.30.
ər-Rum (Rumlular) surəsi
(Məkkədə nazil olmuşdur, 60 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Əlif, Lam, Mim!
-
Rumlular (bizanslılar iranlılarla) məğlub oldular.
-
(Ərəbistana) ən yaxın bir yerdə (Şamda və ya Urdunda). Lakin onlar (bu)
məğlubiyyətlərindən sonra qalib gələcəklər.
-
Bir neçə ilin içində (üç illə doqquz, yaxud on il arasında). Əvvəl də, sonra
da hökm Allahındır. O gün mö’minlər sevinəcəklər;
-
Allahın köməyi ilə. (Allah) istədiyinə kömək edər. O, yenilməz qüvvət
sahibi, mərhəmət sahibidir!
-
(Bu zəfəri Kitab əhlinə) Allah və’d etdi. Allah Öz və’dinə xilaf çıxmaz.
Lakin insanların çoxu (müşriklər bunu) bilməzlər!
-
Onlar dünya həyatının zahirini (ticarət və əkinçilik işlərini, məişət
məsələlərini) bilirlər, axirətdən isə xəbərsizdirlər.
-
Məgər onlar öz-özlüklərində Allahın göyləri, yeri və onların arasındakıları
ancaq haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi?
Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını (qiyamət günü dirilib
haqq-hesab üçün Allahın hüzurunda duracağını) inkar edir.
-
Məgər onlar yer üzünü gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu
görmürlərmi? Onlar (Ad, Səmud tayfaları) bunlardan daha qüvvətli idilər.
Onlar (əkinçilik məqsədilə) torpağı qazıb altını üstünə çevirmiş və yer
üzünü bunlardan daha çox adab etmişdilər. Peyğəmbərləri onlara açıq-aşkar
mö’cüzələr gətirmişdilər. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə
zülm edirdilər.
-
Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik
edənlərin aqibəti lap pis oldu!
-
Allah məxluqatı əvvəlcə (yoxdan) yaradır, (öləndən) sonra yenidən dirildir.
Sonra da siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız.
-
Qiyamət qopacağı gün günahkarlar mat-məətəl qalacaqlar. (Özlərini təmizə
çıxarmaq üçün heç bir dəlil, sübut gətirə bilməyəcəklər).
-
(Allaha qoşduqları) şəriklərindən onlar üçün şəfaət edəcək kimsələr
olmayacaq. Onlar öz şəriklərini inkar edəcəklər.
-
Qiyamət qopacağı gün – məhz o gün (mö’minlərlə kafirlər bir-birindən)
ayrılacaqlar.
-
İman gətirib yaxşı işlər görənlər cənnət bağçalarının birində sevinc içində
qalacaqlar.
-
Kafir olub ayələrimizi və axirətə qovuşacaqlarını (qiyamət günü dirilib
haqq-hesab üçün hüzurumuzda duracaqlarını) inkar edənlər isə əzab verilmək
üçün hazırlanacaqlar (gətiriləcəklər).
-
Elə isə axşam-səhər (axşama yetişəndə, səhərə çıxanda) Allahı təqdis edib
şə’ninə tə’riflər deyin! (Axşam, gecə və sübh namazlarını qılın!)
-
Göylərdə və yerdə həmd (şükür və tə’rif) yalnız Ona məxsusdur. Gün batanda
da (günün sonuna yetişəndə də), gündüz də Onu təqdis edib şə’ninə tə’riflər
deyin! (İkindi və günorta namazlarını qılın!)
-
(Allah) ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı
dirildir. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə
çıxardılacaqsınız.
-
Sizi (atanız Adəmi) torpaqdan yaratması, sonra da sizin (hərənizin) bir
insan olub yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir.
-
Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq
etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət
əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün
ibrətlər vardır!
-
Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də
Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər (ağıl və elm
sahibləri) üçün (Allahın vəhdaniyyətinə, Onun hər şeyə qadir olmasına
dəlalət edən) nişanələr vardır!
