.64.
ət-Təğabun
(Qarşılıqlı aldanma) surəsi
(Mədinədə
nazil olmuşdur, 18 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şə’ninə tə’riflər
deyər. Hökm Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir!
-
Sizin
yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz mö’min. Allah nə etdiklərinizi
görəndir!
-
O,
göyləri və yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi, sizə surət verdi,
surətlərinizi də gözəl yaratdı. (İnsan bütün canlıların ən gözəli və ən
kamilidir). Axır dönüş də Onun hüzurunadır!
-
O,
göylərdə və yerdə olanları da, sizin gizlində və aşkar da nə etdiyinizi də
bilir. Allah ürəklərdə olanları biləndir!
-
(Ey
Məkkə müşrikləri!) Məgər sizdən əvvəl kafir olanların (əzaba düçar edilməsi)
xəbəri sizə gəlib çatmadımı? Onlar öz gördükləri işlərin cəzasını dünyada
daddılar. Onları (axirətdə) şiddətli bir əzab gözləyir!
-
Çünki
peyğəmbərləri onlara açıq-aşkar mö’cüzələr gətirir, onlar isə: “Məgər bizi
doğu yola (özümüz kimi adi) bir insanmı salacaqdır?!” – deyərək (o
peyğəmbərləri) inkar edir və (haqdan) üz döndərirlər. Allahın (onların
ibadətinə) ehtiyacı yoxdur. Allah heç bir şeyə möhtac deyildir. O, (hər cür)
şükrə (tə’rifə) layiqdir!
-
Kafir
olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya
Peyğəmbər!) De: “Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz.
Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu,
Allah üçün çox asandır!
-
Elə isə
Allaha, Onun Peyğəmbərinə və nazil etdiyimiz nura (Qur’ana) iman gətirin!
Allah etdiyimiz əməllərdən agahdır!
-
Allahın
sizi (haqq-hesab üçün) toplanmış gününə cəm edəcəyi gün – məhz o gün
qarşılıqlı aldanma günüdür! (Həmin gün kafirlərin dünyaya uyaraq axirəti
əldən verdiklərinə görə, bə’zi mö’minlərin də dünyada bacardıqlarından az
yaxşı əməllər etdiklərinə görə aldanmaları bəlli olacaqdır). Kim Allaha iman
gətirib yaxşı əməllər etsə, (Allah) onun günahlarının üstünü örtər və onu
(ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Belələri orada
(Cənnətdə) əbədi qalacaqlar. Bu, böyük qurtuluşdur (uğurdur)!
-
Kafir
olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər.
Onlar orada həmişəlik qalacaqlar. Ora necə də pis məskəndir!
-
Allahın
izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman
gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər. (O, dünyada baş verən
hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər). Allah hər şeyi
(keçmişi, indini və gələcəyi) biləndir!
-
Allaha
itaət edin, Onun Peyğəmbərinə itaət edin; hər kəs (itaətdən) üz döndərsə,
(bilsin ki) Peyğəmbərimizin öhdəsinə düşən yalnız açıq-aşkar təbliğdir! (O
heç kəsi zorla iman gətirməyə məcbur edən deyildir).
-
Allahdan başqa heç bir tanrı (mə’bud) yoxdur. Buna görə də mö’minlər ancaq
Allaha təvəkkül etsinlər!
-
Ey iman
gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar
vardır. (Onlar din və ya dünya işlərində sizin əleyhinizə çıxar, sizi
ibadətdən, yaxşı əməllərdən yayındırarlar. Hətta siz bir dəfə Məkkədən
Mədinəyə hicrət etmək istədiyiniz zaman onlar müxtəlif bəhanələrlə sizi bu
fikrinizdən daşındırmışdılar). Onlardan özünüzü gözləyin! Amma (tövbə
edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və
bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahları çox) bağışlayandır,
rəhm edəndir!
-
Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir
imtahandır. Ən böyük mükafat (Cənnət) isə Allah dərgahındadır!
-
Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun. (Sizə verilə
öyüd-nəsihətə) qulaq asın; (Allaha və Peyğəmbərinə) itaət edin və
(mal-dövlətinizdən Allah yolunda) xərcləyin. Bu sizin özünüz üçün xeyirli
olar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub
saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır!
-
Əgər
Allaha (Allah yolunda) gözəl (könül xoşluğu ilə) bir borc versəniz, (Allah)
sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah
qədirbiləndir, həlimdir!
-
(Allah)
gizlini də, aşkarı da biləndir, yenilməz qüdrət sahibi, hikmət sahibidir!
Geri dön