.65.
ət-Talaq
(Boşanma) surəsi
(Mədinədə
nazil olmuşdur, 12 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
(Ya
Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində
(heyzdən pak olduqdan sonra) boşayın. Gözləmə müddətini (iddəti) sayın.
Rəbbiniz olan Allahdan qorxun. Onları – açıq-aşkar bir pis iş (zina)
etməyənə qədər – (gözləmə müddəti qurtarmamış) yaşadıqları evlərdən
çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir
(hökmləridir). Allah müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş
olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin
ürəyinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar).
-
Bunların (bu qadınların) gözləmə müddəti başa çatdıqda (barışmaq istəsəniz)
onları yaxşılıqla (mehrlərini verib) yola salın. (Sonradan aranızda ixtilaf
olmasın deyə) içərinizdən iki ədalətli şahid tutun. (Siz də ey şahidlər!)
Allah üçün (doğru) şahidlik edin! Bununla Allaha və axirət gününə iman
gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona (hər
çətinlikdən) bir çıxış yolu əta edər.
-
Və ona
gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət
edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd,
müddət) tə’yin etmişdir.
-
(Yaşa
dolmaqla) heyzdən kəsilmiş qadınlarınız (onların gözləmə müddəti) barədə
şübhə etsəniz, (bilin ki) onların və həmçinin (yaşları müsaid olmadığı üçün)
hələ heyz görməmiş olanların (heyz görməmiş gənc övrətlərinizin) gözləmə
müddəti üç aydır (bu müddət başa çatdıqdan sonra başqası ilə evlənə
bilərlər). Hamilə qadınların gözləmə müddəti isə onlar bari-həmlini yerə
qoyduqda başa çatır. Kim Allahdan qorxsa, Allah onun işini (dünya və
axirətdə) asan edər.
-
Bu,
Allahın sizə nazil etdiyi buyuruğudur. Kim Allahdan qorxsa, Allah onun
(günahlarının) üstünü örtər və (axirətdə) mükafatını artırar.
-
Onları
(boşadığınız, lakin gözləmə müddətləri sona yetməmiş qadınları) imkanınız
çatdığı qədər öz yaşadığınız yerdə sakin edin. (Bu qadınları) sıxışdırmaq
(evdən çıxıb getməyə məcbur etmək) məqsədilə onlara zərər (əziyyət) verməyə
cəhd göstərməyin. Əgər onlar hamilədirlərsə, bari-həmləni yerə qoyana qədər
xərclərini verin. (Həmin qadınlar gözləmə müddətləri qurtarandan sonra)
sizin üçün uşaq əmizdirirlərsə, onların (süd) haqqını verin (çünki onlar
artıq sizin uşaqlarınıza süd verməyə borclu deyillər). Öz aranızda
yaxşılıqla (şəriətə müvafiq şəkildə) sazişə gəlin. Əgər (bu məsələdə)
çətinliyə düşsəniz (bir-birinizlə razılığa gələ bilməsəniz), onu (uşağı)
başqa bir qadın əmizdirə bilər.
-
Varlı-karlı olan öz varına görə (süd haqqı) versin. İmkanı az olan isə
Allahın ona verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq
xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq
(yoxsulluqdan sonra dövlət) əta edər.
-
Neçə-neçə məmləkət (əhli) öz Rəbbinin və Onun peyğəmbərinin əmrindən çıxdı.
Biz də onlara şiddətli cəza verib görünməmiş müdhiş əzaba düçar etdik.
-
Onlar
əməllərinin cəzasını aldılar və axırda işləri ziyana uğramaq oldu.
-
Allah
onlar üçün şiddətli əzab hazırladı. Ey iman gətirmiş ağıl sahibləri,
Allahdan qorxun! Allah sizin üçün Qur’an nazil etmiş,
-
Və iman
gətirib yaxşı işlər görənləri zülmətdən nura (küfrdən imana) çıxartmaq üçün
Allahın açıq-aşkar (halal-haramı bəyan edən) ayələrini sizə oxuyan bir
peyğəmbər göndərmişdir. Kim Allaha iman gətirib yaxşı iş görsə, (Allah) onu
(mö’minlərin) əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlərə
daxil edər. Həqiqətən, Allah ona gözəl ruzi əta etmişdir!
-
Yeddi
(qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir
olduğunu, Allahın hər şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz
deyə, (Allahın) əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil
olar.
Geri dön