-
Gecə və gündüz yatıb dincəlməyiniz (gecə istirahət etməyiniz, gündüz əlləşib
çalışmağınız), ne’mətindən ruzi (qismətinizi) axtarmanız da Onun qüdrət
əlamətlərindəndir. Həqiqətən, (öyüd-nəsihət) eşidənlər üçün bunda ibrətlər
vardır!
-
Sizə həm qorxu, həm də ümid verən (sizi vurmasından qorxduğunuz, dalınca isə
yağış yağmasına ümid bəslədiyiniz) ildırımı göstərməsi, göydən yağmur
endirib öləndən sonra (onunla) torpağı diriltməsi də Onun qüdrət
əlamətlərindəndir. Şübhəsiz ki, bunda ağılla düşünən bir qövm üçün ibrətlər
vardır.
-
Göyün və yerin Onun əmrində durması, sonra sizi bircə dəfə (İsrafilin suru
bir dəfə üfürməsi ilə) çağıran kimi dərhal yerdən (qəbirlərinizdən dirilib)
çıxmağınız da Onun qüdrət əlamətlərindəndir.
-
Göylərdə və yerdə kim (nə) varsa, Onundur. (Mələklər, cinlər və insanlar
Allahın bəndələridir). Hamısı Ona boyun əyər!
-
Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (qiyamət günü) yenidən
dirildəcək Odur. Bu (iş) Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən
yüksək sifət (Allahdan başqa heç bir tanrı olmaması, vəhdaniyyət sifəti)
yalnız Ona məxsusdur. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Allahın
sifətləri nə göydəkilərin, nə də yerdəkilərin sifətlərinə bənzəyər. Allah
onların hamısından ucadır).
-
(Allah) sizə özünüzdən bir məsəl çəkər. Sahib olduğunuz kölələr içərisində
sizə verdiyimiz mal-dövlətə sizinlə bərabər ortaq olan, özünüzdən (özünüz
kimi azad adamların haqqına toxunmaqdan) çəkindiyiniz kimi, o kölələrdən də
çəkindiyiniz şərikləriniz varmı? (Siz buna razı olarsınızmı? Əlbəttə, yox!
Elə isə bəs Allaha Öz aciz bəndələrini, bütləri şərik qoşmağa necə razı
olursunuz?) Biz ayələri ağılla düşünən bir qövm üçün belə ətraflı izah
edirik.
-
Lakin (özlərinə) zülm edənlər (kafirlər) nadanlıqla nəfslərinin istəklərinə
uydular. Allahın (küfr edəcəklərini əzəldən bildiyi üçün) yoldan
çıxartdıqlarını doğru yola (islam dininə) kim sala bilər? Onlara kömək edə
bilən kəslər də olmaz!
-
(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid,
xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə
(islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı)
heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti
(haqq dininin islam olduğunu) bilməz. (Allah bütün insanları xilqətcə
müsəlman – təkallahlı yaratmışdır, lakin ata-anaları onları başqa dinlərə
sövq etmiş, yaxud onlar yaşa dolduqda öz nadanlıqları üzündən batil dinlərə
- bütpərəstliyə uymuşlar).
-
(Ya Rəsulum! Sən və ümmətin) tövbə edərək Ona tərəf dönün. Ondan (Allahın
əzabından) qorxun, namaz qılın və müşriklərdən olmayın!
-
O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular (bə’zisi bütlərə,
bə’zisi günəşə və aya, bə’zisi ulduzlara səcdə etməyə başladılar). Hər bir
firqə öz dininə (öz dininin haqq olduğuna) sevinər.
-
İnsanlara bir ziyan toxunduğu zaman Rəbbinə tərəf dönüb Ona tövbə edərlər.
Sonra (Allah) Öz mərhəmətindən onlara daddıran (onları möhnətdən qurtaran)
kimi içərilərindən bir qismi Rəbbinə şərik qoşar.
