.13.
ər-Rəd (Göy gurultusu) surəsi
(Məkkədə, bəzi təfsirçilərə görə isə tamamilə,
yaxud qismən Mədinədə nazil olmuşdur, 43 ayədir)
Bismillahirrəhmanir-rəhim!
-
Əlif, Lam, Mim, Pa! Bunlar Kitabın (Quranın) ayələridir. Rəbbindən sənə
nazil olan (Quran) haqdır, lakin insanların (Məkkə müşriklərinin)
əksəriyyəti (ona) inanmaz.
-
Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü
altına alan (ərş üzərində bərqərar olan), müəyyən vaxta (dünyanın axırına
qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna
qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən
sonra) Rəbbinizlə qarşılaşacağınıza (qiyamət günü dirilib haqq-hesab üçün
hüzurunda duracağınıza), bəlkə, inanasınız!
-
Yeri (insanların və başqa canlıların yaşaya bilməsi üçün) döşəyən (uzadıb
genəldən), orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən
(erkək-dişi, yaxud şirin-acı, turş-meyxoş və s. olmaqla) cüt-cüt
yetişdirən, gecəni gündüzlə (gündüzü də gecə ilə) örtüb bürüyən Odur.
Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar üçün (Allahın
qüdrətini və vəhdaniyyətini sübut edən) neçə-neçə dəlillər vardır!
-
Yer üzündə bir-birinə yaxın (qonşu) qitələr (münbit, qeyri-münbit,
şirin-şoran, dağlıq-aran yerlər, müxtəlif iqlimli torpaq sahələri), eyni su
ilə sulanan üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır.
Halbuki Biz yemək baxımından onların birini digərindən üstün tuturuq.
Şübhəsiz ki, bunda da anlayıb dərk edən insanlar üçün (Allahın qüdrətinə və
vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.
-
(Ya Rəsulum!) Əgər (müşriklərə) təəccüblənirsənsə, əsl təəccübləniləsi (əsl
təəccüb doğuran şey) onların: Biz torpaq olduqdan sonra yenidənmi
yaradılacağıq? söyləməsidir. Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında
zəncir olanlar da (boyunlarına zəncir vurulacaq kəslər də) onlardır. Onlar
cəhənnəmlikdirlər, özü də orada əbədi qalacaqlar.
-
(Müşriklər) səni tələsdirib (özlərinə) yaxşılıqdan əvvəl pislik (Allahın
mərhəmətindən qabaq əzabını) istəyirlər. Halbuki onlardan öncə (Allaha asi
olan tayfalar, xalqlar barəsində) bu kimi (ibrətamiz) cəzalar olub
keçmişdir. Həqiqətən, Rəbbin insanların zülmünə baxmayaraq onlara qarşı
mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!
-
Kafir olanlar: Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?
deyirlər. Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan. Hər tayfanın
(doğru yol göstərən) bir rəhbəri (peyğəmbəri) vardır!
-
Allah hər bir dişi məxluqun (bətnində) nə daşıdığını (oğlan, yaxud qız
doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların
bari-həmlini doqquz aydan tez, yaxud gec yerə qoyacağını, doğulacaq uşağın
sağlam və xəstə olacağını, çox, yaxud az yaşayacağını) bilir. Hər şey Onun
yanında müəyyən bir ölçü ilədir. (Hamının ruzisi əzəldən müəyyən edilmişdir.
Hər kəsin istedadı, qabiliyyəti öz-özünə artıb-əskilməz. Allahın bilmədiyi
heç bir şey yoxdur. )
-
O, qeybi də, aşkarı da biləndir, (hər şeydən) böyükdür, ucadır! (Allah
eyibsizdir, nöqsansızdır. Onun heç bir şəriki yoxdur!)
-
Sizdən sözünü gizlədən də, onu açıq deyəndə, gecənin qoynunda gizlənən də,
gündüz aşkar gəzib dolanan da (Allah üçün) eynidir. (Allah kimin nə etdiyini
bilir. Heç bir şey Ondan gizli qalmaz).
-
(İnsan üçün) onu öndən və arxadan təqib edənlər (mələklər) vardır. Onu
(insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü
(nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda
olanları, onun əhvalını) dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik
yetirmək istəsə, onun qarşısı heç cür alına biməz və Ondan başqa onların heç
bir hamisi də olmaz.
-
Sizə qorxu və ümid (bir tərəfdən ildırımın verəcəyi tələfatdan qorxmaq,
digər tərəfdən də yağış istəmək) məqsədilə şimşək göstərən, (yağışla
yüklənmiş) ağır buludları yaradan da Odur.
