28.
əl-Qəsəs (Hekayət) surəsi
(Məkkədə nazil olmuşdur, 88 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Ta, Sin, Mim!
-
Bu, (haqqı batildən ayıran, mö’cüzələri, hökmləri) açıq-aydın Kitabın
ayələridir!
-
Biz inanan bir tayfa üçün sənə Musanın və Fir’onun hekayətindən (bir
qismini) olduğu kimi söyləyəcəyik.
-
Həqiqətən, Fir’on yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə
bölmüşdü. (Fir’on) onların arasında olan bir tayfanı (İsrail oğullarını)
gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarını öldürür,
qızlarını isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad
törədənlərdən idi!
-
Bis isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına)
mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fir’onun
mülkünə) varislər edək.
-
Və onları yer üzündə (Misirdə, Şamda) yerləşdirib möhkəmləndirək, Fir’ona,
(vəziri) Hamana və ordularına onların qorxub çəkindikləri şeyi (İsrail
oğullarından birinin əli ilə məhv edilib hakimiyyətlərinə son qoyulmasını)
göstərək.
-
Biz Musanın anasına (ilham yolu ilə, yaxud rö’yada): “Onu (Musanı) əmizdir;
elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda
boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə
qaytaracaq, özünü də (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!” – deyə
bildirdik.
-
(Musa doğulduqdan sonra anası bir müddət onu əmizdirdi, sonra mamaçanın onun
oğlu olduğunu Fir’ona xəbər verəcəyindən qorxaraq körpəsini bir sandığa
qoyub Allaha dua edərək Nil çayına atdı. Bu zaman Fir’on zövcəsi ilə oturub
Nilə tamaşa edirdi. Suyun üzündə bir sandığın üzdüyünü görən Fir’on
xidmətçilərə onu tutub gətirməyi əmr etdi). Fir’onun adamları axırda
özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı (içində olduğu
sandıqla birlikdə) götürüb gəldilər. Həqiqətən, Fir’on, Haman və onların
əsgərləri (küfr etdiklərinə, mə’sum uşaqları öldürdüklərinə görə) günahkar
idilər.
-
Fir’onun qadını (Asiyə) dedi: “Bu uşaq mənim də, sənin də göz bəbəyimiz
(gözaydınlığımız, gözümüzə sevinc olsun). Onu öldürməyin. Ola bilsin ki, (o
böyüyəndə) bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!” Onlar
(işin nə yerdə olduğunu, bu uşağın əlində həlak olacaqlarını) bilmirdilər.
-
(Oğlunun Fir’onun əlinə düşdüyünü bildikdən sonra) Musanın anasının ürəyi
bomboş (sevimli balasının fikrindən başqa hər şeydən xali) olmuşdu. Əgər
(Allahın və’dinə) inananlardan olsun deyə, ürəyinə səbir (səbat) əta
etməsəydik, az qala onu (saraya gətirilmiş körpənin özünkü olduğunu) büruzə
verəcəkdi. (Dəhşətindən və ya sevincindən: “Bu uşaq mənimdir!” – deyəcəkdi).
-
O, (Musanın Məryəm, yaxud Gülsüm adlı) bacısına: “Onun dalınca get!
(Əhvalatdan xəbər tut!)” – dedi. O da (saraya yol tapıb Fir’onun adamları
onun kim olduğunu) hiss etmədən uzaqdan-uzağa (Musanı) gördü.
-
Bundan (anası saraya gəlməmişdən) qabaq Biz ona (Musaya) süd analarını (özgə
qadınların döşünü əmməyi) qadağan etmişdik. (Musanın bacısı Fir’on əhlinə)
belə dedi: “Sizin üçün o uşağa süd verməyi (ona baxmağı) tə’min edəcək, həm
də ona qarşı xeyirxah olacaq (onunla yaxşı davranacaq) bir ailəni (ev
əhlini) sizə nişan verimmi?”