-
Bizim onlara verdiyimiz ne’mətləri inkar etsinlər deyə (şirkə, küfrə
düşərlər). İndi (bir az dünyada) əylənib kefə baxın. (Cəhənnəm əzabının necə
şiddətli olduğunu) mütləq biləcəksiniz!
-
Yoxsa Biz (müşriklərə Allaha) şərik qoşmaqlarını söyləyən (təsdiq edən) bir
dəlil (kitab) göndərdik?!
-
İnsanlara bir mərhəmət (firavan həyat, sağlamlıq, cah-calal) daddırdığımız
zaman ona sevinərlər. Onları öz əlləri ilə etdikləri əməllərə (qazandıqları
günahlara) görə bir müsibətə düçar etdikdə isə dərhal mə’yus olarlar (hər
şeydən ümidlərini üzərlər).
-
Məgər onlar Allahın istədiyi kimsənin ruzisini bol etdiyini və
(istədiyininkini də) azaltdığını görmürlərmi?! Həqiqətən, bunda iman gətirən
bir tayfa üçün ibrətlər vardır!
-
(Ya Rəsulum!) Yaxın qohuma, yoxsula (miskinə), (pulu qurtarıb yolda qalan)
müsafirə (Allahın vacib buyurduğu) haqqını ver. Allah rizasını (Allahın
camalını) diləyənlər üçün bu daha xeyirlidir. (Axirətdə) nicat tapanlar
(mətləbinə yetişənlər) məhz onlardır!
-
(Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün sələmlə (faizlə)
verdiyiniz malın Allah yanında heç bir bərəkəti (artımı) olmaz. Allah
rizasını diləyərək verdiyiniz sədəqə (zəkat) isə belə deyildir. Bunu edənlər
(dünyada mallarının bərəkətini, axirətdə isə öz mükafatlarını) qat-qat
artıranlardır!
-
Sizi (yoxdan) yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra
(qiyamət günü) dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan
heç olmasa birini edə biləni varmı? (Allah) pakdır, müqəddəsdir. (Allah
müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır!
-
İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və
suda fəsad (pozuntu) əmələ gələr (bə’zi yerlərdə quraqlıq, qıtlıq olar,
bə’zilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər
batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bə’zi
günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan)
qayıtsınlar.
-
(Ya Rəsulum! Məkkə əhlinə) de: “Yer üzünü gəzib-dolaşın və (sizdən)
əvvəlkilərin axırının necə olduğuna baxın. Onların əksəriyyəti müşrik idi.
-
(Ya Rəsulum!) Allah tərəfindən qarşısıalınmaz gün (qiyamət günü) gəlməmişdən
əvvəl üzünü düzgün dinə (islama doğru) çevir. O gün insanlar (haqq-hesab
çəkildikdən sonra) bölük-bölük (iki dəstə) olarlar. (Mö’minlər Cənnətə,
günahkarlar isə Cəhənnəmə gedərlər).
-
Küfr edənin küfrü öz əleyhinə olar (qazandığı günaha görə Cəhənnəmə atılar).
Yaxşı iş görənlər isə özləri üçün (Cənnətdə) rahat mənzillər hazırlamış
olarlar ki,
-
(Allah) iman gətirib saleh əməl edənlərə Öz lütfündən (Öz kərəmindən)
mükafat versin. Şübhəsiz ki, (Allah) kafirləri sevməz!
-
Həqiqətən, küləkləri müjdəçi olaraq göndərməsi, sizə Öz mərhəmətindən
daddırması (yağış verməsi), əmri ilə gəmilərin üzməsi, ne’mətindən ruzi
axtarmanız Onun qüdrət əlamətlərindəndir. Bəlkə, (Allahın ne’mətlərinə)
şükür edəsiniz!
