.39.
əz-Zumər (Zümrələr) surəsi
(Məkkədə nazil olmuşdur, 75 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Kitabın (Qur’anın) nazil edilməsi yenilməz qüvvət, hikmət sahibi Allah
tərəfindəndir!
-
(Ya Peyğəmbər!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də
dini məhz Allaha aid edərək yalnız Ona ibadət et! (Bütpərəstlər kimi Ona
şərik qoşma. Allaha ixlasla tapın!)
-
Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı
qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha
yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda
olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm
edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!
-
Əgər Allah özünə övlad götürmək istəsəydi, yaratdıqlarından istədiyini (özü
də ən mükəmməlini) seçərdi. O, pakdır, müqəddəsdir! (Allaha övlad götürmək
yaraşmaz. Bütün kainat Allahın qüdrət əsəri ola-ola Onun övlada nə ehtiyacı
vardır?!) O, bir olan, (hər şeyi) qəhr edən (hər şeyə gücü yetən) Allahdır!
-
(Allah) göyləri və yeri haqq olaraq (hikmətlə) yaratdı. O, gecəni gündüzə,
gündüzü də gecəyə qatar (gah gündüzü, gah da gecəni uzadar). O günəşi və ayı
ram (bəndələrinin mənafeyinə tabe) etdi. Onların hər biri müəyyən bir
müddətədək (qiyamət gününə qədər) hərəkət edər. Agah olun ki, O, yenilməz
qüvvət sahibidir, (günahları) çox bağışlayandır!
-
Allah sizi tək bir nəfərdən (Adəmdən) xəlq etdi. Sonra onun özündən
həmtayını (Həvvanı) yaratdı. O, (dəvə, inək, qoyun və keçi kimi)
heyvanlardan (erkək və dişi olmaqla) səkkiz cift (baş) əmələ gətirdi. O sizi
analarınızın bətnində üç zülmət (pərdə, uşaqlıq və qarın) içində
yaranışdan-yaranışa salaraq yaradır (nütfəni laxtalanmış qana, laxtalanmış
qanı bir parça ətə, əti sümüyə çevirir, sonra sümüyü ətlə örtüb insan
şəklinə salır). Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur, Ondan başqa
heç bir tanrı yoxdur. Elə isə (Allaha ibadət etmək əvəzinə bütlərə
tapınmaqla haqqdan) necə döndərilirsiniz? (İmandan necə dönürsünüz?)
-
Əgər küfr etsəniz (Allahın ne’mətlərini dansanız, bunun zərəri Allaha yox,
ancaq sizin özünüzə olar). Çünki Allah sizə (sizin ibadətinizə) əsla möhtac
deyildir. Amma bəndələrinin küfr etməsi Ona xoş getməz. Əgər (Allahın
ne’mətlərinə) şükür etsəniz, sizin bu şükrünüz Ona xoş gələr. Heç bir
günahlar başqasının günahını daşımaz (hərə öz günahına cavabdehdir). Sonra
Rəbbinizin hüzuruna qayıdacaqsınız. O sizə (dünyada) nə etdiklərinizi
(bir-bir) xəbər verəcəkdir. Həqiqətən, Allah ürəklərdə olanları biləndir!
-
İnsana bir zərər toxunduqda tövbə edərək Rəbbinə yalvarar. Sonra (Allah Öz)
dərgahından ona bir ne’mət əta etsə, əvvəlcə kimə dua etmiş olduğunu unudar
və (xalqı) Allah yolundan (islam dinindən) çıxartmaq üçün Ona şəriklər
qoşar. (Ey Peyğəmbər! Ona) De: “Hələ küfrünlə bir müddət dövran sür.
Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!”
-
Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah
səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində
keçirən (müt’i bəndə kafirlə bildirmi)?! De: “Heç bilənlərlə bilməyənlər
(alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən)
yalnız ağıl sahibləri ibrət alar!”