-
Beləliklə, gözü aydın olsun, (oğlunun ayrılığına) kədərlənməsin və Allahın
və’dinin haqq olduğunu bilsin deyə, (Musanı) anasına qaytardıq. Lakin
onların (insanların, yaxud Fir’on əhlinin) əksəriyyəti (Allahın və’dinin
doğru olduğunu) bilməz!
-
(Musa) yetkinləşib kamilləşəndə (otuz-qırx yaşlarına çatanda) ona hikmət və
elm (şəriət elmi) verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
-
(Musa) şəhərə əhalisi xəbərsizkən (günorta istirahət vaxtı) girdi. Orada iki
nəfərin vuruşduğunu gördü. Onlardan biri öz adamlarından (yəhudilərdən),
digəri isə düşmənlərindən (qibtilərdən) idi. (Musanın) adamlarından olan kəs
düşməninə qarşı ondan imdad istədi. Musa onu (əli, yaxud əsası ilə) vurub
öldürdü və dedi: “Bu, Şeytan əməlindəndir. Həqiqətən, o, açıq-aşkar bir
düşməndir, (insanı haqq yoldan) azdırandır!”
-
(Musa) dedi: “Ey Rəbbim! Şübhəsiz ki, mən (bu qibtini vurub öldürməklə)
özüm-özümə zülm etdim. Buna görə məni bağışla!” (Allah Musanı) bağışladı.
Həqiqətən, O, (bəndələrini) bağışlayandır, rəhm edəndir!
-
(Musa) dedi: “Ey Rəbbim! Mənə bəxş etdiyin ne’mət haqqı (günahımı
bağışlamağına and içirəm ki) mən əsla günahkarlara arxa olamayacağam!”
-
Beləliklə, (Musa qibtini öldürdüyündən) qorxaraq səhəri şəhərdə nigaranlıq
içində qarşıladı. (Bir də nə görsə yaxşıdır!) Dünən ondan imdad diləyən kəs
(bu gün də başqa bir qibti ilə vuruşaraq) fəryad çəkib yenə onu köməyə
çağırdı. Musa ona dedi: “Sən (gündə biri ilə vuruşduğun üçün), doğrudan da,
açıq-aşkar bir azğınsan!”
-
(Musa) onların hər ikisinin (həm özünün, həm də onu köməyə səsləyən
yəhudinin) düşməni (olan bu ikinci qibtini) yaxalamaq istədikdə (həmin
yəhudi Musanın ona hücum etmək istədiyini zənn edərək) dedi: “Ya Musa! Sən
dünən birini vurub öldürdüyün kimi, mənidəmi öldürmək istəyirsən? Sən yer
üzündə (Misir torpağında) ancaq bir zalım olmaq istəyirsən! Sən xeyirxahlıq
(insanları islah) edənlərdən olmaq istəmirsən!”
-
(Yəhudinin bu sözündən sonra dünən öldürülən qibtinin qatilinin Musa olduğu
bütün Misir xalqına bəlli oldu. Bu xəbər Fir’ona çatdıqda o, Musadan qisas
almaq istədi). Şəhərin kənarından (Fir’onun şəhərin ucqarında yerləşən
sarayından) bir nəfər çaparaq gəlib dedi: “Ya Musa! Ə’yan-əşraf səni
öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat (şəhərdən) çıx
get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!”
-
(Musa) qorxu içində (ətrafına) göz qoya-qoya oradan (şəhərdən) çıxıb: “Ey
Rəbbim! Məni bu zalım tayfanın əlindən qurtar!” – dedi.
-
O, Mədyən tərəfə yönəldiyi zaman dedi: “Ola bilsin ki, Rəbbim mənə (Mədyənə
aparıb çıxaran) doğru yolu göstərsin!”
-
(Musa) Mədyən kənarındakı bir quyuya çatanda onun başında (heyvanlarını
sulayan) bir dəstə adam və onlardan başqa (qoyunlarını özgə heyvanlara
qarışmasın deyə) geri çəkən iki qadın (qız) görüb dedi: “Sizə nə olub
(dərdiniz nədir)?” Onlar: “Çobanlar (heyvanlarını) sulayıb getməmiş biz
(qoyunlarımıza) su vermirik. Atamız da ixtiyar bir qocadır (buna görə
qoyunları sulamağa biz gətiririk)”, - deyə cavab verdilər.