-
Göy gurultusu Onun şəninə təriflər deyir, mələklər də (Allahın)
qorxusundan (Onu öyüb mədh edirlər). O, ildırımlar göndərib (kafirlər) Allah
barəsində mübahisə edərkən onlarla istədiyini vurar. Allahın cəzası
şiddətlidir! (Allah yenilməz qüvvət sahibidir!)
-
Haqq olan (qəbul edilən) dua yalnız Ona (Allaha) olan duadır. Ondan
başqasına edilən dualar (Ondan qeyrisinə ibadət edənlərin duaları) qəbul
olunmaz (bütlər, tanrılar onların dualarını əsla eşitməzlər). (Müşriklərin
vəziyyəti quyu üstündə duraraq) ağzına su gəlmək üçün iki ovcunu açan (dili
və əlləri ilə quyuya işarə edərək ovcunun su ilə dolmasını gözləyən), lakin
(quyu heç bir şey anlamadığı üçün) suyun ona yetişmədiyi adamın vəziyyətinə
bənzəyir. (Bütlər də belədir, çünki onlar görməz, eşitməz və dərk etməzlər).
Kafirlərin duası zəlalətdən (puç, mənasız sözlərdən) başqa bir şey
deyildir!
-
Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam
istər-istəməz Allaha səcdə edər! (Yer üzündəki möminlər sidqi-ürəkdən,
kafirlər və münafiqlər isə ürəkdən istəməyərək, lakin dünyada müəyyən bir
mənfəət əldə etmək xatirinə və ya kiminsə, nəyinsə qorxusundan Allaha səcdə
edərlər!)
-
(Ya Rəsulum!) De: Göylərin və yerin Rəbbi kimdir? (Kafirlər bu sualın
qarşısında aciz qaldıqda) de: Allahdır! De: Belə olduqda, Onu qoyub
özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənlərimi (bütləri,
tanrılarımı) özünüzə dost (hami) edirsiniz?! De: Heç korla görən (kafirlə
mömin) və ya zülmətlə nur (küfrlə iman) eyni ola bilərmi?! Yoxsa onlar
(müşriklər) Allaha Onun yaratdığı kimi yaradan şəriklər qərar verdilər və
onların nəzərincə bu yaratma bir-birinə bənzər göründü?! De: Allah hər
şeyin xaliqidir. O birdir, qəhr edəndir (hər şeyə gücü yetən, hər şeyə qalib
gələndir!)
-
Allah göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub
daşdı. (Sudan əmələ gələn) sel, üstünə çıxan bir köpünü alıb apardı. (Haqq
din olan islam insanlara, torpağa həyat verən suya, müşriklərin etiqadı isə
boş köpüyə bənzər). Bəzək şeyləri və ya əşya (qab-qacaq) düzəltmək
məqsədilə insanların od üzərində qızdırıb əritdikləri (qızıl, gümüş və s.
filizlərin) üstündə də buna bənzər bir köpük vardır. Allah haqq ilə batili
(sizdən ötrü) ayırd etmək üçün belə misallar çəkir. Köpük heç bir şey
olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə
qalar. Allah belə misallar çəkir!
-
Rəbbinin dəvətini qəbul edənləri (Allaha və Onun Peyğəmbərinə itaət
edənləri) ən gözəl nemət (Cənnət) gözləyir. Rəbbinin dəvətini qəbul
etməyənlər isə yer üzündə olan hər şeyə (bütün sərvətə), üstəlik bir
qədərinə də malik olsaydılar, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə
verərdilər (lakin kafirlərdən heç bir fidyə qəbul olunmaz). Onları çox pis
(çətin) bir haqq-hesab gözləyir (heç bir günahları bağışlanmaz). Onların
məskəni Cəhənnəmdir. O necə də pis yerdir!
-
(Ya Rəsulum!) Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu bilən
kimsə (haqqı görməyən) korla eyni ola bilərmi? Yalnız ağıl sahibləri
öyüd-nəsihət qəbul edərlər!
-
O kəslər ki, Allaha (yalnız Ona ibadət edəcəkləri barədə) verdikləri vədi
yerinə yetirir və əhdi pozmurlar.
-
O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir
(qohumluq əlaqələrini qoruyub saxlayır, möminlərə hörmət edir), Rəbbindən
və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar.