-
(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim iman gətirən
bəndələrim! Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənlərə (axirətdə)
yaxşılıq (Cənnət) vardır. Allahın yeri genişdir (sizə bir çətinlik üz versə,
başqa ölkələrə hicrət edə bilərsiniz). Yalnız (dünyada Allah yolunda
çətinliklərə) səbr edənlərə (axirətdə) saysız-hesabsız mükafat
veriləcəkdir!”
-
De: “Mənə dini (itaəti) məhz Allaha məxsus edərək yalnız Ona ibadət etmək
əmr olunmuşdur!
-
Mənə (bu ümmətdən) ilk müsəlman olmaq buyurulmuşdur!”
-
De: “Əgər Rəbbimə asi olsam. . , doğrusu, böyük günün (müdhiş günün,
qiyamətin) əzabından qorxuram!”
-
De: “Mən Allaha dinimi (ibadət və itaətimi) yalnız Ona məxsus edərək (heç
bir şərik qoşmadan) tapınıram!
-
Siz də Ondan başqa istədiyinizə ibadət edin!” De: “Əsl ziyan çəkənlər
(axirəti əldən verənlər) qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı
olanları) ziyana uğradanlardır. Bax, açıq-aşkar ziyan budur!”
-
Onların üstlərində və altlarında oddan sipər (kölgəlik) vardır. Allah Öz
bəndələrini bununla (bu əzabla) qorxudur. Ey bəndələrim! Məndən qorxun!
-
Tağuta (Şeytana, bütlərə) ibadət etməkdən çəkinib tövbə edərək Allaha tərəf
qayıdanları müjdə gözləyir. (Ya Peyğəmbər!) Bəndələrimə (Cənnətlə) müjdə
ver!
-
O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə)
uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də
elə onlardır!
-
(Ya Peyğəmbər!) Məgər sən haqqında (lövhi-məhfuzda) əzab sözü (hökmü) vacib
olmuş kimsəni (qoruya bilərsənmi)?! Məgər sən Cəhənnəmdə olanı qurtara
bilərsənmi?!
-
Lakin Rəbbindən qorxanları (Cənnətdə) bir-birinin üstündə tikilmiş otaqlar
(behiştin yüksək məqamları) gözləyir. Onların altından çaylar axar. Bu,
Allahın və’didir. Allah və’də xilaf çıxmaz!
-
(Ya Peyğəmbər!) Məgər Allahın göydən yağış yağdırdığını, onu yer üzündəki
bulaqlara axıtdığını, sonra onunla növbənöv əkin yetişdirdiyini
görmürsənmi?! Sonra o (əkin) quruyar, sən onu saralmış görərsən. Sonra da
(Allah) onu çör-çöpə döndərər. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər
vardır!
-
Məgər Allahın köksünü (qəlbini) islam üçün açmaqla Rəbbindən nur üzərində
olan kəs (qəlbi möhürlənmiş kimsə kimi ola bilərmi)?! [Və ya: Məgər Allahın
köksünü (qəlbini) islam üçün açdığı kəs Rəbbindən bir nur üzərində
deyilmi?!] Elə isə vay qəlbləri Allahın zikrinə (Qur’ana) qarşı sərt
olanların halına! Onlar (haqq-yoldan) açıq-aydın azmışlar.
-
Allah sözün ən gözəlini (Qur’anı, ayələri) bir-birinə bənzər, (xəbərləri və
hekayətləri, əmrləri və qadağanları, və’dləri və təhdidləri) təkrarlanan bir
kitab şəklində nazil etdi. Ondan (Qur’anın təhdidlərindən) Rəbbindən
qorxanların tükləri biz-biz olar. Allahın zikrindən (öyüd-nəsihətlərindən,
və’dlərindən) sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu (Qur’an)
Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın (küfr
edəcəyini əzəldən bildiyi üçün) yoldan çıxartdığı kimsəyə isə heç bir yol
göstərən olmaz!