-
(Musa) onlar üçün (yaxınlıqdakı başqa bir quyudan su çəkib qoyunlarını)
suladı, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Mən Sənin mənə nazil
edəcəyin xeyirə möhtacam!” (Musa yeddi gün idi ki, çöldəki otlardan başqa
yeməyə bir şey tapmırdı. Buna görə də Allahdan yemək üçün bir ruzi dilədi).
-
Sonra (o iki qadından, qızdan) biri utana-utana (Musanın) yanına gəlib dedi:
“Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!” (Musa
gördüyü işin müqabilində heç bir muzd, mükafat almamaq üçün ürəyində and
içdi). (Musa qocanın) yanına gəldikdə başına gələnləri (Fir’onla olan
əhvalatı) ona söylədi. O kişi (Şüeyb peyğəmbər) dedi: “Qorxma, artıq zalım
tayfanın əlindən qurtarmısan!”
-
(O iki qızın) biri dedi: “Atacan! Onu muzdla (çoban) tut, çünki bu güclü,
e’tibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!”
-
(Şüeyb) dedi: “Səkkiz il mənə xidmət etmək (qoyunlarımı otarmaq) şərti ilə
qızlarımın birini sənə ərə verərəm. Əgər sən (həmin müddəti) tamamlayıb on
ilə çatdırsan, bu, artıq sənin tərəfindən (olan bir lütfdür). Mən (on il
müddətinə şərt kəsməklə) sənə əziyyət vermək istəmirəm. İnşallah, mənim
saleh (əhdə vəfa edən) kəslərdən olduğumu görəcəksən!”
-
(Musa) dedi: “Bu (dediyin) mənimlə sənin aranda (olan bir təəhhüddür, onu
pozmaq olmaz). Bu iki müddətdən hansını yerinə yetirməkdən mənə qarşı heç
bir zor ola bilməz. (İstəsəm səkkiz, istəsəm on il xidmət edərəm. Bundan
artıq işləməyimi tələb etməyə haqqın yoxdur). Allah da dediyimizə şahiddir
(vəkildir)!”
-
Musa (onillik xidmət) müddətini başa vurub ailəsi ilə birlikdə (Misirə
tərəf) yola çıxdığı zaman Tur dağı tərəfdə bir od gördü. O, ailəsinə dedi:
“Siz (mən qayıdanadək burada) durun. Mən bir od gördüm. Bəlkə, gedib ondan
sizə bir xəbər, yaxud bir göz gətirim ki, qızınasınız!”
-
(Musa) odun yanına gəlib çatdıqda vadinin sağ tərəfində olan mübarək
(bərəkətli) yerdəki ağacdan belə bir nida gəldi: “Ya Musa! Aləmlərin Rəbbi
olan Allah Mənəm!
-
Əsanı (yerə) at!” (Musa əsanı yerə atdı). O əsanın ilan kimi qıvrıldığını
gördükdə dönüb qaçdı, heç dala da baxmadı. (Biz ona belə buyurduq: ) “Ya
Musa! Bəri gəl, qorxma! Sən əmin-amanlıq içindəsən!
-
Əlini qoynuna qoy ki, əlin (oradan) eyibsiz-qüsursuz, ağappaq (parlaq bir
nur kimi) çıxsın. Əlini (qanadını) özünə tərəf çək (yenidən qoynuna qoy) ki,
(ilanın, yaxud əlinin parıltısının səni bürüdüyü) vahimə çəkilib getsin. Bu,
Fir’ona və onun ə’yanlarına qarşı sənin Rəbbindən olan iki mö’cüzədir.
Onlar, həqiqətən, (Allahın itaətindən çıxmış) fasiq bir tayfadırlar!” (Musa
birinci dəfə əlini qoynuna qoyub çıxartdıqda o, baxanlara bir nur kəsilib
gözlərini qamaşdırar, onları qorxuya salar, ikinci dəfə qoyub çıxartdıqda
isə adi halına düşərdi).