-
Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün
əziyyətlərə) səbr edir, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara
verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir,
pisliyin qarşısını yaxşılıq etməklə alırlar (pisliyin əvəzində yaxşılıq
edirlər) məhz onları (gözəl) axirət yurdu -
-
Özlərinin, həmçinin əməlisaleh ataları, övrətləri və övladlarının daxil
olacaqları Ədn cənnətləri gözləyir. Mələklər də hər bir qapıdan (cənnət
qapılarından) daxil olub (onlara):
-
(Dünyada Allah yolunda bütün çətinliklərə) səbr etdiyinizə görə sizə salam
olsun! Axirət yurdu (Cənnət) nə gözəldir! deyəcəklər.
-
Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr
etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad
törədənlər isə lənətə düçar olacaqlar. Onları pis yurd (Cəhənnəm, o biri
dünyanın pislikləri) gözləyir.
-
Allah istədiyi bəndənin ruzisi bol da edər, azaldar da. (Məkkəlilər) dünya
həyatı (bol ruzi) ilə sevindilər. Halbuki dünya həyatı (neməti) axirət
həyatı (neməti) ilə müqayisədə çox cüzi (əhəmiyyətsiz) bir şeydir (dünya
neməti müvəqqəti, axirət neməti isə əbədidir).
-
Kafir olanlar: Məgər Rəbbindən ona bir möcüzə endirilməli deyildimi?
deyirlər. (Ya Rəsulum!) De: Allah istədiyini (haqq yoldan) sapdırır. Tövbə
edən (Allahın itaətinə qayıdan) şəxsi isə Öz hidayətinə (Özünün doğru yolu
olan islam dininə) qovuşdurur.
-
O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram
tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr
etməklə aram tapar!
-
İman gətirib yaxşı işlər görənlərin xoş halına! (Onları) gözəl bir sığınacaq
(Cənnət gözləyir)!
-
(Ya Rəsulum! Səndən əvvəl peyğəmbərlər göndərdiyimiz kimi) səni də özündən
əvvəl çoxlu ümmətlər gəlib-getmiş bir ümmətə Peyğəmbər göndərdik ki, onlar
Rəhmanı (Allahı) inkar etdikləri halda, sənə vəhy etdiyimiz (Quranı) onlara
oxuyasan. De: O (Rəhman) mənim Rəbbimdir. Ondan başqa heç bir tanrı yoxdur.
Mən ancaq Ona təvəkkül etdim. Axır dönüşüm (və ya tövbəm) də yalnız Onadır!
-
Əgər Quranla dağlar hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər
danışsaydılar (onlar yenə də iman gətirməzdilər). (Və ya əgər aləmdə bir
kitab olsaydı və onun səbəbi ilə dağlar yerindən qopardılıb hərəkətə
gətirilsə, yaxud yer parçalansa və ya ölülər dirilib danışsaydılar, o kitab
mütləq bu Quran olardı). Bütün işlər yalnız Allahın ixtiyarındadır. Məgər
iman gətirənlərə bəlli olmadımı ki, əgər Allah diləsəydi, bütün insanları
hidayətə (doğru yola) yönəldərdi? (Və ya möminlər kafirlərin iman
gətirmələrindən ümidlərini üzüb bilmədilərmi ki, doğru yolu tutmaq da, ondan
çıxmaq da Allahın əlindədir?). Kafirlərə gəldikdə Allahın vədi (Məkkənin
fəthi) yerinə yetənədək etdikləri əmələ görə onlara bir bəla üz verməkdə
davam edəcək, yaxud yurdlarının yanında dayanıb duracaqdır. (Və ya: Ya
Rəsulum! Sən öz əshabən və ordunla onların yurdunun yaxınlığında dayanıb
duracaqsan). Həqiqətən, Allah Öz vədinə xilaf çıxmaz!
-
(Ya Rəsulum!) Səndən əvvəl gəlib-gedən peyğəmbərlərə də istehza edilmişdi.
Mən kafirlərə möhlət verdim, sonra isə onları (əzabla) yaxaladım. Mənim
onları cəzalandırmağım necə (də dəhşətli) idi! (Bir görəydin onlara nə
dəhşətli əzab verdim!)
-
Hər bir kəsin (dünyada yaxşıdan, pisdən) nə qazandığına nəzarət edən Allah
bunu bacarmayan bütlər kimidirmi?! (Əsla yox!) (Bununla belə, müşriklər
götürüb) Allaha (cürbəcür) şəriklər qoşdular. (Ya Rəsulum!) De: Bunlara bir
ad verin görək! (Axı onlar kimdirlər, nəçidirlər?) Yoxsa Allaha yer üzündə
(özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Yaxud sözün zahirinə
uyub (belə həqiqətdən uzaq şeyləri) deyirsiniz? Xeyr, kafirlərə öz hiylələri
(iftiraları, Allaha qarşı uydurub düzəltdikləri yalanlar) gözəl göstərildi
və onlar (haqq) yoldan döndərildilər. Əslində, Allahın zəlalətə saldığı
kimsəyə doğru yolu göstərən olmaz.