-
Məgər qiyamət günü (əli bağlı olduğu üçün) şiddətli əzabdan üzü ilə qorunan
(yaxud cəhənnəm oduna üzüstə atılan kəs əzabdan əmin olan və ya Cənnətə
daxil olan kimsə kimi ola bilərmi)?! Zalımlara (kafirlərə): “Etdiyiniz
əməllərin cəzasını dadın!” – deyilər.
-
Onlardan (Məkkə müşriklərindən) əvvəlkilər də (peyğəmbərləri) təkzib
etmişdilər. Buna görə də heç özləri bilmədikləri yerdən onlara əzab
gəlmişdi.
-
Allah rüsvayçılığı onlara dünyada daddırdı. Axirət əzabı isə daha
şiddətlidir. Kaş biləydilər!
-
Biz bu Qur’anda insanlar üçün hər çür məsəl çəkdik ki, bəlkə, öyüd-nəsihət
qəbul etsinlər!
-
Biz (onlara) nöqsansız-qüsursuz (heç bir əyri-üyrülüyü, dolaşıqlığı olmayan)
ərəbcə bir Qur’an nazil etdik ki, Allahdan qorxub pis əməllərdən
çəkinsinlər.
-
Allah (müşriklərlə müvəhhid mö’minlər barəsində) bir məsəl çəkir: “Bir
adamın (kölənin) bir-biri ilə çəkişən (pis xasiyyətli) bir neçə şərikli
ağası var (hərəsi onu haqqı çatan qədər işlədir). Başqa bir adamın da yalnız
bir ağası var (təkcə ona xidmət edir). Onların hər ikisi vəziyyətcə eyni ola
bilərmi?! Həmd (şükür və tə’rif) ancaq Allaha məxsusdur, lakin onların
(müşriklərin) əksəriyyəti (bu həqiqəti) bilməz!
-
(Ya Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!
-
Sonra siz qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz.
-
Allaha qarşı yalan uydurub söyləyən (Allaha övlad isnad edən, Onun şərikləri
olduğunu deyən), özünə gələn həqiqəti (Qur’anı, peyğəmbəri) təkzib edən
kimsədən daha zalım kim ola bilər? Məgər Cəhənnəmdə kafirlər üçün yer
yoxdur?! (Əlbəttə, vardır!)
-
Haqqı (Qur’anı) gətirən və onu təsdiq edənlər (Peyğəmbər və mö’minlər) isə
əsl müttəqilərdir.
-
Onlar üçün Rəbbinin dərgahında dilədikləri hər şey vardır. Yaxşı işlər
görənlərin mükafatı budur!
-
Allah (bununla) onların etdikləri ən pis işlərin üstünü örtəcək və
gördükləri ən yaxşı işlərə görə onları mükafatlandıracaqdır (yaxud etdikləri
əməllərin ən gözəl mükafatını verəcəkdir).
-
(Ya Peyğəmbər!) Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar (müşriklər)
isə səni Ondan qeyriləri (öz bütləri, tanrıları) ilə qorxudurlar. Allahın
yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz.
-
Allahın doğru yola saldığı kimsəni də heç kəs yoldan çıxarda bilməz. Məgər
Allah (mülkündə hər şeyə qalib olan) yenilməz qüvvət sahibi, intiqam sahibi
deyilmi?!
-
Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?!” – deyə
soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər. (Ya Peyğəmbər!) De: “Elə
isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq (sıxıntı
vermək) istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz (bütlər, tanrılar)
Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: “Əgər Allah mənə bir
mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!” De:
“Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül
edərlər!”
-
De: “Ey qövmüm! Siz özünüzə uyğun tərzdə işinizi görün, mən də özümə münasib
şəkildə işimi görəcəyəm (və ya siz əlinizdən gələni edin, mən də əlimdən
gələni edəcəyəm). Siz mütləq biləcəksiniz ki,
-
Rüsvayçı əzab kimə gələcək, kim həmişəlik əzaba düçar olacaqdır!”