-
(Musa) dedi: “Ey Rəbbim! Mən onlardan bir nəfəri öldürmüşəm, qorxuram ki,
onlar da məni öldürərlər.
-
Qardaşım Harunun dili mənimkindən daha bəlağətlidir. Onu da mənimlə
dediklərimi (Fir’on əhlinə izah edib) təsdiqləyəcək bir köməkçi göndər.
Onların məni yalançı hesab edəcəklərindən qorxuram!”
-
(Allah) buyurdu: “Sənin arxanı qardaşınla möhkəmləndirəcək, ikinizə də dəlil
(mö’cüzə və qüdrət) verəcəyik. Onlar ayələrimiz sayəsində sizə heç bir
pislik edə bilməyəcəklər. Siz də, sizə (iman gətirib) tabe olanlar da
(Fir’ona və ə’yanlarına) mütləq qalib gələcəksiniz!”
-
Musa açıq-aşkar ayələrimizlə (Fir’on əhlinin) yanına gəldikdə onlar: “Bu
(sənin tərəfindən) uydurulmuş sehrdən başqa bir şey deyildir. Biz öz ulu
babalarımızdan bu barədə (sizin təbliğ etdiyiniz din, risalət haqqında) heç
bir şey eşitməmişik!” – dedilər.
-
Musa dedi: “Rəbbim Öz dərgahından kimin hidayətlə (doğru yola rəhbərliklə)
gəldiyini və axirət yurdunun (gözəl aqibətinin) kimə nəsib olacağını daha
yaxşı bilir. Həqiqətən, zalımlar nicat tapmazlar! (Muradlarına yetişməzlər!)
-
Fir’on (istehza ilə) dedi: “Ey ə’yanlar! Mən sizin üçün özümdən başqa bir
tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic
bişir və bir qüllə tikdir ki, (ora qalxıb) bəlkə, Musanın tanrısına tamaşa
edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!
-
(Fir’on) və əsgərləri yer üzündə nahaq yerə təkəbbür göstərdilər və elə
güman etdilər ki, (öləndən sonra bir də dirlib) hüzurumuza
qaytarılmaycaqlar!
-
Buna görə də onu və əsgərlərini tutub dənizə atdıq. (Ya Rəsulum!) Bir gör
zalımların axırı necə oldu!
-
Biz onları (dünyada insanları) cəhənnəm oduna (küfrə, şirkə) çağıran
rəhbərlər etdik. Qiyamət günü onlara (Allahın əzabından qurtarmaq üçün) heç
bir kömək edilməyəcəkdir!
-
Bu dünyada onlara lə’nət damğası vurduq (hamı onlara lə’nət oxuyar), qiyamət
günü isə onlar çirkin (iyrənc, Allahın rəhmətindən kənar edilmiş) kimsələr
olacaqlar.
-
Əvvəlki nəsilləri məhv etdikdən sonra insanlara (İsrail oğullarına) bir nur,
doğru yolu göstərən rəhbər və rəhmət olaraq Musaya Kitab verdik ki, bəlkə,
(onun vasitəsilə) öyüd-nəsihət qəbul etsinlər.
-
(Ya Rəsulum!) Biz Musaya vəhy etdiyimiz (peyğəmbərlik bəxş edib Fir’on
əhlinin yanına getməsini buyurduğumuz) zaman sən (Tur dağının) qərb
tərəfində (Musanı gözləyənlər arasında) deyildin. Sən (buna) şahid
olanlardan da deyildin! (Sənin yəhudilərə və ərəb müşriklərinə bu xəbərləri
doğru söyləməyin yalnız Allahdan nazil olan vəhylərdir!)
-
Lakin
Biz (Musadan sonra) neçə-neçə nəsillər yaratdıq. Onlar uzun ömür sürdülər.
(Vəhy kəsildi; bir çox xəbərlər unudulub getdi, şəriət təhrif olundu). Sən
ayələrimizi onlara oxuyarkən Mədyən əhli arasında deyildin. (Sən Mədyəndə
deyildin ki, onların əhvalını bilib Məkkə əhlinə xəbər verəsən. Buna görə də
onlar sənin bu xəbərləri Mədyən camaatından öyrəndiyini deyə bilməzlər).
