.54.
əl-Qəmər (Ay) surəsi
(Məkkədə nazil olmuşdur, 55 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin mö’cüzəsi ilə) parçalandı.
-
Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq
edən) bir mö’cüzə görsələr, (imandan) üz döndərib: “(Bu, uzun müddət) davam
edən bir sehrdir!” – deyərlər.
-
Onlar (ayın parçalanmasını, digər mö’cüzələri və Peyğəmbər əleyhissəlamı)
təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş
qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam
dini və Muhəmməd əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!)
-
And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər
gəlmişdir.
-
(Bu Qur’an) olduqca böyük hikmətdir. Lakin (inanmayanlara, qəlbləri
möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz!
-
Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin) onları
olduqca pis (dəhşətli) bir şeyə (məhşərə) çağıracağı günədək!
-
Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr
kimi qəbirlərindən çıxacaqlar.
-
Kafirlər (boyunlarını qabağa uzadıb) carçıya tərəf tələsərək: “Bu nə çətin
bir gündür!” – deyəcəklər.
-
Bunlardan (Məkkə müşriklərindən) əvvəl Nuh qövmü (öz peyğəmbərini) təkzib
etmiş və bəndəmizi (Nuhu) yalançı sayıb: “(Bu) divanədir!” – demişdilər. Ona
(risaləti təbliğ etmək) qadağan edilmişdi.
-
(Nuh) Rəbbinə dua edib: “Mən (öz qövmümüm içində) məğlub oldum, buna görə də
(onlardan) intiqam al!” – dedi.
-
Biz (onun duasını qəbul edərək) göyün qapılarını sel kimi axan bir yağışla
açdıq.
-
Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən
qaynayan) sular (lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş bir iş üçün (tufan
məqsədilə) bir-birinə qovuşdu.
-
Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmiş və mismarlanmış
gəmiyə mindirdik.
-
(Qövmü tərəfindən) inkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq verilən
(gəmi) gözümüzün qabağında (nəzarətimiz altında) üzüb gedirdi.
-
And olsun ki, Biz onu (tufan hadisəsini, yaxud Nuh qövmünün başına gələnləri
sonrakı nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir ibrət alan
(öyüd-nəsihət qəbul edən) varmı?!
-
Bir (görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!
-
And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək)
üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən)
varmı?!
-
Ad (qövmü də öz peyğəmbərinə) təkzib etmişdi. (Bir görəydiniz) Mənim əzabım
və qorxutmağım necə oldu!
-
Biz (əzabı) uzun sürən nəhs bir gündə onların üstünə uğultulu (çox soyuq)
bir külək göndərdik.
-
O, adamları kökündən qopmuş xurma kötükləri kimi (yerindən) qopardıb atırdı.
-
(Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!
-
And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək)
üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən)
varmı?!
-
Səmud (qövmü də Saleh peyğəmbərin onlara etdiyi) təhdidləri
(xəbərdarlıqları) yalan saymışdı.
-
Onlar demişdilər: “Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe
olacağıq?! Biz onda haqq yoldan azmış və dəlilik etmiş olarıq!
-
Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının,
lovğanın biridir!”
-
(Biz Saleh peyğəmbərə təsəlli verib dedik: ) “Onlara kimin yalançı, kimin
lovğa olduğunu sabah mütləq biləcəklər!
-
Biz onları imtahana çəkmək üçün bir dişi (maya) dəvə göndərəcəyik. Onların
nə edəcəyini gözlə və (əziyyətlərinə də) döz!
-
Və onlara suyun (dəvə ilə) onlar arasında bölüşdürüldüyünü xəbər ver! (Suyu
bir gün onlar, bir gün də dəvə içəcəkdir). Hərə öz növbəsində hazır olsun!”
-
Nəhayət, onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da (dəvəni)
tutub kəsdi.
-
(Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!
-
Biz onlara bircə dəhşətli (tükürpədici) səs (Cəbrailin qışqırtısını)
göndərdik, dərhal (heyvanlar üçün) ağıl düzəldənin istifadə etdiyi quru ota
(həşəmə) döndülər.
-
And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək)
üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən)
varmı?!
-
Lut qövmü də (peyğəmbərlərinin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları)
yalan saymışdı.
-
Biz də onların üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq),
yalnız Lutun ailəsini səhər çağı xilas etdik;
-
Dərgahımızdan bir lütf olaraq! Biz (ne’mətimizə) şükür edəni belə
mükafatlandırırıq!
-
And olsun ki, (Lut) onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu
təhdidlərə (xəbərdarlıqlara) şübhə edib inanmamışdılar.
-
Cəlalıma and olsun ki, onlar (Lutdan) öz qonaqlarını (mələkləri) onlara
təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik (və) “İndi əzabımı
və təhdidlərimi dadın!” - (dedik).
-
And olsun ki, səhər tezdən onları əbədi (qiyamətədək onlardan əl çəkməyən)
bir əzab yaxaladı (məhv olub həmişəlik Cəhənnəmə vasil oldular).
-
(Onlara: ) “İndi əzabımı və təhdidlərimi dadın!” (dedik).
-
And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək)
üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən)
varmı?!
-
And olsun ki, Bizim təhdidlərimiz (xəbərdarlıqlarımız Musa vasitəsilə)
Fir’on əhlinə də gəlib çatmışdı.
-
Onlar ayələrimizin (mö’cüzələrimizin) hamısını yalan hesab etdilər. Biz də
onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla
yaxaladıq.
-
(Ey Qüreyş əhli!) Sizin kafirlərin onlardan nəyi yaxşıdır?! Yoxsa (əvvəlki
ilahi) kitablarda sizin üçün bəraət (əzabdan qurtuluş hökmü) vardır?!
-
Yoxsa onlar: “Biz (Muhəmməd və mö’minlərdən) intiqam ala biləcək bir
zümrəyik!” – deyirlər?
-
(Bədr vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!
-
Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha
acıdır (daha şiddətlidir).
-
Şübhəsiz ki, günahkarlar (dünyada) haqq yoldan azmışlar və (axirətdə də)
cəhənnəm odu içərisində olacaqlar. (Yaxud günahkarlar heyrət, yanlışlıq və
dəlilik içindədirlər).
-
O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): “Duyun Cəhənnəmin
(ələmini) təmasını!” (deyiləcəkdir).
-
Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.
-
Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! (Hər hansı bir şeyi
yaratmaq istədikdə ona bircə dəfə: “Ol !” – deyərik, o da dərhal olar!)
-
And olsun ki, Biz sizin kimiləri (çox) məhv etmişik. Amma heç bir ibrət alan
(öyüd-nəsihət qəbul edən) varmı?!
-
Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir!
-
Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır!
-
Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında,
-
(Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir
hökmdarın (Allahın) hüzurunda olacaqlar!
Geri qayıt