.61.
əs-Saff
(Səf) surəsi
(Mədinədə
nazil olmuşdur, 14 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Göylərdə və yerdə nə varsa, (hamısı, bütün məxluqat) Allahı təqdis edib
şə’ninə tə’riflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
-
Ey iman
gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Bə’zi müsəlmanlar:
“Hansı əməllərin Allaha daha xoş getdiyini bilsəydik, onları edər, malımızı
və canımızı onların yolunda qoyardıq!” – deyirdilər. Lakin cihad əmri nazil
olduqda bu, bir çöx mö’minlərin xoşuna gəlmədi).
-
Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.
-
Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!
-
(Ya
Rəsulum!) Xatırla ki, bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Mənim
Allahın sizə göndərilmiş peyğəmbəri olduğumu bildiyiniz halda, niyə məni
incidirsiniz?” Onlar (haqdan) üz döndərdi. Allah (Özünə asi olan) fasiqləri
doğru yola yönəltməz!
-
Onu da
xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları!
Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra
gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!”
Sonra (İsa, yaxud Muhəmməd əleyhissəlam) onlara açıq-aşkar mö’cüzələr
gətirdikdə onlar: “Bu, açıq-aydın sehrdir!” – dedilər.
-
İslama
də’vət olunduğu halda, Allaha qarşı yalan uydurandan (Onun peyğəmbərinə
sehrbaz deyəndən) daha zalım kim ola bilər?! Allah zalım qövmü doğru yola
yönəltməz!
-
Onlar
Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə
söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu
(dinini) tamamlayacaqdır.
-
Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün
Öz Peyğəmbərini hidayət (Qur’an) və haqq dinlə göndərən Odur!
-
Ey iman
gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi
şiddətli əzabdan xilas etsin?
-
(O
qazanc yolu budur: ) Allaha və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah
yolunda malınız və canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu
sizin üçün nə qədər xeyirlidir!
-
(Əgər
belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından
çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl saraylara daxil edər.
Bu, böyük qurtuluşdur (uğurdur)!
-
(Sizi
hələ) sevdiyiniz başqa bir şey (bir ne’mət) də - Allah dərgahından kömək və
yaxın qələbə (Məkkənin fəthi) gözləyir. (Ya Peyğəmbər!) Mö’minlərə (dünyada
zəfərlə, axirətdə Cənnətlə) müjdə ver!
-
Ey iman
gətirənlər! Allahın (dininin və peyğəmbərinin) köməkçiləri olun! Necə ki,
Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” –
demiş, həvarilər də: “Allahın köməkçiləri bizik!” – deyə cavab vermişdilər.
Nəhayət, İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir
oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar
qələbə çaldılar.
Geri dön