Lakin Biz (bu əhvalatları onlara olduğu kimi xəbər vermək üçün səni)
peyğəmbər göndərdik.
[Və ya:
Ancaq (bu xəbərləri sənə) göndərən Bizik].
-
Və Biz (Musaya) xitab etdiyimiz (Tövratı verdiyimiz) zaman da sən Tur
dağının yanında deyildin. Lakin səndən əvvəl özlərinə peyğəmbər gəlməmiş bir
tayfanı (Allahın əzabı ilə) qorxudasan deyə, Rəbbindən bir mərhəmət olaraq
(sənə bunları öyrədib onlara peyğəmbər göndərdik). Bəlkə, öyüd-nəsihət qəbul
etsinlər!
-
Öz əlləri ilə etdikləri əməlləri (qazandıqları günahları) üzündən onlara bir
müsibət üz verincə: “Ey Rəbbimiz! Barı, bizə bir peyğəmbər göndərəydin ki,
biz də Sənin ayələrinə uyub mö’minlərdən olaydıq!” – deməsəydilər, səni
onlara peyğəmbər göndərməzdik. (Onların bəhanəsini kəsmək üçün belə etdik).
-
Dərgahımızdan onlara (müşriklərə) haqq (Qur’an və Peyğəmbər) gəldikdə onlar:
“Musaya verilən (mö’cüzələr) nə üçün eynilə ona da verilmədi?” – dedilər.
Məgər onlar daha öncə Musaya verilənləri danıb: “İki sehr (Tövrat və Qur’an)
bir-birilə köməkləşdi və biz (iki sehrbazın – Musanın və Muhəmmədin) hər
birini inkar etdik!” – deməmişdilərmi?
-
(Ya Rəsulum!) De: “Əgər doğru deyirsinizsə, Allahın dərgahından bu ikisindən
(Qur’andan və Tövratdan) daha doğru yol göstərən bir kitab gətirin, mən də
ona tabe olum!”
-
Əgər sənə (sənin bu təklifinə) cavab verməsələr, bil ki, onlar öz nəfslərinə
uymuşlar. Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan (Rəbbinə
şərik qoşandan, küfr edəndən) haqq yolu daha çox azmış kim ola bilər?! Allah
zalım tayfanı doğru yolda müvəffəq etməz!
-
Həqiqətən, Biz sözü (Qur’anı, keçmişlərə aid xəbərləri) onlar üçün
bir-birinin ardınca (müfəssəl) izah etdik ki, bəlkə, öyüd-nəsihət qəbul
etsinlər. (Bunlardan ibrət alıb iman gətirsinlər!)
-
(Qur’andan) əvvəl kitab vermiş olduğumuz kəslər (mö’min yəhudi və
xaçpərəstlər) ona inanırlar.
-
Onlara (Qur’an) oxunduğu zaman: “Biz ona inandıq. Doğrudan da, Rəbbimizdən
(nazil olmuş) haqdır. Biz ondan əvvəl də müsəlman (təkallahlı, Allahın
vəhdaniyyətini qəbul edib yalnız Ona itaət və ibadət edən kəslər) idik!” –
deyirlər.
-
(İki kitaba – Tövrata və Qur’ana inandıqları üçün müşriklərin gördükləri
əzab-əziyyətə) səbr etdiklərinə görə onlara iki dəfə mükafat veriləcəkdir.
Onlar pisliyi yaxşılıqla dəf edər və özlərinə verdiyimiz ruzidən (ehtiyacı
olanlara) sərf edərlər.
-
Onlar boş (yersiz) bir söz eşitdikləri zaman ondan üz çevirib: “Bizim
əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. (Hərə öz əməlinə
cavabdehdir). Sizə salam olsun! (Salamat qalın. Bizimki bizdə, sizinki də
sizdə!) Biz cahilləri (cahillərlə yoldaşlıq etmək, onların söz-söhbətinə
qulaq asmaq, sonra da onlarla çənə-boğaz olmaq) istəmirik!” – deyirlər.