-
(Ya Peyğəmbər!) Biz Kitabı (Qur’anı) insanlar üçün sənə haqq olaraq nazil
etdik. Kim doğru yolda olsa, özü üçün (öz xeyrinə) olar. Kim (haqq yoldan)
çıxsa, zərəri özünə yetişər. Sən onlara vəkil deyirsən!
-
Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman,
ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki
yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə
hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu
bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Digər
(ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək
(əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar.
Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın hər şeyə qadir olmasına,
qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır!
-
Yoxsa onlar (müşriklər) Allahdan qeyrilərini (bütləri) şəfaətçi etdilər? (Ya
Peyğəmbər!) De: “Onlar heç bir şeyə malik olmadıqları və heç bir şey
qanmadıqları halda (şəfaətmi edəcəklər)?!”
-
De: “Bütün şəfaət yalnız Allaha məxsusdur. Göylərin və yerin hökmü Onun
əlindədir. Sonra siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!”
-
Allah tək olaraq anıldığı (la ilahə illallah deyildiyi) zaman axirətə
inanmayanların qəlbləri nifrətlə dolar. Ondan (Allahdan) başqaları (bütlər,
tanrılar) yad edildiyi zaman isə onları dərhal sevinc bürüyər.
-
De: “Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah!
Bəndələrin arasında ixtilafda olduqları (məsələlər) barəsində Sən hökm
edəcəksən!”
-
Yer üzündə nə (sərvət) varsa, hamısı, üstəlik bir o qədər də kafirlərin
olmuş olsaydı, mütləq onun qiyamət gününün pis əzabından qurtarmaq üçün
fidyə verərdilər (lakin onlardan fidyə qəbul olunmaz). Və (o zaman) Allahdan
onlara güman etmədikləri (gözləmədikləri əzab) görünəcəkdir.
-
Onlara (dünyada) etdikləri pis əməllərin cəzası (pis nəticəsi) görünəcək və
istehza etdikləri (əzab) onları saracaqdır!
-
İnsana bir zərər toxunduğu (sıxıntı üz verdiyi) zaman Bizə dua edər. Sonra
dərgahımızdan ona bir ne’mət ə’ta etdikdə: “Bu mənə yalnız biliyimə
(ticarətdən, qazanc işlərindən başım çıxdığına) görə verilmişdir!” – deyər.
Xeyr, bu bir imtahandır, lakin onların (insanların) əksəriyyəti (cahilliyi
üzündən bunu) bilməz!
-
Şübhəsiz ki, bu sözü onlardan (Məkkə müşriklərindən) əvvəlkilər (keçmiş
ümmətlər) də demişdilər. Lakin qazandıqları (dünya malı) onlara heç bir
fayda vermədi (əzabı onlardan dəf edə bilmədi).
-
Onlar etdikləri pis əməllərin cəzasına düçar oldular. Bunların (Məkkə
müşriklərinin) zülm edənləri də qazandıqları günahların cəzasına düçar
olacaqlar. Onlar (Allahı) aciz buraxan deyillər (qaçıb canlarını əzabımızdan
qurtara bilməzlər).
-
Məgər onlar hələ də bilmirlərmi ki, Allah istədiyinin ruzisini artırar,
(istədiyininkini də) azaldar. Həqiqətən, bunda iman gətirən bir qövm üçün
ibrətlər vardır!
-
(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə)
özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz
olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O
bağışlayandır, rəhm edəndir!
-
(Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun.
Sonra sizə heç bir kömək olunmaz!
-
Qəfil əzab özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən
sizə nazil edilmiş ən gözəl sözə (Qur’ana) tabe olun!
-
(Elə edin ki, sonradan) bir kəs: “Allaha itaət barəsində etdiyim təqsirlərə
görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, Qur’ana, Peyğəmbərə və
mö’minlərə) istehza edirdim!” – deməsin.
-
Yaxud: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən
olardım!” – söyləməsin.
-
Və ya əzabı gördüyü zaman: “Kaş bir dəfə də (dünyaya) qayıda biləydim; yaxşı
işlər görənlərdən olardım!” – deməsin!
