbr et. Gün
doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şə’ninə təriflər
de!
-
Gecənin bir vaxtında və səcdələrdən sonra da (Onu şükr-səna ilə təqdis et)!
-
(Ya Peyğəmbər!) Carçının yaxın bir yerdən car çəkəcəyi gün (deyilən sözü,
surun səsini) dinlə! (O gün İsrafil uca səslə: “Ey köhnəlmiş sümüklər, ey
bir-birindən ayrılmış oynaqlar, ey əprimiş ətlər, ey dağılmış saçlar! Allah
sizə haqq-hesab gününə gəlmək üçün yenidən birləşməyi buyurur!” – deyəcək və
suru ikinci dəfə üfürəcəkdir).
-
O gün (bütün yaranmışlar) dəhşətli (tükürpədici) səsi doğrudan-doğruya
eşidəcəklər. O gün (qəbirlərdən) çıxma günüdür!
-
Şübhəsiz ki, dirildən də, öldürən də Bizim. (Axır) dönüş də Bizim
hüzurumuzadır!
-
O gün yer onlardan ayrılıb parçalanacaq, onlar sür’ətlə (torpağın altından,
qəbirlərindən çıxacaqlar). O bizim üçün asan olan həşrdir (Bütün
yaranmışların bir yerə toplanacaqları məhşər günüdür).
-
Biz onların nə dediklərini çox gözəl bilirik. (Ya Peyğəmbər!) Sən onlara zor
edən (onları zorla imana gətirən) deyilsən. Sən Mənim təhdidimdən
(əzabımdan) qorxablara Qur’anla öyüd-nəsihət ver!
Geri qayıt