-
(Ya Rəsulum!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma
Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi
ilə) daha yaxşı O bilir! (Və buna görə də onları haqq yola müvəffəq edir!)
-
(Qüreyşlilər) dedilər: “Əgər biz səninlə bilikdə haqq yolu (islam dinini)
tutub getsək, (əksəriyyəti təşkil edən müşriklərin əli ilə) yurdumuzdan
tezliklə didərgin salınarıq”. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər
yerin meyvəsinin (hər cür meyvənin) daşınıb gətirildiyi, (daxilində Kə’bə
yerləşən) qorxusuz-xətərsiz (müqəddəs) bir yerdə (Məkkədə) sakin etmədikmi?
Lakin onların əksəriyyəti (Allahın onlara bəxş etdiyi bu ne’mətin qədrini)
bilməz!
-
Biz xoş güzəranına naşükür olub qürrələnən neçə-neçə məmləkəti (məmləkət
əhlini) həlak etdik. Bu onların özlərindən sonra yalnız az bir hissəsi
məskun olan (bomboş, xaraba qalmış) yurdlarıdır. Onlara Biz varis olduq.
-
(Ya Rəsulum!) Sənin Rəbbin mərkəzlərinə (ən böyük şəhərlərinə) ayələrimizi
oxuyan bir peyğəmbər göndərməmiş məmləkətləri məhv etmədi. Biz yalnız
əhalisi zalım olan məmləkətləri yox etdik!
-
Sizə verilən hər hansı bir şey (dövlət, övlad, xoş güzəran) ancaq bu fani
dünyanın malı və bərbəzəyidir. Allah yanında olan (ne’mətlər) isə daha yaxşı
və daha baqidir (əbədidir). Məgər ağıla gəlməzsiniz?! (Fani dünya malını
axirətin əbədi ne’mətlərindən üstün tutursunuz!)
-
Məgər verdiyimiz gözəl bir və’də (Cənnətə) qovuşan kimsə, (əvvəlcə) fani
dünya malı bəxş etdiyimiz, sonra da qiyamət günü (cəhənnəm oduna)
gətiriləcək kimsə ilə eyni ola bilərmi?!
-
(Allah) həmin gün onlara xitab edib belə buyuracaqdır: “Mənim şəriklərim
olduqlarını iddia etdikləriniz (bütlər, tanrılar) haradadırlar?!
-
Haqlarında hökm (və’d etdiyimiz əzab) vacib olanlar (şeytanlar və
müşriklərin rəisləri) deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim (haqq yoldan)
azdırdığımız kimsələrdir. Özümüz nə cür azmışdıqsa, onları da elə azdırdıq.
Biz onlardan uzaqlaşıb (onlarla əlaqəmizi kəsib) Sənə tərəf gəldik. Əslində
onlar bizə ibadət etmirdilər (yalnız öz nəfslərinə uyurdular).
-
(Müşriklərə) belə deyiləcək: “Şəriklərinizi çağırın!” (Müşriklər)
ortaqlarını çağıracaq, lakin onlar (müşriklərə) cavab verməyəcəklər. Onlar
mütləq əzabı görəcəklər. Əgər onlar (dünyada) doğru yola gəlmiş olsaydılar
(axirətdə əzab görməzdilər).
-
(Allah) həmin gün onlara xitab edib belə buyuracaqdır: “Peyğəmbərlərə nə
cavab verdiniz?”
-
O gün (canlarını qurtaracaq) xəbərlər (cavablar) onlardan gizli qalacaqdır
(bütün bəhanələri kəsiləcəkdir). Onlar (qiyamətin heybətindən) bir-birindən
hal-əhval belə tuta bilməyəcəklər. (Hər kəs öz hayında olacaqdır).
-
Tövbə edərək iman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, onların nicat
tapmaları mümkündür.
-
Rəbbin istədiyini yaradar və (istədiyini də peyğəmbər) seçər. Onların
(bəndələrin istədiklərini etməyə) heç bir ixtiyarı yoxdur. Allah pakdır,
müqəddəsdir və (müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır!