-
(Ya Rəsulum!) Biz səndən əvvəl də onların tayfalarına (neçə-neçə)
peyğəmbərlər göndərmişdik. (Peyğəmbərlər) onlara açıq-aşkar mö’cüzələr
gətirmişdilər. Biz (peyğəmbərləri təkzib edən) günahkarlardan intiqam aldıq.
Mö’minlərə kömək etmək Bizə vacibdir! (Biz Öz və’dimizə əməl edərək
mö’minlərə yardım etməliyik!)
-
Buludları hərəkətə gətirən küləkləri göndərib onları göy üzündə istədiyi
kimi yayan və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış
çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istədiyinə verən kimi onlar
sevinərlər.
-
Hərçənd ki üstlərinə (yağış) endirilməzdən (yağış yağmamışdan) əvvəl (ondan)
ümidlərini üzmüşdülər.
-
(Ya Rəsulum!) Sən Allahın rəhmətinin (yağışının) əsər-əlamətinə bax ki,
torpağı öldükdən sonra necə dirildir. Doğrudan da, O, ölüləri dirildəndir. O
(Allah) hər şeyə qadirdir!
-
Əgər Biz (onların əkinlərinin üstünə) bir yel əsdirsək və (o yel nəticəsində
əkinlərin) saralıb-solduğunu görsələr, bundan sonra mütləq nankor olmağa
başlayarlar.
-
Şübhəsiz ki, sən (haqqa) çağırışı nə ölülərə bildirə bilərsən, nə də dönüb
gedən karlara eşitdirə bilərsən!
-
Sən korları da düşdükləri əyri yoldan qurtarıb düz yola gətirə bilməzsən.
Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar
müsəlmandırlar! (Allaha ürəkdən inanıb Ona can-başla itaət edərlər!)
-
Sizi zəif bir şeydən (nütfədən, bir qətrə sudan) yaradan, gücsüzlükdən
(körpəlikdən) sonra qüvvətli (cavan) edən, qüvvətli olduqdan sonra (yenidən)
taqətsiz (və qoca) edən Allahdır. O, istədiyini yaradır. O, (hər şeyi)
biləndir, (hər şeyə) qadirdir!
-
Qiyamət qopacağı gün (saat) günahkarlar (qəbirlərində və dünyada) bir
saatdan artıq qalmadıqlarına and içərlər. Onlar (axirətdə belə yalan
danışdıqları kimi, dünyada da batilə uyub haqdan) belə döndərilirdilər
(yoldan çıxardılırdılar).
-
Elm və iman sahibləri isə belə deyərlər: “Siz (qəbirlərinizdə) Allahın
Kitabında (əzəli elmində yazılmış) olan qiyamət gününə qədər qaldınız. Bu,
(hamının dirildiyi) qiyamət günüdür, lakin siz (onun haqq olduğunu)
bilmirdiniz!”
-
O gün zalımlara üzrləri heç bir fayda verməz və onların tövbə etmələri
(Allah rizasını diləmələri) də istənilməz!
-
Biz bu Qur’anda insanlar üçün hər çür məsəl çəkdik. (Ya Rəsulum!) Həqiqətən,
sən onlara (Musanın yədi-beyzası, əsası kimi) hər hansı bir mö’cüzə gətirsən
belə, onlar mütləq: “Siz (Peyğəmbər və ona iman gətirənlər) yalançısınız!” –
deyəcəklər.
-
Allah (haqqı) bilməyənlərin qəlblərini belə möhürləyər!
-
(Ya Rəsulum!) Sən (çətinliklərə, əziyyətlərə) səbr et. Şübhəsiz ki, Allahın
(sənə verdiyi zəfər) və’di haqdır. Qoy (axirətə) qəti inanmayanlar səni
e’tinasızlığa sövq etməsinlər. (Səni yüngül hesab edib yerindən
oynatmasınlar, səbirsizliyə, səbatsızlığa sövq edərək öz fikrindən və
amalından döndərib risaləti təbliğ etməkdən daşındıra bilməsinlər!)
Geri qayıt