.52.
ət-Tur (Dağ) surəsi
(Məkkədə nazil olmuşdur, 49 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına;
-
And olsun yazılmış kitaba (Tövrata, Qur’ana, yaxud bütün ilahi kitablara) -
-
Açıq dəri üzərində (olan kitaba);
-
And olsun (mələklərin ibadət etdiyi) Beytülmə’mura;
-
And olsun yüksək tavana (uca göyə)
-
Və dolub daşan (alovlanan) dənizə ki,
-
Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır!
-
Onu heç kəs dəf edə bilməz!
-
O gün göy hərəkətə gəlib fırlanacaq (çalxalanacaq),
-
Dağlar yerindən qopub (havada toz kimi) oynayacaqdır.
-
O gün vay (peyğəmbərləri) yalançı hesab edənlərin halına!
-
O kəslər ki, (dünyada) yalana qurşanıb qəflət içində oynayarlar.
-
O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər.
-
(Onlara belə deyiləcəkdir: ) “Bu sizin (dünyada) yalan hesab etdiyiniz
cəhənnəm odudur!
-
(Vəhyə, Qur’ana sehr dediyiniz kimi) bu da sehrdir, yoxsa (gözünüz qapanıb
onun həqiqət olduğunu) görmürsünüz?
-
Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir (həmişəlik
Cəhənnəmdə qalacaqsınız). Siz ancaq etdiyiniz əməllərin cəzasını
çəkəcəksiniz!”
-
Müttəqilər isə, şübhəsiz ki, cənnətlər və ne’mətlər içində olacaqlar.
-
Rəbbinin onlara əta etdiyi ne’mətlərdən zövq (ləzzət) alacaqlar. Rəbbi
onları cəhənnəm əzabından qorumuşdur.
-
(Onlara belə deyiləcəkdir: ) “(Dünyada) etdiyiniz yaxşı əməllərin
müqabilində nuşcanlıqla yeyin-için;
-
Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!” Biz onları iri (ahu) gözlü
hurilərlə evləndirəcəyik.
-
İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də
(Cənnətdə) özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey
əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur!
-
Onları istədikləri meyvə və ətlə (bol-bol) tə’min edəcəyik.
-
Onlar orada bir-birinə (şərab dolu) qədəh ötürəcəklər. Onda (cənnət
şərabının xislətində dünyakından fərqli olaraq) nə lağlağılıq, nə də günaha
təhrik vardır.
-
Onların ətrafında (xidmət üçün) özlərinə məxsus olan, sədəf içində gizlənmiş
inci kimi gözəl oğlanlar dolanacaqlar.
-
Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa
başlayacaqlar.
-
Və (söhbət əsnasında) belə deyəcəklər: “Biz bundan əvvəl (dünyada) ailəmiz
içində olarkən (Rəbbimizin əzabından) qorxardıq.
-
Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum)
əzabından qorudu.
-
Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (və’dinə
sadiq) kərəm sahibidir, rəhm edəndir!”
-
Elə isə (ya Peyğəmbər! Sən müşriklərə) öyüd-nəsihət ver. Sən öz Rəbbinin
ne’məti (nübüvvət və islam dini) sayəsində nə kahinsən, nə də divanə!
-
Yoxsa onlar (sənin barəndə): “(O) şairdir. Biz (ruzigarın gərdişi
nəticəsində) onun başına gələcək müsibəti (ölüb getməsini) gözləyirik!” –
deyirlər.
-
De: “Gözləyin, mən də sizinlə birlikdə (sizin başınıza gələcək müsibəti)
gözlələyənlərdənəm!”
-
Yoxsa onların puç ağılları bunu (bu cür batil sözləri deməyi) onlara əmr
edir? Xeyr, onlar azğın bir qövmdürlər.
-
Yoxsa onlar: “Onu (Qur’anı) özündən uydurdun!” - deyirlər. Xeyr, onlar
(həsədləri, təkəbbürləri və inadları üzündən) iman gətirmirlər.
-
Əgər doğru deyirlərsə, qoy onlar bunun (bu Qur’an) kimi bir kəlam
gətirsinlər!
-
Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini)
yaradanlardır?!
-
Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar (Allaha) ürəkdən inanmırlar!
-
Yoxsa (ya Peyğəmbər) sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud (hər şeyə)
onlar hakimdirlər?!
-
Yoxsa onların üstünə çıxıb (vəhyi) dinlədikləri bir nərdivanı vardır?! Elə
isə qoy onların (vəhyi) dinləyənləri açıq-aşkar bir dəlil gətirsinlər!
-
Yoxsa qızlar Onun (Allahın), oğlanlar isə sizindir?!
-
Yoxsa (ya Peyğəmbər! Risaləti təbliğ etdiyinə görə) sən onlardan bir ücrət
(mükafat) istəyirsən və onlar ağır borc yükü altındadırlar?!
-
Yoxsa onlar qeybi bilir və (orada olanı) yazırlar?! (Qiyamətin, axirət
həyatının olmadığını oradan öyrənib Muhəmməd əleyhissəlamla mübahisə
edirlər?)
-
Yoxsa (ya Peyğəmbər! Sənə qarşı) bir tələ qurmaq istəyirlər? Amma kafirlər
özləri o tələyə düşəcəklər!
-
Yoxsa onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona
qoşduqları şəriklərdən tamamilə uzaqdır!
-
Əgər onlar göyün bir parçasının (başlarına) düşdüyünü görsələr: “Bulud
topasıdır!” – deyərlər (özlərinə əzab gəldiyinə inanmazlar).
-
Elə isə (dəhşətdən) sarsılıb karıxacaqları günə qovuşana qədər sən onları
tərk et!
-
O gün hiylələri onlara heç bir fayda verməyəcəkdir (Allahın əzabını onlardan
dəf edə bilməyəcək) və onlara heç bir kömək olunmayacaqdır.
-
Şübhəsiz ki, zalımları (kafirləri) hələ bundan başqa da (dünyada və qəbir
evində) əzab gözləyir. Lakin onların əksəriyyəti (bunu) bilməz!
-
(Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki, sən Bizim
gözümüzün qabağındasan (himayəmiz altındasan). (Namaza) qalxdıqda Rəbbini
həmd-səna ilə zikr et!
-
Gecənin bir vaxtında nə ulduzlar batandan sonra (dan yeri söküləndə, yaxud
sübh çağı) da Allahı təqdis edib şə’ninə tə’riflər de! (Gün ərzində vacib və
əlavə namazları qıl!)
Geri qayıt