(Allah eyibsizdir, nöqsansızdır. O, hamıdan uludur!)
-
Sənin Rəbbin onların ürəklərinin gizli saxladığı və özlərinin də aşkar
etdiyi hər şeyi (qəlblərinin sirlərini və açıq-aşkar əməllərini) bilir.
-
Odur Allah. Ondan başqa heç bir tanrı yoxdur. Dünyada da, axirətdə də
həmd-səna Ona məxsusdur. Hökm Onundur. Siz Onun hüzuruna qaytarılacaqsınız!
-
(Ya Rəsulum!) De: “Bir deyin görək, əgər Allah gecəni qiyamətə qədər
üstünüzə uzatsaydı, (haqq olan) Allahdan başqa hansı tanrı sizə bir işıq
gətirə bilərdi?! Məgər (öyüd-nəsihət) eşitmirsinizmi?”
-
De: “Bir deyin görək, əgər Allah gündüzü qiyamətə qədər üstünüzə uzatsaydı,
(haqq olan) Allahdan başqa hansı tanrı istirahət etdiyiniz gecəni sizə
gətirə bilərdi?! Məgər (gecə ilə gündüzün bir-birinin əvəz etməsinin
Allahdan sizə bir lütf olmasını) görmürsünüzmü?”
-
(Allah) öz mərhəmətindən dolayı sizi üçün gecəni (qaranlıq) və gündüzü
(işıq) yaratdı ki, (gecəni) dincələsiniz, (gündüzü isə) Onun lütfündən ruzi
diləyib axtarasınız. Bəlkə, (bu ne’mətə görə Allaha) şükür edəsiniz!
-
O gün (qiyamət günü Allah müşriklərə) müraciət edib belə buyuracaqdır:
“Şəriklərim olduqlarını iddia etdikləriniz (bütlər, tanrılar) haradadırlar?”
-
(O gün) hər ümmətdən (öz peyğəmbərləri olmaqla) bir şahid çıxardacaq və
(müşriklərə): “(Allah şərik qoşmağınızın lüzumu barədə) tutarlı dəlilinizi
gətirin!” – deyəcəyik. Onlar haqqın yalnız Allaha məxsus olduğunu
biləcəklər. Uydurub düzəltdikləri (bütlər) isə qeyb olacaqlar! (Onları qoyub
qaçacaqlar!)
-
Həqiqətən, Qarun Musa qövmündən (Musanın əmisi oğlu) idi. Onlara (İsrail
oğullarına) qarşı (zülm etməkdə, Musanın üzünə ağ olmaqda və özünü yuxarı
tutmaqda) həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla
daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: “(Malına
qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri
sevməz!
-
Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et).
Dünyadakı nəsibini də unutma. (O maldan qismətinin ancaq bir kəfən olduğunu
bil. Pulunu mə’nasız yerə sağa-sola səpələmə; səhhətinin, sərvətinin,
gəncliyinin qədrini bil. Sabah səni Allahın əzabından qurtara biləcək yaxşı
əməllər et). Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də
(varından yoxsullara, qohum-əqrabaya xərcləməklə) yaxşılıq et. Yer üzündə
fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad
törədənləri sevməz!”
-
(Qarun) dedi: “Bu (var-dövlət) mənə yalnız məndə olan elm (Tövratı gözəl
bilmək, yaxud əlkimyaya yaxşı bələd olmaq, ticarətdən baş çıxartmaq)
sayəsində verilmişdir. Məgər o (Qarun) Allahın ondan əvvəl özündən daha
qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi?
Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar. (Onların günahkar
olduqları üzlərindən bilinər və buna görə də heç bir sorğu-sual edilmədən
cəhənnəm oduna atılarlar).
-
(Bir gün Qarun) faxir libas geyib ö zinəti (ehtişamı) içində (dörd min
vəznəli-çuxalı ə’yanın, qızıl-gümüş yəhərli atların müşayiətilə) qövmünün
qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: “Kaş ki, Qaruna verilən
(dövlət) bizə də veriləydi. Həqiqətən, o, böyük bəxt (qismət) sahibidir!”