-
(Onun bu sözlərinin cavabında Allah belə buyurar: ) “Xeyr, Mənim ayələrim
sənə gəlmişdi, amma sən onları yalan saydın, (iman gətirməyə) təkəbbür
göstərdin və kafirlərdən olsun!”
-
(Ya Peyğəmbər!) Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin
üzlərini qapqara görərsən. Məgər təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer
yoxdur?! (Əlbəttə vardır!)
-
Allah müttəqilərə imanlarına (fəzilətlərinə, dünyada qazandıqları uğurlara)
görə nicat verər. Onlara pislik (cəhənnəm əzabı) toxunmaz və onlar qəm-qüssə
də görməzlər.
-
Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir!
-
Göylərin və yerin açarları (ixtiyarı) Onun əlindədir. Allahın ayələrini
inkar edənlər – məhz onlar ziyana uğrayanlardır!
-
De: “Ey cahillər! (Bütün bunlardan sonra) mənə Allahdan başqasınamı ibadət
etməyi əmr edirsiniz?”
-
(Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy
olunmuşdur: “Əgər (Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq
ziyan çəkənlərdən olacaqsan!
-
Xeyr, yalnız Allaha ibadət et və (Onun ne’mətlərinə) şükür edənlərdən ol!”
-
(Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər (uca tutmadılar). Halbuki
qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ
əli ilə büküləcəkdir (yerin də, göyün də hökmü ancaq Allahın əlindədir,
bütün kainat Allahın qüdrətinə tabedir). (Allah müşriklərin Ona) aid
etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!
-
Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi
kimsələrdən (Cəbrail, Mikail, Əzrail və İsrafildən, yaxud ərşi daşıyan
mələklərdən və ya müsəlman şəhidlərindən) başqa, dərhal hamı yıxılıb öləcək.
Sonra bir daha çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə)
müntəzir olacaqlar!
-
Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab (ortaya) qoyulacaq (hərənin əməl
dəftəri öz əlinə veriləcəkdir), peyğəmbərlər və şahidlər (əməlisaleh
insanlar və ya mələklər araya) gətiriləcək, onlar (bəndələr) arasında
ədalətlə hökm olunacaq və onlara haqsızlıq edilməyəcəkdir!
-
Hər kəs öz əməlinin cəzası (əvəzi) veriləcəkdir! Allah onların nə
etdiklərini ən yaxşı biləndir!
-
Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun
qapıları açılacaq və cəhənnəm gözətçiləri onlara deyəcəklər: “Məgər sizə öz
içərinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla
qorxudan peyğəmbərlər gəlməmişdi?” Onlar isə: “Bəli (gəlmişdi), lakin əzab
sözü (əzab hökmü biz) kafirlər barəsində vacib oldu!” – deyə cavab
verəcəklər.
-
(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada
əbədi qalmaq üçün!” (İman gətirməyə) təkəbbür göstərənlərin məskəni necə də
pisdir!
-
Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora
çatınca onun qapıları açılacaq və (cənnət) gözətçiləri (onlara): “Salam
əleykum! (Sizə salam olsun!) Xoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil
olun!” – deyəcəklər.
-
Onlar isə: “Bizə verdiyi və’dini yerinə yetirmiş və bizi bu yerə varis etmiş
Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. (Dünyada
yaxşı) əməllər edənlərin mükafatı necə də gözəldir!” – deyəcəklər.
-
(Ya Peyğəmbər!) Mələkləri də ərşi (hər tərəfdən) əhatə edərək Rəbbini
həmd-səna ilə təqdis edən görəcəksən. Onların (bütün məxluqatın) arasında
ədalətlə hökm olunacaq (mö’minlər Cənnətə, kafirlər Cəhənnəmə gedəcək) və
(mələklərlə mö’minlər tərəfindən bir ağızdan): “Aləmlərin Rəbbi olan Allaha
həmd olsun!” – deyiləcəkdir!
Geri qayıt