-
Onlar dünyada əzaba düçar olacaqlar. Axirət əzabı isə daha məşəqqətlidir.
Onları Allahdan (Allahın əzabından) qurtaran olmaz.
-
Allahdan qorxub pis əməllərdən çəkinənlərə (möminlərə) vəd edilən Cənnətin
vəsfi belədir: (ağacları) altından çaylar axar, yeməkləri də, kölgələri də
daimidir. Bu, Allahdan qorxub pis əməllərdən çəkinənlərin aqibətidir.
Kafirlərin aqibəti isə Cəhənnəmdir!
-
Kitab verdiklərimiz (kitab əhlinin sənə iman gətirənləri) sənə nazil
etdiyimizə (Qurana) sevinirlər. (Yəhudilərdən və xaçpərəstlərdən sənə
qarşı ədavət bəsləyən) elə firqələr də vardır ki, onun (Quranın) bir
qismini inkar edirlər. (Ya Rəsulum!) De: Mənə Allaha ibadət etmək, Ona
şərik qoşmamaq əmr olunmuşdur. Mən (insanları yalnız) Ona (ibadət etməyə)
dəvət edirəm və mənim axır dönüşüm də yalnız Onadır! (Məhz Onun hüzuruna
qayıdacağam!)
-
(Ya Rəsulum!) Beləliklə, Biz onu (Quranı) ərəbcə bir hökm olaraq (insanlar
arasında onunla hökm etmək üçün) nazil etdik. Əgər sənə (vəhylə) gələn
elmdən (Qurandan) sonra (kafirlərin) nəfslərinin istəklərinə (puç
arzularına) uysan, səni Allahın əzabından qoruyan və qurtaran olmaz! (Və ya:
Sənin Allah tərəfindən nə bir dostun, nə də bir qoruyucun olar!)
-
(Ya Rəsulum!) Biz səndə əvvəl də Peyğəmbərlər göndərdik, onlara zövcələr,
övladlar verdik. Allahın izni olmadıqca heç bir peyğəmbər heç bir möcüzə
gətirə bilməz. Hər dövrün bir kitabı (lövhi-məhfuzda yazılmış hökmü) var.
(İlahi kitablardan hər birinin öz nazil olma vaxtı var. Bunlar zamanın,
dövrün tələbinə və ehtiyacına görədir).
-
Allah (həmin kitabdan) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar
(bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu
olduğu kimi saxlayar). Kitabın əsli (lövhi-məhfuz) Onun yanındadır.
-
Onlara vəd etdiyimizin (əzabın) bir qismini sənə göstərsək də və ya (ondan
qabaq) səni öldürsək də (Öz dərgahımıza götürsək də, fərq etməz). Sənin
vəzifən ancaq (dini) təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir!
-
Məgər onlar (kafirlər) Bizim (hökmümüzlə, qüdrətimizlə) yer üzünə gəlib onu
(müxtəlif) tərəflərindən əskiltdiyimizi (müsəlmanların get-gedə onların
torpaqlarını fəth etdiklərini) görmürlərmi? Hökm edən Allahdır. Heç kəs Onun
hökmünü dəf edə bilməz. (Allah) tezliklə haqq-hesab çəkəndir!
-
Onlardan əvvəlkilər də (ümmətlər, tayfalar da Allahın peyğəmbərinə qarşı)
tələ qururdular. Bütün hiylələrin (məkrlərin) cəzasını ancaq Allah
verəcəkdir. (Allah) hər kəsin (dünyada) nə qazandığını (bütün yaxşı və pis
əməllərini) bilir. Kafirlər axirət yurdunun (o dünyanın gözəl aqibətini)
kimin olacağını biləcəklər!
-
(Ya Rəsulum!) Kafirlər: Sən peyğəmbər deyilsən! deyirlər. (Onlara) belə
cavab ver: Mənimlə sizin aranızda (doğruluğuma) Allahın və kitabı
bilənlərin (Tövratı, İncili bilən mömin yəhudi və xaçpərəstlərin, yaxud
Qurana bələd olan mömin müsəlmanların və ya lövhi-məhfuzdan xəbərdar olan
Cəbrailin) şahid olması yetər!
Geri qayıt