-
(Axirət barəsində) elm verilmiş kəslər isə belə dedilər: “Vay halınıza! (Ay
yazıqlar!) İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı
(təmənnasında olduğunuz var-dövlətdən, dəbdəbədən) daha yaxşıdır. Buna (bu
ne’mətə) yalnız səbr edənlər (Allaha itaət və ibadət etməyi fani dünya
malından üstün tutanlar, həyatın çətinliklərinə dözənlər) qovuşarlar!”
-
Nəhayət, (Musanın duasını qəbul buyurub bir zəlzələ nəticəsində) onu
(Qarunu) sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə
biləcək (Allahın əzabından onu qurtaracaq) bir camaat da yox idi. O özü də
özünə heç bir kömək edə bilmədi. (Bu qədər cah-calalın, dəbdəbənin
müqabilində nə özü, nə də başqası Allahın əzabını ondan dəf etməyə qadir
olmadı. Allahın əzab vermək istədiyi bir kimsəni Allahın Özündən başqa o
əzabdan heç kəs qurtara bilməz!)
-
Dünən (dünyada) onun (Qarunun) yerində olmaq istəyənlər ertəsi gün səhər
belə deyirdilər: “Vay (biz heç bilməmişik)! Sən demə, Allah Öz bəndələrindən
istədiyinin ruzisini artırarmış da, azaldarmış da! Əgər Allah bizə lütf
etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən demə, kafirlər nicat
tapmayacaqlarmış!”
-
Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad
törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis
əməllərdən çəkinənlərindir!
-
Hər kəs (Rəbbinin hüzuruna) yaxşı əməllə (səmimi-qəlbdən imanla) gəlsə, ona
bundan (əməlindən) daha yaxşısı verilər (Cənnətə nail olar). Hər kəs pis
əməllə gəlsə, (bilsin ki) pis əməllər edənlərə ancaq əməllərinin cəzası
verilər! (Cəzaları pislikləri qədər olar, onlara heç bir haqsızlıq edilməz!)
-
(Ya Rəsulum!) Qur’anı (oxumağı və təbliğ etməyi, yaxud hökmlərinə əməl
etməyi) sənə vacib buyuran (Allah) qayıdacağın yerə (hicrət edərək çıxdığın
Məkkəyə) səni yenə də qaytaracaqdır. De: “Rəbbim hidayətlə (doğru yolu
göstərən rəhbərlə) gələni də (yaxud doğru yolda olanı da), haqq yoldan
açıq-aşkar azanı da (hamıdan) yaxşı tanıyır!”
-
Sən Qur’anın sənin özünə nazil olacağına ümid etmirdin. Ancaq o, Rəbbindən
bir mərhəmət olaraq sənə göndərildi. Buna görə də heç vaxt kafirlərə arxa
olma! (Kafirlər Peyğəmbər əleyhissəlama cürbəcür və’dlər verməklə onu öz
atalarının dininə də’vət edirdilər. O isə kafirlərin bu və’dini Allahın
köməyi ilə həmişə rədd edirdi).
-
(Ya Rəsulum!) Allahın ayələri sənə nazil edildikdən sonra ehtiyatlı ol ki,
(kafirlər) səni (onları təbliğ etməkdən) çəkindirə bilməsinlər. (İnsanları)
Rəbbinə (ibadətə) də’vət et və əsla müşriklərdən olma!
-
Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir
tanrı yoxdur. Allahdan başqa hər şey məhvə məhkumdur. Hökm Onundur. Siz
(qiyamət günü) məhz Onun hüzuruna qaytarılacaqsınız! (Peyğəmbər əleyhissəlam
üçün icrası əsla mümkün olmayan bu şeyləri ona qadağan etmək və tez-tez
xatırlatmaq əslində müşriklərin və kafirlərin əllərini ondan üzmələri və
mə’nasız təkliflərlə onu narahat etməmələri üçündür).
Geri qayıt